Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-715/2025 21.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Quliyeva Aidə Binyamin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 yanvar 2015-ci il tarixində Finca Azerbaijan MMC-nin Ağdaş filialı ilə aralarında zaminlik müqaviləsi bağlayaraq Cavabdeh götürdüyü kredit məbləğinə zamin olmuşdur. Müqavilə bağlanarkən cavabdeh təcili pula ehtiyacı olduğunu bildirərək kredit almaq üçün müqavilə üzərində bir zaminə ehtiyacının olduğunu bildirmişdir. Aldığı krediti də özünün bağladığı kredit müqaviləsi üzrə hər ay ödəyəcəyini və zaminlik müqailəsinin ona heç bir maddi ziyanının olmayacağını bildirsə də, ancaq cavabdeh nə kredit təşkilatına, nədəki ona verdiyi vədə əməl etməmişdir. Qısa müddətdən sonra cavabdeh üzərinə düşən öhdəliyi ödəmədiyi üçün həmin borc zaminlik müqaviləsinə əsasən onun təqaüdündən tutulmağa başlanıldı. Çox təəssüf ki, o cavabdeh tərəfindən aldadıldığını, ona olan etibardan sui-istifadə etdiyini bu zaman anlamışdır. Cavabdehin özü işlədiyi və əmək haqqı aldığı halda dəfələrlə maddi vəziyyətinin ağır olduğunu, aldığı borcunu özünün əmək haqqı ilə ödəməsini bildirsə də hər dəfəsində öz borcunu ödəyəcəyi barədə yalan vədlər verərək onu aldatmışdır. Cavabdeh borcunu ödəmədiyi üçün də kredit təşkilatı tərəfindən məhkəməyə verilmişdir. Bugünədək Ağdaş Rayon Məhkəməsinin qərarı ilə cavabdehin kredit təşkilatına olan borcunun xeyrinə onun təqaüdündən təqribən 2500 (iki min beş yüz) manat məbləğində pul tutulmuşdur. Cavabdeh həmin tutulan puldan ona olan borcundan bir dəfə 1000 manat, 1 dəfə də 163 manat verməklə, həmçinin 30 manat dəyərində iki kiloqram hind quşu verərək, ümumilikdə 1356 manal pulundan qaytarmış, yerdə qalan borcunu ödəməkdən boyun qaçırnışdır. Hazırda o cavabdehin borcuna görə 1144 (min yüz qırx dörd) manat təqaüd pulundan məhrum olmuşdur. Cavadehin xeyrinə təqaüdündən tutulmuş puldan, cavabdehin qalan borcundan 1144 (min yüz qırx dörd) manat məbləğində pulun, hüquqi xidmət üçün ödədiyi 110 manat xərcin və ödənilmiş 31 manat dövlət rüsumunun cavadeh Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh “Finca Azərbaycan” MM QBKT-dən 2200 manat məbləğində kredit almışdır. 23 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh ilə “Finca Azərbaycan” MM QBKT arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə zaminlik müqaviləsi bağlanılmışdır. Ağdaş Rayon Məhkəməsinin 29 iyun 2016-cı il tarixli, 2(014)-836/2016 nömrəli qətnaməsindən görünür ki, əsas borc üzrə 2106 manat, faiz borcu üzrə 595 manat, cərimə borcu üzrə 98,87 manat olmaqla cəmi 2799,97 manat borc və 20 manat dövlət rüsumu Cavabdeh və İddiaçı alınaraq “Finca Azərbaycan” MM QBKT-yə ödənilməlidir. 11 iyun 2025-ci il tarixli, 436/2025 nömrəli “Finca Azərbaycan” MM QBKT-nin məktubundan görünür ki, 23 yanvar 2015-ci il tarixli müaviləsinə əsasən yaranmış borca görə 2524 manat pul vəsaiti ödənilmişidir. ********** əməliyyat nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Məmmədov Fəqan dağlar oğlunun kart hesabına 110 (yüz on) manat xidməthaqqı ödəmişdir. ********** nömrəli qəbzdən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək üçün 31,50 (otuz bir manat əlli qəpik) dövlət rüsumu ödəmiş, ondan 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 23 yanvar 2015-ci il tarixli kredit müaviləsinə əsasən Cavabdeh “Finca Azərbaycan” MM QBKT-dən 2200 manat məbləğində kredit almışdır. Həmin müqavilənin təminatı kimi İddiaçı ilə “Finca Azərbaycan” MM QBKT arasında 23 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Ağdaş Rayon Məhkəməsinin 29 iyun 2016-cı il tarixli, 2(014)-836/2016 nömrəli qətnaməsinə əsasən Cavabdeh və İddiaçı müştərək qaydada əsas borc üzrə 2106 manat, faiz borcu üzrə 595 manat, cərimə borcu üzrə 98,87 manat olmaqla cəmi 2799,97 manat borc və 20 manat dövlət rüsumu alınaraq “Finca Azərbaycan” MM QBKT-yə ödənilməsi qət edilmiş və bundan sonra İddiaçı təqaüdündən tutulmalar həyata keçrilmişdir. Hazırda İddiaçı onun təqaüdündən Cavabdeh “Finca Azərbaycan” MM QBKT qarşısından olan borcuna görə tutulmuş borcun Cavabdeh tərəfindən ona qaytarılmamış 1144 manat hissəsinin tutularaq ona qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 453.1. Kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir. 453.2. Əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər. 453.3. Əgər kreditorun əsas borcluya tələbi əsas borclunun qarşılıqlı tələbinin əvəzləşdirilməsi yolu ilə ödənilə bilərsə, kreditor bu tələbin ödənilməsini subsidiar məsuliyyət daşıyan şəxsdən tələb edə bilməz. 453.4. Subsidiar məsuliyyət daşıyan şəxs kreditorun ona qarşı irəli sürdüyü tələbi ödəyənədək bu barədə əsas borclunu xəbərdar etməlidir, həmin şəxsə qarşı iddia irəli sürüldükdə isə əsas borclunu işdə iştiraka cəlb etməlidir. Əks halda əsas borclu subsidiar məsuliyyət daşıyan şəxsin reqres tələbinə qarşı kreditorun tələblərinə qarşı olan etirazlarını irəli sürmək hüququna malikdir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə görə zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.4-cü maddəsinə görə zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulduğu halda, zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə dayandırılır. 475.1-cü maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, hazırki halda İddiaçı 23 yanvar 2015-ci il tarixli kredit müaviləsinə əsasən Cavabdeh “Finca Azərbaycan” MM QBKT qarşısında olan borcunu tam ödəyərək icra etdiyindən onun Cavabdeh qarşı həmin ödənilmiş məbləğin geriyə tələb hüququ vardır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı tələbi əsaslı olduğundan onun məhkəməyə müraciət etmək üçün çəkdiyi xərclər də cavabdehdən alınaraq ona ödənilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1144 (bir min bir yüz qırx dörd) manat pulun, hüquqi xidmət üçün ödənilmiş 110 (bir yüz on) manat pulun və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi olan pulun alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1144 (bir min bir yüz qırx dörd) manat pulun, hüquqi xidmət üçün ödənilmiş 110 (bir yüz on) manat pulun və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi olan pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-715/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-715/2025
21.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver