Məhkəmə qərarları › İş №2(014)-727/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-727/2025

02.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-727/2025 02.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X1 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4370 manat borcun, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 64,10 (altmış dörd manat, on qəpik) manat dövlət rüsumu, cəmi 4434,10 (dörd min dörd yüz otuz dörd manat, on qəpik) manat pulun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh beş il bundan əvvəl məhəllədən tanıdığı Kamilənin və qızı Südabənin vasitəsi ilə tanımışdır. Həmin vaxt cavabdeh ona borc pul lazım olduğunu bildirmişdir. O, müxtəlif vaxtlarda, hətta başqa şəxslərdən borc alaraq 3000 manat və 1500 manat olmaqla, cəmi 4500 manat məbləğində pulu Cavabdeh borc olaraq vermişdir. Cavabdeh borcunu bir ay müddətində qaytarmağa söz versə də, verdiyi vədə əməl etməmiş, borcunu qaytarmadan Azərbaycan Respublikasının hüdudlarını tərk edərək çıxıb getmişdir. Dəfələrlə borcunu ödəməsini tələb etsə də, Anar Əliyev ona olan borcundan Rusiya Federasiyasından 150 manat poçt vasitəsi ilə göndərmiş, qalan borcunu qaytarmamışdır. Son olaraq Rusiyadan qayıtması üçün ondan əlavə 500 manat məbləğində borc istəmiş, ondan aldığı ümumi borcunu Azərbaycana qayıdıb, işləyib qaytaracağına söz vermişdir. Lakin Azərbaycana qayıtdıqdan sonra cəmi 430 manat ödəniş etsə də, yenə də vədinə əməl etməmiş, borcunu qaytarmamışdır. Cavabdeh onu aldadaraq, özünə məxsus əmlakı mənimsəyərək dələduzluq hərəkətlərinə yol verdiyi üçün məcburiyyət qarşısında qalaraq Ağdaş rayon Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh Ağdaş rayon Polis Şöbəsində verdiyi izahata əsasən ondan aldığı borcu etiraf etmiş, 5000 manat məbləğində borcundan 2024-cü ilin dekabr ayınadək 150 manat, 430 manat, 28 dekabr 2024-cü il tarixdə 50 manat ödəniş etsə də qalan 4370 (dörd min üç yüz yetmiş) manat borcunu bu günədək ödəməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh tanışlarının vasitəsi ilə tanımışdır. Cavabdeh ona borca pul lazım olduğunu bildirmiş, o da başqa şəxslərdən 3000 manat və 1500 manat olmaqla, cəmi 4500 manat məbləğində borc pul alaraq Cavabdeh borc olaraq vermişdir. Cavabdeh borcu bir ay müddətində qaytarmağa söz versə də, verdiyi vədə əməl etməmiş, borcunu qaytarmadan Rusiya Federasiyasına getmişdir. Cavabdehdən dəfələrlə borcunu ödəməsini tələb etsə də, Anar Əliyev ona olan borcundan Rusiya Federasiyasından 150 manat poçt vasitəsi ilə göndərmiş, qalan borcunu qaytarmamışdır. Son olaraq Rusiyadan qayıtması üçün ondan əlavə 500 manat məbləğində borc istəmiş, Azərbaycana qayıdıb, işləyib qaytaracağına söz vermişdir. Cavabdeh Azərbaycana qayıtdıqdan sonra cəmi 430 manat ödəniş etmiş, qalan borcunu qaytarmamışdır. Bundan sonra o, Anarın bu hərəkətlərindən Ağdaş rayon Polis Şöbəsinə şikayət etmiş, hər ikisinin izahatları alınmışdır. Cavabdeh izahatında ondan aldığı borcu etiraf etmiş, 5000 manat məbləğində borcundan 2024-cü ilin dekabr ayınadək 150 manat, 430 manat, 28 dekabr 2024-cü il tarixdə 50 manat ödəniş etsə də qalan 4370 manat borcunu ödəməmişdir. Odur ki, qeyd olunanların nəzərə alınıb iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, o, İddiaçı gəlinlərinin vasitəsi ilə tanımışdır. O, işləmədiyi üçün maddi sıxıntıları olduğundan İddiaçı 1000 manat məbləğində borca pul almışdır. Həmin pulu hər ay 100 manat olmaqla ödəmiş, daha sonra yenə də pula ehtiyacı olduğundan müxtəlif vaxtlarda 1000 manat, 200 manat, 200 manat olmaqla, ümumilikdı 1400 manat məbləğində pul götürmüş, həmin pulun faizlərini ödəmişdir. İşləmək üçün Rusiya Federasiyasına getmək qərarına gəlmiş, yenə də pula ehtiyacı olduğundan İddiaçı 600 manat məbləğində pul almışdır. O, Rusiya Federasiyasına getmiş, 6 ay işlədikdən sonra onların əmək haqqları verilmədiyi üçün geri qayıtmaq istəmiş, lakin pulu olmadığından yenə də İddiaçı 500 manat məbləğində borc pul almışdır. İddiaçı ümumilikdə 2500 manat məbləğində pul götürmüşdür. Rusiyada olarkən ailə üzvlərinə pul göndərmiş və İddiaçı olan borcunun faizləri ödənilmişdir. Daha sonra işləmədiyi və borcu qaytara bilmədiyi üçün İddiaçı ondan Polis Şöbəsinə şikayət etmişdir. Polis Şöbəsində olarkən onun izahatı alınmış, lakin o, izahatında İddiaçı 4420 manat borcunun olmasını qeyd etməmişdir. Polis Şöbəsində vermiş olduğu izahatında qeyd olunan məbləğin rəqəmlə olan yazıları onun tərəfindən yazılmamışdır. Həmin vaxt məbləğin rəqəmlə olan hissəsi boş saxlanılmış, o, yalnız “dörd min dörd yüz iyirmi manat”məbləği söz olaraq özü yazmışdır. Ağdaş rayon Polis Şöbəsində izahatı alınarkən ona hər hansı təsir və ya təzyiq göstərilməmişdir. Cavabdeh daha sonra sualları cavablandıraraq bildirdi ki, o, İddiaçı ayrı-ayrı vaxtlarda 5000 manat deyil, 3700 manat pul almışdır. Həmin puldan 1800 manat qaytarmış, bu günkü günə İddiaçı 1900 manat borcu qalmışdır. Məhkəmə iclasında Şahid ifadəsində bildirdi ki, o, İddiaçı onun gəlinləri Afətin vasitəsi ilə tanımışdır. Pula ehtiyacı olduğu üçün Afətə müraciət etmiş, Afət də İddiaçı 1000 manat məbləğində pulu alaraq ona vermiş və onlar üzərində faiz olmaqla 1100 manat məbləğində pulu İddiaçı qaytarmışlar. Onlar ilk dəfə İddiaçı 3000 manat deyil, 1000 manat məbləğində pul almışlar. Məhkəmə, tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 63,70 (altmış üç manat, yetmiş qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. İddiaçı 16 dekabr 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-yə təqdim etdiyi ərizədən görünür ki, o, əvvəllər tanıdığı Cavabdeh ümumilikdə 5000 manat borc pul vermiş, lakin Anar Məmmədov qeyd edilən pulu qaytarmadığına görə sonuncunun barəsində tədbir görülməsini xahiş etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış 22 fevral 2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı 16 dekabr 2021-ci il tarixli müraciətinə Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsində baxılmış və onun müraciəti Azərbaycan Respublikası Mülki və Mülki Prosessual Məcəllələrinin tələblərinə əsasən məhkəmələrin səlahiyyətində olduğundan məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan başqa, İddiaçı 28 dekabr 2024-cü il tarixdə Ağdaş RPŞ-yə təqdim etdiyi ərizədən görünür ki, o, 2019-cu ildə ayrı-ayrı vaxtlarda Cavabdeh ümumilikdə 5000 manat borc pul vermişdir. Anar Məmmədov həmin puldan 2019-cu il tarixdə 150 manat, 2024-cü ildə 370 manatını qaytarmış, qalan 4480 manat pulu müxtəlif bəhanələr gətirərək qaytarmadığından onun barəsində tədbir görülməsini xahiş etmişdir. Ağdaş rayonu, Şəmsabad kənd sakini Cavabdeh tərəfindən Ağdaş rayon Polis Şöbəsinə yazılmış izahatın surətindən görünür ki, 2019-cu ildə Sumqayıt şəhərində yaşayan tanışı İddiaçı 3000 manat, 2 ay sonra 1500 manat faizə pul almışdır. Rusiya Federasiyasına getmiş və 2020-ci ildə Rusiyadan qayıtmaq üçün Rənadan əlavə 500 manat da almışdır. Ümumi borcdan 150 manatı Rusiyadan poçt vasitəsi ilə Rənaya göndərmişdir. 2024-cü ildə hissə-hissə olmaqla 430 manat ödəmişdir. Hal-hazırda onun Rənaya 4420 (dörd min dörd yüz iyirmi) manat borcu qalmışdır. Həmin pulu ödəməkdən imtina etmir. 2025-ci ilin dekabr ayının 25-nə kimi pulun hamısını ödəyəcəyinə söz vermişdir. Məhkəmə araşdırmasında da Cavabdeh İddiaçı borc pul almasını inkar etməmişdir. İddiaçı ilə cavabdehin arasında olan mübahisə yalnız 2019-cu ildə ilk dəfə götürülən pulun məbləğindədir. İddiaçı ilk dəfə cavabdehə 3000 manat borc pul verdiyini, Cavabdeh isə iddiaçıdan ilk dəfə 1000 manat pul aldığını bildirirlər. Lakin iş materiallarında olan İddiaçı istər 2021-ci ildə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə, istərsə də 2024-cü il tarixdə Ağdaş RPŞ-yə təqdim etdiyi ərizədən görünür ki, o, 2019-cu ildə ayrı-ayrı vaxtlarda Cavabdeh ümumilikdə 5000 manat borc pul vermişdir. Cavabdeh isə Ağdaş rayon Polis Şöbəsində ona hər hansı təsir və ya təzyiq olmadan şəxsən öz xətti ilə yazdığı izahatında 2019-cu ildə Sumqayıt şəhərində yaşayan tanışı İddiaçı 3000 manat, daha sonra isə ayr-ayrı vaxtlarda aldığı pulların cəmi 5000 manat təşkil etdiyini qeyd etmişdir. Göründüyü kimi Cavabdeh Ağdaş rayon X5 Məmmədovanın şikayətinə əsasən sonuncudan 2019-cu ildə ilk dəfə 3000 manat pul almasını etiraf etmiş, lakin məhkəmə iclasında bunun səbəblərini izah edə bilməmişdir. Həmçinin, cavabdeh iddiaçıdan pul almasını etiraf edib borcun bir hissəsini, yəni 1800 manat qaytarmasını, cavabdehə ümumilikdə 1900 manat borcu qalmasını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki bu, onun etirazının əsası olduğundan, bu hissədə - yəni borcun qaytarılması ilə bağlı sübutetmə yükü onun üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tərəf etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə öz etirazının əsaslarını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda cavabdehin iddia tələbinə bu hissədə etirazı əsaslı hesab edilə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid 2019-cu il tarixdə İddiaçı 3000 manat deyil, 1000 manat məbləğində pul almalarına dair ifadəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Şahid Cavabdeh arvadıdır və onun bu ifadəsi Cavabdeh üzərinə düşən öhdəlikdən azad edilməsi ilə bağlı verilmiş ifadədir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh müxtəlif vaxtlarda, ayrı-ayrılıqda 3000 manat, 1500 manat və 500 manat olmaqla, cəmi 5000 manat məbləğində pul vermişdir. Cavabdeh isə üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Belə ki, Cavabdeh həmin borcdan ümumilikdə 630 manat ödəniş etsə də, onun İddiaçı 4370 (dörd min üç yüz yetmiş) manat borcu qalmışdır. Hazırda iddiaçı cavabdehdən həmin pulun ona geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu baxımdan hazırkı mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Belə ki, bu iş üzrə hüquq münasibətlərinin yarandığı tarixdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinin redaksiyasına əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2 və 329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdehə verdiyi ümumi məbləğ 5000 manat təşkil etsə də, verilmiş hər bir məbləğ sonradan yaranmış yeni əsaslar və razılaşmalar üzrə olmuş, ayrı-ayrılıqda verdiyi hər bir borc məbləği isə 3000 manatdan çox olmamışdır. Bu da onlar arasında mövcud olmuş hüquq münasibətlərinin şifahi borc müqaviləsi əsasında yarandığını deməyə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırkı iş üzrə hüquq münasibətlərinin yarandığı tarixdə qüvvədə olan Mülki Məcəllənin 739-cu maddəsinin rediakiyasına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4370 manat məbləğində borc və 64,10 manat məbləğində dövlət rüsumu, cəmi 4434,10 (dörd min dörd yüz otuz dörd manat, on qəpik) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4370 manat məbləğində borc və 64,10 manat məbləğində dövlət rüsumu, cəmi 4434,10 (dörd min dörd yüz otuz dörd manat, on qəpik) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar