Məhkəmə qərarları › İş №2(014)-732/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-732/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-732/2024 12.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə bir neçə il bundan əvvəl tanımışdır. O, qrup yaradaraq öz aralarında həftəlik və aylıq lotereya oyunları təşkil edirdi. İddiaçı bir neçə dəfə onun təşkil etdiyi lotereya oyunlarında iştirak etmiş və aralarında heç bir problem olmamışdır.2023-cü ilin aprel ayında iddiaçı Türkiyədə olarkən cavabdeh ona zəng edərək bildirdi ki. növbəti həftəlik 100 manat olmaqla lotereya oyunu təşkil edir, iddiaçının lotereyanı almaq növbəsi may ayında olacaq. İddiaçı onunla razılaşdı və xx.xx.2023-cü ildə Türkiyədən Azərbaycan Beynəlxal Bankının Ağdaş filialına cavabdehin adına 2 həftəyə görə 200 manat pul göndərdi.Həmin ilin aprel ayının sonlarında cavabdeh ona zəng edərək aylıq 200 manat olmaqla yeni lotereya oyunu təşkil edib. Razı olarsa, onun növbəsi 2023-cü ilin avqust ayında olacaq. İddiaçı yenə də cavabdehlə razılaşdı və aprel ayının 28-də həmin bank vasitəsi ilə həftəlik və aylıq lotereya oyununa görə cəmi 300 manat pul göndərmişdir.Həmin lotereya oyunlarına görə iddiaçı 2023-cü ilin iyun ayının sonunadək hər iki oyuna görə cəmi 1200 manat (800 manat həftəlik. 400 manat isə aylıq) pul göndərmişdir. Sonuncu dəfə iddiaçı cavabdehə həftəlik oyuna görə pul göndərəndən sonra ona zəng edərək bildirdi ki, növbəyə görə pulunu may avında almalıdır. Onda cavabdeh bildirdi ki, ona kart hesabını göndərisin, pullar tam yığılan kimi iddiaçıya çatası məbləği hesabına köçürəcək. Lakin növbəti həftədən sonra cavabdeh iddiaçının pulunu hesabına körürmədi. Səbəbini soruşanda əvvəlcə dedi ki. “bir neçə dəfə pulu vermir. Onlardan da pulu alım, hamısını göndərəcəm. Yox əgər verməsələr sənin 1200 manat pulunu aylıq sənə göndərəcəm, mənə bir ay vaxt ver” İddiaçı qruplarda olanlardan kimi pulu verməməsini soruşanda dedi ki. sənin üçün nə fərqi var, pulunu verəcək. Verilən vəd başa çatandan sonra iddiaçı yenə cavabdehə zəng edib pulunu istəyəndə onunla sərt danışanı, hətta ona həqarət edərək pulunu qaytaracağını bildirdi. Sonuncu dəfə ona zəng edərək pulunu ondan tələb edəndə iddiaçı bir daha bildirdi ki. imkan olan kimi pulunu qaytaracaq. İddiaçı pulunu ondan məhkəmə qaydasında tələb edəcəyini barədə onu xəbərdar edəndə bildirdi ki, get nə bilirsən elə. Bütün bunlardan sonra cavabdeh iddiaçının pulunu dediyi qaydada iddiaçıya verməmiş, telefon zənglərinə. SMS bildirişlərinə bir daha cavab verməmişdir. İddiaçı cavabdehə lotereya oyunları ilə əlaqədar Türkiyə Respublikasından onun adına cəmi 1200 manat pul göndərməyi ərizəyə əlavə etdiyi qəbzlərlə, səs və SMS yazışmalarında tam sübut olunur.Göründüyü kimi, cavabdeh təşkil etdiyi lotereya oyunları üzrə aralarında yaranmış mübahisənin həll ilə əlaqədar öz üzərinə götürdüyü öhdəliyi pozmuş, lotereya oyunları adı ilə ondan aldığı 1200 manat pulu könüllü qaytarmaq istəmədiyindən iddiaçı ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Cavabdeh 1200 (bir min iki yüz) manat pulun məcburi qaydada alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, cavabdeh gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən iddiaçının və cavabdehin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan “WesternUnion” köçürmə sistemindən çıxarışından görünür ki, İddiaçı Cavabdeh 2013-cü ilin aprel-may aylarında ümumilikdə 1107,91 (min bir yüz yeddi manat doxsan bir qəpik) manat məbləğində pul göndərmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 32 (otuz iki) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı cavabdeh X1 “WesternUnion” köçürmə sistemi vasitəsi ilə 2023-cü ilin aprel-may aylarında 1107,91 manat məbləğində pul göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 1107,91 (min bir yüz yeddi manat, doxsan bir qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 1107,91 (min bir yüz yeddi manat, doxsan bir qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar