Məhkəmə qərarları › İş №2(014)-737/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-737/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-737/2023 02.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tanışı X1 vasitəsilə tanış olduğu və özünü Cavid adı ilə təqdim edən şəxs Cavabdeh Ayfon markalı mobil telefon almaq məqsədini biləndən sonra ona telefon vasitəsilə bildirmişdir ki, özünün istifadə etdiyi və Kapital Banka məxsus olan Bank Kartına 2000 (iki min) manat pul yükləyəndən sonra istədiyi və pulunu ödədiyi Ayfon markalı mobil telefon ona çatdırılacaq. O, Cavabdeh dediklərinə inanaraq, cavabdehin onun Vootçapına göndərdiyi Bank Kartına Bakı Şəhəri, Yasamal Rayonu, Şəhriyar küçəsi-6 ünvanındakı “Araz” marketin içərisində olan aparat vasitəsilə xx.xx.2022-ci il tarixdə 2000 (iki min) manat pul ödəmiş və qəbz də var. Bundan sonra həm onu cavabdehlə tanış edən X2, həm də cavabdehə həmin məbləğin göndərilməsi barədə məlumat vermiş və qəbzin fotosunu da göndərmişdir. Cavabında cavabdeh bildirmişdir ki, narahat olma sabah sənə zəng vurulacaq və sənin olduğun ünvana Ayfon markalı telefon gətirilib çatdırılacaq. Cavabdeh inanaraq gözləməyə başlamışdır, amma çox təəssüf ki, ona nə zəng olundu, nə də telefon gətirib verən oldu. Cavabdeh tərəfindən aldanıldığını anlayıb xx.xx.2022-ci il tarixdə aidiyyatı üzrə Bakı şəhəri,Yasamal rayon Polis İdarəsinin 28-ci X5 Ərizəsi ilə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə isə başda X3, çox hörmətli 1 Vitse- Prezidentə və əlaqədar qurum rəhbərlərinə ərizələr, teleqramlar ünvanlamışdır. Lap sonda cavabdehin Ağdaş rayonu, Maşad kəndində yaşayan atasına məktub yazıb göndərmişdir. Kərim adlı qardaşı ilə dəfələrlə telefon vasitəsilə əlaqə saxlamış, hətta Cavabdeh bir neçə dəfə onun mobil telefonuna 2023-cü ilin yanvar və fevral aylarında zəng vuraraq onun barəsində şikayətləri, müraciətləri dayandırmağı xahiş etmiş, onun halal 2000 (iki min) manat pulunu qaytaracağını da bildirmişdir. Amma bu dəfə də yalan danışan cavabdeh verdiyi özünə əməl etməmiş, onu növbəti dəfə aldatmışdır. Lakin həmin vaxtdan kifayət qədər vaxt keçməsinə baxmayaraq cavabdeh üzərinə düşən ödəliyi yerinə yetirməmiş, etibarından sui-istifədə edib dələduzluq yolu ilə 2000 (iki min) manat pulunu ələ keçirərək mənimsəmişdir. Bu isə onun hüquqlarının kobudcasına pozulması və haqqının tapdalanmasıdır. Bütün sivil vasitələrdən istifadə edərək cavabdehdən halal pulunu istəməyinə baxmayaraq cavabdeh onunla görüşməkdən ustalıqla yayınmış, telefon zənglərinə cavab verməmişdir. Cavabdehin Kərim adlı qardaşı ilə mütəmadi danışmağının da xeyri olmamısdır. Onu cavabdehlə tanış edən Elçin Hacıyev də pulunun qaytarılmasına kömək edə bilməmişdir. Ona qarşı cavabdeh tərəfindən planlı surətdə törədilmiş dələduzluq əməlinin tərkib hissəsi açıq-aşkar göründüyündən, başqa vətəndaşların da onun kimi etibarlarından sui-istifadə edərək əmlaklarını, pul vəsaitlərini ələ keçirib mənimsəməsin deyə Məhkəmədə cavabdeh barəsində Cinayət İşinin Başlanmasına dair Xüsusi Qərardad qəbul edilərək əlaqədar qurum rəhbərlərinə göndərilməsi üçün VƏSATƏT də təqdim edəcəyini bidirmişdir. Cavabdeh qeyd olunanlara baxmayaraq bu günə kimi ondan Ayfon markalı telefon satmaq adı ilə aldığı,ələ keçirərək mənimsədiyi 2000 (iki min) manat pulunu qaytarmamışdır və qaytarmaq fikrində də deyildir. Göründüyü kimi Mülki Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək üçün kifayət qədər hüquqi əsas vardır. Göstərilənlərə əsasən Ağdaş rayonu, Maşad kəndində pasportda qeydiyyatda olan və həmin ünvanda faktiki yaşayan Cavabdeh 2000 (iki min) manat məbləğində pulun və ödənilmiş 40 (qırx) manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.040 (iki min qırx) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılması və iddianın təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan qəbzin surətindən görünür ki, X7 2, Yasamal ray., Şəhriyar küç., 6-dan eManat ödəniş terminalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə saat 16:16-da Ə***** A***** E***** oğluna məxsus 540408******8483 nömrəli karta 2000 (iki min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşin materiallarında olan bir ədəd kartın fotoşəklindən görünür ki, "xxxx" ASC-yə aid 5404 0852 3847 8483 nömrəli hesab kartı Aykhan Alıyevə məxsusdur. İşin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli 540408******8483 nömrəli plastik kart hesabı ilə aparılan əməliyyatlara dair məlumatın surətindən görünür ki, xx.xx.2022-ci ildə terminal vasitəsi ilə 2000 (iki min) manat məbləğində pul karta mədaxil edilmişdir. İşin materiallarında olan Yasamal RPİ-nin İŞ-nin 17 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılmasından rədd edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı tanışı vasitəsi ilə tanıdığı Cavabdeh hesab nömrəsinə telefon almaq məqsədi ilə 2000 manat məbləğində pul vəsaiti köçürmüş, lakin cavabdeh iddiaçının etibarından sui-istifadə edərək nə söz verdiyi telefonu iddiaçıya göndərmiş, nə də onun hesabına köçürülmüş pulu geri qaytarmamışdır. Hazırda iddiaçı cavabdehdən həmin pulun ona geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi iddiaçı cavabdehlə aralarında şifahi alqı-satqı müqaviləsinin olduğunu bildirsə də, onlar arasında etibarlı alqı-satqı müqaviləsinin olmasını təsdiq edən heç bir sənəd yoxdur. Lakin işin faktiki halları ilə iddiaçının 2000 manat pul vəsaitinin cavabdehdə olması müəyyən edilmişdir. Yəni cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının pul vəsaitini özündə saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh tələb olunan 2000 (iki min) manat məbləğində pul və 40 (qırx) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçının xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh tələb olunan 2000 (iki min) manat məbləğində pul və 40 (qırx) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçının xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar