Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-77/2023 13.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Alimentin miqdarının dəyişdirilməsi (artırılması)” tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Alimentin miqdarının dəyişdirilməsi (artırılması)” tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh onunla birgə nikahlarından 14 fevral 2004-cü il tarixdə doğulmuş X4 və 21 sentyabr 2005-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində hər birinə 110 manat olmaqla cəmi 220 manat alimentin tutulması qət edilmişdir. Uşaqlardan 14 fevral 2004-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatmışdır və hazırda həqiqi hərbi xitmətdədir. Hazırda özü heç yerdə işləmədiyindən bir nəfər uşaq üçün məhkəmə qətnaməsi ilə qət edilmiş alimentin miqdarı az olduğundan uşağın saxlanılmasında, yəni sağlam böyüməsində, qidalanmasında, təhsilində və vaxtlı-vaxtında müayinə və müalicə olunmasında, eləcə də şərait dəyişdiyindən bir çox çətinliklərlə üzləşir ki, bütün bunlar da onun ağır olan maddi vəziyyətini dahada ağırlaşdırır. Lakin cavabdeh bütün bunları nəzərə almayaraq fərdi əməklə məşğul olmasına və gəlirinin yüksək olmasına baxmayaraq hər uşaq üçün 110 manat ödəməklə öz valideynlik vəzifəsini yerinə yetirmiş hesab edir. Bununla da o, uşaqların saxlanılmasında göstərdiyi və üzlədiyi çətinliklərin aradan qaldırılması üçün könüllü əlavə yardım göstərməkdən yayınır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş elimentin artırılması ilə bağlı Mediasiya sessiyasında iştirak etmək üçün gəlmədiyindən və alimentin artırılmasına münasibət bildirmədiyinə görə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Ona görə də alimentin miqdarı ilə əlaqədar cavabdehlə aralarında yaranmış mübahisənin həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentinin miqdarının dəyişilərək, yəni artırılaraq sabit pul məbləğində müəyyən edilməsinə zərurət yaranmışdır. Buna görə də ünvan 1 ünvanda yaşayan Cavabdeh onunla birgə nikahlarından 21 sentyabr 2005-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ağdaş Rayon Məhkəməsinin 2(014)-829/2019 nömrəli 11 aprel 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, yən artırılaraq həmin uşağın 18 yaşına çayan kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yaşayan Cavabdeh onunla birgə nikahlarından 21 sentyabr 2005-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ağdaş Rayon Məhkəməsinin 2(014)-829/2019 nömrəli 11 aprel 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, yən artırılaraq həmin uşağın 18 yaşına çayan kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, 2019-cu ildən 110 manat aliment ödəyir. İddiaçı iş üzrə onun hər hansı qazancının və gəlirinin olduğuna dair məhkəməyə hər hansı sübutlar təqdim etməmişdir. Ona görə ki, onun heç bir normal qazancı və ya gəliri yoxdur. O, ümumiyyətlə rəsmi və ya qeyri-rəsmi olaraq heç bir daimi qazanc və gəlir gətirən işlə məşğul deyil, heç bir yerdə işləmir. Bəzi hallarda şəxsi işini təklif edən olduqda əsasən günəmuzd qazancı ola bilir. Doğrudur uşağın saxlamağı ilə əlaqdar ailə qanunvericiliyinə əsasən üzərinə düşən vəzifəsini dərk edir. Bunun üçün hər cür daimi işdə işləmək istəyi olmasına baxmayaraq onun eyni ilə məşğulluq probleminə, işlə təmin olunmaq və özünü, ailə üzvlərini saxlamaq üçün müvafiq qazanc gətirən fəaliyyətlə məşğul olmağa dair hüququna heç bir təminat və əhəmiyyət verən yoxdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, uşağın saxlanılması vəzifəsini uşağın hər iki valideyni eyni dərəcədə və bərabər daşıyırlar. Hzırda o, başqa qadınla ailə həyatı quraraq yaşayır. Həmin şəxsdən başqa himayəsində pensiyaçı olan qoca anasıda vardır ki, onlar da onun maddi köməkliyi ilə yaşamağa məcburdular. Buna görə də birgə nikahlarından xx.xx.2005-ci ildə anadan olmuş Cavidan adlı uşaqlarının 18 yaşına çatana kimi saxlanılası üçün 2019-cü ildə təyin olunmuş alimentin artırılaraq hər ay 193 manat məbləğində müəyyən edilməsinə dair İddiaçı iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində gödtəriənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək etiraz ərizənisində göstərilənlərə uyğun izahat verərək maddi imkanın olduqca zəif olduğu üçün tələb edilən alimenti ödəmək ixtiyarında olmadığını, buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 14 fevral 2004-cü il tarixdə doğulmuş X4 və 21 sentyabr 2005-ci il tarixdə doğulmuş X1 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MŞŞ/1/01168 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(014)- 829/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəmə müraciət etmiş, iddiası qismən təmin edilərək Ağdaş Rayon Məhkəməsinin 27 fevral 2014-cü il tarixli, 2(014)- 270/2014 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə iki uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 14 fevral 2004-cü il tarixdə doğulmuş X4 və 21 sentyabr 2005-ci il tarixdə doğulmuş X3 18 yaşına çatana qədər onların saxlanılması üçün İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 110 manat, cəmi 220 manat alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimenti ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2023-cü ildən uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli plenum qərarından görünür ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşaqların mənafeyi və 01 yanvar 2023-cü il üçün uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə 21 sentyabr 2005-ci il tarixdə doğulmuş X1 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 150 manat aliment tutulmalıdır. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli Plenum Qərarı nəzərə alınaraq aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə uşağın saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 21 sentyabr 2005-ci il tarixdə doğulmuş X1 18 yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay 150 (yüz əlli) manat aliment tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-77/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-77/2023
13.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver