Məhkəmə qərarları › İş №2(014)-80/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-80/2022

15.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-80/2022 15.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci ildə Ağdaş rayonunun Hapıtlı kəndində anadan olmuş, hal-hazırda da Mingəçevir şəhərində yaşayır. 08 avqust 2021ci il tarixdə saat 20:40 radələrində idarə etdiyi “VAZ-21099” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonundan Mingəçevir şəhərinə gələrkən Bakı-Qazax yolunun 261,3 kilometrliyində hərəkətdə olan zaman beton arakəsmənin arasından çıxan bir baş iri buynuzlu inək ona məxsus avtomaşının qarşısına çıxmış və nəticədə onunla toqquşmuşdur. Baş vermiş hadisə nəticəsində o və maşında sərnişin kimi əyləşmiş arvadı xəsarət almamışlar. Lakin idarə etdiyi avtomaşın yararsız hala gəlmiş və xeyli maddi ziyan dəymişdir. Maşının təmir xərci və ustaya aparılması xeyli pul tələb etmişdir. Cavabdeh sözügedən inzibati xəta nəticəsində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kimi tanınmış və protokol tərtib edilmişdir. Sözügedən inəyin sahibi olan Cavabdeh hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Ona cavabdehin hərəkətləri nəticəsində 1538 manat ziyan dəymişdir. Lakin cavabdeh indiyə kimi həmin puldan heç bir ödəniş etməmişdir. Ona maddi ziyan vurmaqla bərabər işi ilə əlaqədar daim maşına ehtiyacı olduğu üçün və bu imkandan məhrum olduğu üçün ona bir daha maddi və mənəvi ziyan vurmuşdur. Halbuki, onun maşınsız olmağı onun hər gün əlavə pul xərcləməyə vadar edir. Ona dəymiş ziyanın ödənilməsini istəyir. Bundan əlavə cavabdehin hərəkəti nəticəsində o, sarsıntı keçirmişdir. Əsəblərini müalicə etdirmişdir. Bunun nəticəsində cavabdeh tərəfindən ona heç bir ziyan ödənilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh 1538 (min beş yüz otuz səkkiz) manat məbləğində maddi ziyanın, 30 (otuz) manat dövlət rüsumunun, 48,96 (qırx səkkiz manat doxsan altı qəpik) manat ziyan aktının (smetanın) dəyəri, 1000 (min) manat əldən çıxmış faydanın, 10000 (on min) manat mənəvi ziyanın, cəmi 12616,96 (on iki min iki yüz on altı manat doxsan altı qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, bir baş iribuynuzlu malı nəzarətsiz buraxmışdır. Bunun nəticəsində mal iddiaçının yoluna çıxmış və onun avtomobili ilə toqquşmuşdur. Lakin onun maddi imkanı pisdir. Maddi ziyanı ödəməyə imkanı yoxdur. Əksinə, qəza nəticəsində heyvanı da ölmüşdür. Buna görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 27.08.2021-ci il tarixli nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair smetadan (haqqı-hesab) görünür ki, **-MC-*** qeydiyyat nömrə nişanlı “VAZ 21099” markalı avtomobilə 1538 manat ziyan dəymişdir. İşin materiallarında olan 19.05.2021-ci il tarixli, AE 080115 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21099” markalı, **-MC-*** qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı məxsusdur. İşin materiallarında olan DİN-in 16.09.2021-ci il tarixli, ******* saylı arayışından görünür ki, Hüseynov X1 şəhəri, V.Abdullayev küçəsi, ev 6, mənzil 33-də qeydiyyatdadır. İşin materiallarında olan 10.09.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 07.10.2021-ci il tarixli, 3(014)- 371/2021 saylı qərarından görünür ki, Cavabdeh İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16.02.2022-ci il tarixli, 9/9278 saylı rəyindən görünür ki, işin materiallarında olan "xxxx" MMC-nin 27.08.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “VAZ 21099” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixinə 1388 manat müəyyən edilir. İşin materiallarında olan 28.08.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" MMCyə 48,96 manat xidmət haqqı ödəmişdir. İşin materiallarında olan 16.09.2021-ci il tarixli ********* saylı mədaxil qəbzdən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 08.08.2021-ci il tarixdə cavabdehə məxsus 1 baş iri buynuzlu inək nəzarətsiz qalaraq avtomobil üçün nəzərdə tutulmuş yola çıxmışdır. İddiaçı həmin vaxt özünə məxsus avtomobillə hərəkətdə olan zaman inək onun qarşısına çıxmışdır. Nəticədə avtoqəza baş vermişdir. Cavabdehin barəsində İXM-in 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin, Ağdaş Rayon Məhkəməsinin 07.10.2021-ci il tarixli, 3(014)-371/2021 saylı qərarı ilə Cavabdeh İXM-in 338.7ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 1538 manat maddi ziyanın, 30 manat dövlət rüsumunun, 48,96 manat xidmət haqqının, 1000 manat əldən çıxmış faydanın və 10000 manat mənəvi ziyanın tutulmasını xahiş etmişdir. İş üzrə keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, iddiaçının avtomobilinə 1388 manat ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, iddiaçı 1000 manat əldən çıxmış fayda, 10000 manat mənəvi ziyan tələb etsə də, əldən çıxmış faydaya və mənəvi ziyana dair məhkəməyə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 1388 manat miqdarında ziyan, 48,96 manat xidmət haqqı və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, Cavabdeh 100 (yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1388 manat miqdarında ziyan, 48,96 manat xidmət haqqı və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 100 (yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar