Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-816/2024 06.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı, Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə birgə nikahlarından anadan olmuş X2 18 yaşına çatana kimi saxlanılması üçün Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(014)- 2343/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay 150 manat miqdarında alimentin miqdarının artırılaraq həmin uşağın 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmşdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə ailə münasibətləri xasiyyətlərinin uyğun gəlməməsi, iddiaçıya və körpə balasına baxmaması, eləcə də ailəsinin günahı ucbatından ayrılmışlar. Həmçinin Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(014)- 2343/2021 saylı qətnaməsi ilə birgə nikahlarından dünyaya gəlmiş X2 18 yaşınadək saxlanılması üçün hər ay üçün 150 manat miqdarında aliment miqdarının cavabdehdən alınıb iddiaçının xeyrinə tutulması qət edilmişdir. Övladı məktəbli və azyaşlıdır. Ehtiyyacları və gündəlik tələbatları günü-gündən artır. Bu xərcləri tək başına və 150 manat aliment ilə övladlarının ehtiyyacını qarşılaya bilmir. Uşağın saxlanılması üçün 150 manat kifayət etmir. Bu müddət ərzində cavabdeh bircə dəfə də olsa uşaqları ilə maraqlanmamış, körpə balalarına əlavə olaraq heç bir maddi yardım göstərməmişdir. Ayrıldıqları gündən etibarən iddiaçı və övladları valideyininin himayəsindədirlər. Artıq çox çətinlik çəkirlər və övladının ehtiyyaclarını qarşılamağa maddi imkanı çatmır. Odur ki, aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bununla bağlı onlar mediator qəbulunda və mediasiya sesiyasında iştrak etmişlər. Ancaq pozulmuş ailə münasibətlərini bərpa etmək mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, o, iddiaçıdan hər ay aliment alır. Amma uşağın ehtiyyacını ödəyə bilmir. Özü xəstəxanada işləyib maaş alır, lakin uşağı 9-cu sinifdə oxuyur və universitetə hazırlaşmaq üçün ayı 180 manat olan kursa gedir. həmçinin kitablara və geyimə pul lazımdır, lakin o, həmin ehtiyacları ödəməkdə çətinlik çəkir. Məhkəmədən uşağın mənafeyini nəzərə alıb alimentin miqdarının artırılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. İlk dəfə aliment 80 manat məbləğində təyin olunmuş, hər dəfə 20 manat olmaqla artırılmışdır. Onun əlavə gəliri yoxdur. Alimentin 20-30 manat məbləğində artırılmasına görə heç bir etirazı yoxdur. Səidədən başqa 2 uşağı da var. Məhkəmədən dediklərinin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-2343/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Ağdaş rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(014)-1701/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə bir uşağın saxlanılması üçün tutulan alimentin miqdarı artırılmış, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 07 avqust 2010-cu ildə anadan olmuş X2 18 yaşına çatana qədər onun saxlanılması üçün İddiaçı xeyrinə hər ay 150 manat alimentin tutulması qət edilmişdir. İş materiallarında olan 15 aprel 2024-cü il tarixli, MŞQ/MT035-0212-2024 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştrak edilməməsi barədə arayışdan məlum olur ki, İddiaçı mediasiya sesiyasında iştrak etmiş, lakin Cavabdeh medasiya sesiyasında iştrak etməmişdir. İddiaçı ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir. İş materiallarında olan EİMS-dən əldə olunmuş məlumatdan görünür ki, Həmidov X3 və Təbii Sərvətlər Nazirliyi yanında meşəçilikdə işçi işləyir və aylıq 672 manat əmək haqqı alır. İş materiallarında olan EİMS-dən əldə olunmuş məlumatdan görünür ki, İddiaçı “Ağdaş Rayon Mərkəzi Xəstəxanasın”da mama işləyir və aylıq 386 manat əmək haqqı alır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(014)-2343/2021 saylı qətnaməsi ilə birgə nikahlarından dünyaya gəlmiş X2 18 yaşınadək saxlanılması üçün hər ay üçün 150 manat aliment miqdarının cavabdehdən alınıb iddiaçının xeyrinə tutulması qət edilmişdir. X1 anası İddiaçı himayəsindədir. 9-cu sinfdə oxuyur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşağın mənafeyini, onunla bağlı olan məsrəfləri nəzərə alaraq bir uşağın saxlanılması üçün cavabdehdən 150 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 185 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 07 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağdaş Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq hər ay 185 manat sabit pul məbləğində müəyyən edilsin və miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 420 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 07 avqust 2010-cu il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay 185 (yüz səksən beş) manat sabit pul məbləğində müəyyən edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-816/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-816/2024
06.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver