Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-818/2023 09.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə İddiaçı "xxxx" MM QBKT-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Ağahüseyn oğluna qarşı kredit və faiz borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MM QBKT cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Ağahüseyn oğluna qarşı kredit və faiz borcunun ödənilməsi tələbinə haqqında məhkəmə əmrinin verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Ağahüseyn oğlundan əsas borc üzrə 9416,01 ABŞ dolları, faiz borcu üzrə 879,89 ABŞ dolları, cəmi 10295,90 ABŞ dolları məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MM QBKT-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılması xahiş edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Ağahüseyn oğlu tərəfindən 07 aprel 2023-cü il tarixdə məhkəmə əmrindən etiraz edilərək məhkəmə əmrinin ləğv edilməsinə və işin iddia icraatı qaydasında mahiyyəti üzrə baxılmasına dair qərardad çıxarılması barədə ərizə verilmişdir. Məhkəmənin 25 may 2017-ci il tarixli qərardadına əsasən 07 aprel 2017-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması üçün təyin edilmişdir. İddiaçı "xxxx" MM QBKT iddiasını onunla əsaslandırmışdır ki, kreditor "xxxx" X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında 11 fevral 2015-ci il tarixində bağlanmış **********3301 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 23 % olmaqla 24 ay müddətinə 10000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcu üzrə Kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən hər ay 525 ABŞ dolları məbləğində ödəniş etməli idi. xx.xx.2016-cı il tarixli Maliyyə arayışından göründüyü kimi Kredit müqaviləsi imzalandığı gündən indiyə qədər cavabdeh cəmi 12599 ABŞ dolları (əsas və faiz borcu üzrə) məbləğində ödəniş etməli olduğu halda cəmi 2204,10 ABŞ dolları (əsas, faiz borcu və cərimə üzrə) məbləğində ödəniş etmişdir. Lakin cavabdeh bu barədə dəfələrlə şifahi və yazılı xəbərdar olunmağına baxmayaraq qeyd edilən kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişdir. Belə ki, cavabdehin bü günə əsas borc üzrə 9416,01 ABŞ dolları, faiz borcu üzrə 879,89 ABŞ dolları, cəmi 10295,90 (on min iki yüz doxsan beş dollar, 90 sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq "xxxx" MM QBKT ilə Cavabdeh1 və Cavabdeh3 Ağahüseyn oğlu arasında 11 fevral 2015-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Sonradan iddiaçı "xxxx" MM QBKT-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq iş üzrə Cavabdeh2 öldüyü müəyyən edildiyindən cavabdehlər Cavabdeh3 Ağahüseyn oğlu və Cavabdeh3 Ağahüseyn oğlundan əsas borc üzrə 9416,01 ABŞ dolları, faiz borcu üzrə 879,89 ABŞ dolları, cərimə borcu üzrə 0 ABŞ dolları , cəmi 10295,90 ABŞ dolları məbləğində borcun "xxxx"MM QBKT-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MM QBKT-nin nümayəndəsi Ramil Heydərov məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakları olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Ağahüseyn oğlu izahatlarında bildirdilər ki, iş üzrə əsas borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam yerinə yetirməmiş 14 sentyabr 2019-cu il tarixdə qəflətən ölmüşdür. Cavabdeh2 ölümündən sonra kredit müqaviləsi üzrə ödəmələr olmayıb. Məhkəmə əmrindən məlumatları olmayıb. 2023-cü ilin mart ayının sonunda əmək haqqından tutulma barədə işlədikləri yerə məlumat göndərilərkən kredit borcundan məlumatları olmuşdur. Onlar öhdəliyin təminatı olaraq zaminlik müqaviləsinə imza etməmişlər. Aralarında müqavilə olmadığı üçün tərəflərin konkret olaraq hansı hallara zamin durması, müddəti və qaydası da müəyyənləşdirilməyib. Buna görə də hesab edirlər ki, iş üzrə əsas borclu öldüyündən və onlarla zaminlik müqaviləsi bağlanılmadığından, hazırkı iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, işin materiallarında olan "xxxx" MM QBKT ilə borclu Cavabdeh2 arasında bağlanmış 11 fevral 2015-ci il tarixində bağlanmış **********3301 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MM QBKT tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 23 % ödəmək şərti ilə 10000 manat məbləğində kredit vermişdir. İşin materiallarında olan "xxxx" QBKT MMM tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 əsas borc üzrə 9416,01 ABŞ dolları, faiz borcu üzrə 879,89 ABŞ dolları, cəmi 10295,90 ABŞ dolları məbləğində borcu qalmışdır. İşin materiallarında olan 29 sentyabr 2015-ci il tarixdə Ağdaş rayon İHB-nın Qülbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 760853 saylı ölüm haqqında şəhədatnamənin surətindən görünür ki, Cavabdeh2 14 sentyabr 2015-ci il tarixdə mexaniki asfiksiya səbəbindən ölmüşdür. İşin materiallarında olan xx.xx.2015-ci il tarixli Zaminin qiymətləndirmə formasından görünür ki, zamin Cavabdeh3 Ağahüseyn oğlunun cəmi pul gəlirləri 5123 ABŞ dolları təşkil edir. İşin materiallarında olan xx.xx.2015-ci il tarixli Zaminin qiymətləndirmə formasından görünür ki, zamin Cavabdeh1 cəmi pul gəlirləri 5086 ABŞ dolları təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 11 fevral 2015-ci il tarixində bağlanmış **********3301 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 23 % dərəcəsi olmaqla 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təminatı olaraq "xxxx" MM QBKT ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Ağahüseyn oğlu da həmin müqaviləyə imza etsələr də, ayrıca zaminlik müqaviləsi bağlanılmamış, iş üzrə əsas borclu Cavabdeh2 14 sentyabr 2015-ci il tarixdə ölmüşdür. Hazırda "xxxx" MM QBKT yaranmış borcu digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Ağahüseyn oğlundan tələb edir. Lakin işin materialına zaminlərlə bağlanmış zaminlik müqavilələri əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinin, 15-ci maddəsinin İİ hissəsinin, 29cu maddəsinin İİ hissəsinin və 59-cu maddəsinin müddəalarını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389 və 390-cı maddələrinin tələblərini nəzərə alaraq, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu öz aralarında iradə sərbəstliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər. Azərbaycan Respublikası Mülki Mıcəllənin 386, 470 və 471-ci maddələrinin tələblərinə uyğun olaraq, yalnız tərəflər arasında yazılı formada bağlanmış zaminlik müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üsulu kimi qəbul oluna bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 31 yanvar 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır.İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Ağahüseyn oğluna qarşı kredit və faiz borcunun ödənilməsi tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Ağahüseyn oğluna qarşı kredit və faiz borcunun ödənilməsi tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-818/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-818/2023
09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver