Məhkəmə qərarları › İş №2(014)-821/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-821/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-821/2022 05.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun və faizin ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun və faizin ödənilməsi tələbi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən sahibkar mağazasında cehizlik və elektronik əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə aralarında bağlanmış 12.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən VAZ-21016 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədi ilə cavabdehə 24 ay müddətinə, yəni 12.12.2021-ci il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 4776 manat məbləğində kredit verilmişdir. Cavabdeh 12.12.2019-cu il tarixli kredit müqaviləsinə əlacə edilmiş ödəniş cədvəli üzrə cəmi 400 manat pul ödəmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin həmin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh 25.06.2021-ci il tarixə 12.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borcunun məbləği 4376 manat təşkil edir. Hazırda Cavabdeh 12.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4376 manat əsas borcu və 3500 manat hesablanmış faiz üzrə borcu, cəmi 7876 manat borcu yaranmışdır. Cavabdeh ona olan borcunu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə uyğun olaraq qaytarmaqdan yayındığından aralarında yaranmış mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. Odur ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh 12.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4376 manat borcun və 3500 manat hesablanmış faiz üzrə borcun, cəmi 7876 manat borcun, eləcə də dövlət hesabına ödədiyi 30 manat məhkəmə rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edirək işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir, məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, İddiaçı müqavilə bağlayaraq maşın almış, lakin maşını evə apardıqdan sonra maşını ustaya göstərmiş, usta isə maşının alt hissəsinin yararsız vəziyyətdə olduğun bildirmişdir. O, maşını geri qaytarmaq və ödədiyi pulu geri almaq istədiyini dəfələrlə Seymura bildirmiş, Seymur isə onunla razılaşmamışdır. Maşın hal-hazırda həyətindədir. Buna görə də Seymurun iddiası əsassızdır və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan borc müqaviləsindən görünür ki, tərəflər arasında VAZ-21016 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin alqısı üçün müqavilə bağlamışlar və həmin müqaviləyə əsasən 12.12.2019-cu il tarixdə Cavabdeh ayda 199 manat ödəniş etmək şərti ilə 4776 manat məbləğində pul ayrılmışdır, müqavilənin şərtlərinə görə borcalan bu müqavilənin 1 saylı Əlavəsində göstərilən ödəniş cədvəlinə əsasən ödəmələri vaxtında həyata keçirməzsə, «Borcalan» müddəti keçmiş dövr ərzində illik 80 faiz məbləğində artırılmış faizləri Kreditora ödəməlidir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 4776 manat məbləğində əsas borcu vardır və həmin borcdan 400 manat ödəniş etmişdir, 4376 manat əsas borcu, 3.500 manat artırılmış faiz borcu, cəmi 7.876 manat borcu vardır. İşdə olan 12 dekabr 2019-cu il tarixli Aktdan görünür ki, VAZ-21016 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin iştirakı ilə 12 dekabr 2019-cu il tarixdə istismara tam yararlı və saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 01 oktyabr 2021ci il tarixə qədər qüvvədə olmuş 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, iş üzrə İddiaçı ilə iş üzrə Cavabdeh arasında bağlanmış 12.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən VAZ-21016 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədi ilə cavabdehə 24 ay müddətinə, yəni 12.12.2021-ci il tarixədək 4776 manat məbləğində kredit verilmişdir. Məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçıya borc üzrə 400 manat ödəniş edilmiş, belə olan halda əsas borcun məbləğində ödəniş edilmiş məbləğ çıxılaraq əsas borc 4376 manat müəyyən edilmişdir. Həmçinin borc müqaviləsi üzrə tələb edilən 3500 manat artırılmış faiz borcu vardır, odur ki, iddia əsaslı olduğundan təmin edilməli, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4376 manat əsas borc, 3500 manat artırılmış faiz borcu, cəmi 7876 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 7906 manat (yeddi min doqquz yüz altı manat) tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar