Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-824/2020 31.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı və vəkili X11 Cavabdeh2 və Cavabdeh1 Üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Ağdaş rayon Şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 14451,27 manat pulun, 5000 manat da sığorta pulunun və 30 manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, məhrum həyat yoldaşı X22 ilə qeyri rəsmi ailə həyatı qurmuşlar. O, xx.xx.2011-ci ildə vəfat edib. Cavabdeh olan qaynanası Günəş və qaynı Asif ona dedilər ki sən etibarnamə ver cavan gəlinsən savadında yoxdur, onlar uşaqlarına yetim pulu da düzəltsinlər. Uşaqları xx.xx.2000-ci il təvəllüdlü X15 və xx.xx.2005-ci təvəllüdlü X23 anadan olublar. Övladlarına atasızlıq pulu düzəldib, 2011-ci ildən 2017-ci ilə kimi 14.451.27 manat pulunu mənimsəyiblər. 10-ildir ona bir manat da olsun pul verməyiblər. Bu rəqəmi Ağdaş rayon DSMF-də yoxlayaraq ona xətləri ilə yazıb veriblər. Hətta şəxsiyyət vəsiqəsini və uşaqlarının doğum şəhadətnamələrini də alıblar. Cavabdehlərə dəfələrlə sənədləri və aldıqları pulları vermələrini desə də, hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışdılar. Bu 10 (on) ildə ona məbləği tam məlum olmayan 2017-ci ilə kimi aldıqları 14.451.27 manat yetim pullarını bu günə kimi ona verməmişdilər. Hətta ona indi məlum olub ki 5000 min manat da sığorta pulu alıblar. Həmçinin övladlarına aid doğum şəhadətnamələri də cavabdehlərdədir. Mərhum həyat yoldaşı Qarabağ əlili idi.Cavabdehlərdən pulları ala bilmədiyindən məcbur qalaraq məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, hal-hazırda pensiya kartları onlardadır, məhkəməyə iddia qaldırılana qədər pensiya kartlarını almışlardır, mərhumun ölməsi və ailə başçısının itirilməsinə görə pensiyanın verilməsi üçün bütün işlər onun qaynı tərəfindən aparılmışdır. Birgə yaşadıqları dövrlərdə qaynı və qayınanası ona pis olmamışdır, bacardıqları köməyi eləmişlərdir. Özünün, uşaqların və evin bütün xərcləri qaynı tərəfindən qarşılanmışdır. Amma pensiya işi ilə əlaqədar təyin edilmiş pullar ona verilməmişdir. İddiaçı və onun vəkili məhkəmə iclasında iddia tələblərini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi Cavabdeh2 məhkəmə iclasında iddia tələbini rədd edərək izahatında bildirdi ki, İddiaçı mərhum oğlu ilə qeyri rəsmi ailə həyatı qurublar. Oğlu X1 döyüşlərində iştirak etmiş, buna görə ona ikinci qrup əlillik təyin edilmiş, 2011-ci ildə isə vəfat etmişdir. Oğlu Yusifin birinci arvadı Qəşəngin balaca bacısı olmuşdur. Ondan da, Nurlana, Rufanə adlı uşaqları olmuşdur. Uşaqlarından Rufanə vəfat etmişdir. X16 Qəşəngin bacısı tərk etdikdən sonra o, faktiki olaraq İddiaçı ilə ər-arvad münasibətlərində olmuş, bu münasibətlərdən Urfanə və Rusif adlı övladları olmuşdur. Yusif rəhmətə getdikdən sonra Günəş və onun övladlarına oğlu Cavabdeh1 baxmışdır. Tək qalmamaları üçün digər oğlu Qasımov Ceyhun onların evinin yanında qalmışdır. Münasibətləri hər zaman yaxşı olmuşdur. X14 evləndikdən sonra onların qudalarının tez-tez tək evə gəlməsi onları narahat etmiş, bu halların təkrarlanmaması üçün Qəşəngə və onun qudasına iradlarını bildirdikdə, Qəşəng daha da aqressivləşmiş, onların xoşniyyətli xəbərdarlığına məhəl qoymamışdır. Oğlu vəfat etdikdən sonra Qəşəngin iki övladına və digər nəvəsi Yusifin birinci arvadından olan Nurlanaya özü və oğlu Asif tərəfindən baxılmış, ailənin bütün xərcləri onlar tərəfindən qarşılanmışdır. Son aylara qədər münasibətləri yaxşı olmuş, yuxarıda dediyi məsələlər ortaya çıxdıqdan sonra soyumuşdur. Cavabdeh2 məhkəmədən iddianın rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 Ağaəli oğlu məhkəmə iclasında digər Cavabdeh2 izahatında göstərdikləri xüsusatları təsdiq edərək analoji izahat vermişdir. Əlavə olaraq göstərmişdir ki, həqiqətən də pensiya işinin açılmasında, uşaqların müavinətin verilməsində onun əziyyəti danılmaz olmuşdur. İddiaçı savadsız olduğundan özünün razılığı ilə etibarnamə əsasında qohumlarının güzəranın yaxşılaşdırılması, kömək olunması üçün bütün bu tədbirləri görmüşdür. Pensiyadan gələn puldan qat-qat artıq onların ailəsinə xərcləmiş, Günəşin qızının toyunu etmiş, cehiz əşyalarını almışdır. Ailəsini necə baxmışdırsa, onları da öz ailəsindən ayırmayaraq elə qayğısına qalmışdır. Pensiya kartı son aylara qədər onda olmuşdur. Pensiyadan gələn bütün pullar iddiaçı və onun ailəsinə xərclənmişdir. Doğum haqqında şəhadətnamələr,şəxsiyyət vəsiqəsi iddiaçıya qaytarılmışdır. Cavabdeh1 məhkəmədən iddianın rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Ağdaş rayon Şöbəsinin nümayəndəsi X10 məhkəmə iclasında bildirdi ki, İddiaçı həyat yoldaşı vəfat etdiyinə görə övladları X15 və X17 Ailə Başçısını itirdiyinə görə xx.xx.2011-ci ildən 172.81 manat pensiya (xx.xx.2011-xx.xx.2017-ci ilə kimi 12027,59 manat pul ödənilib) və Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək uşaqlarına 15 manat müavinət təyin edilmişdir. (xx.xx.2009-xx.xx.2020-ci ilə kimi 2531.0 manat pul ödənilib) Məhkəməyə şahid qismində dindirilməsi üçün dəvət olunan X7 ifadə verərək bildirdi ki, Ağdaş rayon Pirəzə kəndində anadan olmuş, atası Yusifin evində yaşamışdır.Evi tikilənə kimi nənəsinin yanında yaşamışdır.Məktəb xərci istəyəndə əmisi pul verirdi. 2016cı ildə nişanlanmış və evlənmışdır. Ona cehiz əşyalarını, mebel, qab-qacaq dəstini əmisi almışdır. Yeganə istəyi anasının və qardaşının atasından qalma evdə yaşamalarının təmin edilməsidir. Məhkəmə iddiaçının, vəkilinin və cavabdehlərin izahatlarını dinləyib, şahid ifadəsini nəzərə alaraq, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Pirəzə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 13 saylı arayışından məlum olur ki, X4 rayon Pirəzə kəndində yaşayır. İşləmir, İİ qrup Qarabağ əlilidir.Arvadı-İddiaçı, qızı-X12, qızı- X15, oğlu- X23. Ailənin özünə məxsus heç bir mal-qarası yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X15 xx.xx.2000-ci ildə Ağdaş rayon, Pirəzə kəndində anadan olmuşdur. X6, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X23 xx xxxx 2005-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. X6, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Pirəzə kənd İ/N-yi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli AZ-İİ 080640 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X22 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxx 2000-ci il tarixli V-ЖГ 296027 saylı ölüm haqqında şəhadətnamədən məlum olur ki, X18 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti başçısının xx xxx 2011-ci il tarixli 111 saylı X5 üzərindən himayəçi təyin olunması barədə Sərəncamından məlum olur ki, Ağdaş rayonu Pirəzə kənd sakini X3 valideynlərindən biri vəfat etmiş və digəri tərəfindən nənəsinin himayəsinə verilmiş, yetkinlik yaşına çatmayan nəvəsi X5 tərbiyəsi, habelə şəxsi əmlak, hüquq və mənafeyinin müdafiəsi üçün onun üzərində himayəçi təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Ağdaş rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2007-ci il tarixli 22/07-470 saylı arayışdan məlum olur ki, Ağdaş rayon Pirəzə kəndində yaşayan X22 İİ qrup Qarabağ əliliyinə görə 266001 saylı pensiya işinə əsasən 2006-cı ildə hər ay dövlətdən pensiya alır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Ağdaş rayon şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli **********7 saylı arayışdan məlum olur ki, Ağdaş rayon, Pirəzə kəndində yaşayan İddiaçı həqiqətən ailə başçısını itirdiyinə görə xx.xx.2017-dək görə pensiyaçıdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMFnin Ağdaş rayon Şöbəsindən 430495 saylı pensiya işinə əsasən hər ay 172.81 manat pensiya alır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Ağdaş rayon şöbəsi tərəfindən verilmiş avqust 2020-ci il tarixli **********4 saylı məktubundan məlum olur ki, Ağdaş rayon, Pirəzə kəndində yaşayan İddiaçı Ağdaş rayon filialından ailə başçısını itirməyə görə N 430495 saylı əmək pensiya işinə əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi illər üzrə pensiya alır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon X9 xx xxxxxx 1998-ci il tarixli 16 saylı qərar ilə və Dövlət aktı qeydiyyat kitabında qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN:307 saylı (kod 90316018) dövlət aktına əsasən X24, X13, X12, Ağdaş rayonun Pirəzə kəndi ərazisində 1.06 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx xxxxxxxx 2004-cü il tarixli Başa çatmış tikintinin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktından məlum olur ki, Ağdaş rayonu Pirəzə kənd sakini, İİ qrup Qarabağ müharibəsi əlili X22 üçün tikilmiş 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi lahiyə-smeta sənədlərinə əsasən, İnşaat norma və qaydalarına uyğun aparılaraq başa çatdırılmışdır. Yerinə yetirilmiş işlərin keyfiyyəti yaxşıdır. Ağdaş rayonu Pirəzə kənd sakini İİ qrup Qarabağ müharibəsi əlili X22 üçün tikilmiş 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi istismara qəbul edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. «T. Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının x xxxxxxx 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, qeyd edilən prosessual hüquq normaları Konstitusiya da nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edir. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi üçün təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar, faktlar əsasında hüquqi qiymət verməlidir. Lakin İddiaçı qaynanası və qaynı olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 14451,27 manat pulun, 5000 manat da sığorta pulunun qaytarılması barədə məhkəmə qarşısında tələb irəli sürsə də, həmin tələbi əsaslandıran sübutları (faktiki halları) məhkəməyə təqdim etməmişdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası iddia tələbinin əsaslarına dair sübutlar təqdim edilmədiyindən və buraxılmış müddət ötürüldüyündən təmin edilməməlidir Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-824/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-824/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver