Məhkəmə qərarları › İş №2(014)-841/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-841/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-841/2021 18.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 09.09.2019-cu il tarixdə onunla qiyməti 15000 (on beş min) ABŞ dolları olan “FORD TRANSİT TOURNLO YÜK” markalı, buraxılış ili 2008-ci il olan, ** JU *** dövlət qeydiyyat nişanlı ağ rəngli yük avtomobil almışdır. Razılaşmaları belə olmuşdur ki, cavabdeh avtomobilin dəyərini bir il ərzində ona qaytaracaqdır. Cavabdehin səmimiyyətinə və bacanağı olan Bəhmanla şəriklik münasibətində olduğuna görə, inanaraq həmin avtomobili ona vermişdir. Aradan bir ildən çox vaxt keçsə də, cavabdeh avtomobilin pulunu vermədiyinə görə onunla görüşüb, avtomobilin pulunu istəyəndə bildirdi ki, uzun müddət işsiz olduğuna görə müəyyən məbləğdə borcu yaranmışdır. Avtomobillə əldə etdiyi qazancını borclarına ödəmişdir. Cavabdehlə aralarında sadə yazılı formada “Mövcud borcun etirafı barədə mücərrəd müqavilə” bağlayaraq hər ikisi həmin müqaviləni imzalamışlar. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh avtomobilə görə ona borclu olduğu 15000 ABŞ dolları məbləğində borcunu müqavilə bağlandığı vaxtdan 1 (bir) il müddətinə, yəni 1 il tarixədək tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək, yəni borcunu qeyd edilən tarixədək qaytarmayaraq üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Cavabdeh ona olan borcunu qaytarması barədə tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilməyinə baxmayaraq, bu günədək borcu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdehlə aralarında yaranmış borc mübahisəsini aralarında sadə formada yazılmış müqavilənin şərtlərinə uyğun məhkəmədən kənar həll etmək mümkün olmadığından ona qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək, boclu olduğunu etiraf etdi və borcunu 2022-ci ilin fevral ayında ödəyəcəyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin hallarını tərəflərin izahatlarına uyğun müqayisəli şəkildə araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbinə əsasən cavabdehin ona 15000 ABŞ dolları borcu vardır. Cavabdeh də təsdiq edir ki, onun iddiaçıya 15000 ABŞ dolları borcu vardır. Belə olan halda tərəflər arasında borcun olması işin mübahisəsiz halıdır. Cavabdeh bildirir ki, aralarında olan danışığa əsasən borcu cavabdehə 2022-ci ilin fevral ayında qaytarmağa söz vermişdir. İddiaçı isə aralarında belə danışığın olmadığını, əksinə 2020-ci ilin sentyabr ayınadək cavabdehin pulu ödəməli olduğunu bildirir. Belə olan halda isə görünür ki, cavabdehin etirazı ilə bağlı sübutetmə yükü onun üzərinə düşür və cavabdeh öz etirazının əsaslarını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda isə cavabdehin iddia tələbinə bu hissədə etirazı əsaslı hesab edilə bilməz. Borcun qaytarılması vaxtı barəsində tərəflər arasında ziddiyətli fikirlər olduğundan və heç bir tərəf bununla bağlı əsaslı sübut təqdim etmədiyindən, məhkəmə hesab edir ki, borcun qaytarılması üçün müddət şərtləndirilməmiş hesab edilməlidir. Bundan başqa, işin materiallarına mövcud borcun etirafı haqqında mücərrəd müqavilə əlavə olunsa da, həmin müqavilə iki səhifədən ibarətdir. Müqavilənin şərtləri birinci səhifədə qeyd olunsa da, həmin səhifə cavabdeh tərəfindən imzalanmamış və cavabdeh məhkəmə iclasında müqavilənin birinci səhifəsinin dəyişdirildiyini bildirdiyindən həmin müqavilə işə baxılarkən sübut kimi nəzərə alınmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı 15000 ABŞ dolları borcu vardır. Borcun qaytarılması müddəti barəsində mötəbər sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, borc verən borcu tələb etdiyindən borc alan tərəfindən dərhal qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun məcburi qaydada alınması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 15000 (on beş min) ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 15000 (on beş min) ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar