Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-869/2021 28.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixində İddiaçı Ağdaş rayonunun Ləki qəsəbəsində yerləşən fermasında saxlanılan atası X4 məxsus çəkisi 30 kq olan 10 baş Qarabağ cinsli erkək qoyunlarını atasının, əmisi X5, bacısı oğlanları X1, X2 və əmisi oğlu X3 iştirakları ilə fermada olan diri çəkiləri nəzərə alınmaqla 1540 (min beş yüz qırx) manata Cavabdeh1 nisyə satmışdır. Cavabdeh1 1540 manat borcu 15 gün ərzində ödəyəcəyinə söz vermişdir. İddiaçı əvvəl ona qoyunları nisyə satmağa razı olmamış, lakin sonradan özü atasının tanınmış adam olduğunu bildirərək, onunla əlaqə saxlayaraq özü ödəyə bilməyəcəyi halda atası tərəfindən həmin borcun ödəniləcəyini bildirmişdir. Onun səmimiyyətinə inanaraq 10 baş Qarabağ cinsli erkək qoyunları ona 1540 manata nisyə satmışdır. Lakin 1 ay keçdikdən sonra cavabdeh borclu kimi pulu ödəmədiyindən onun yaşadığı ünvana gedərək borcu tələb etdikdə, onunla telefon ilə əlaqə saxlanılmış və 2-3 günə ödəyəcəyini bildirmişdir. Yenə də İddiaçı onun səmimiyyətinə inanaraq gözləməli olmuşdur. Ondan sonra aldadıldığını bildiyindən xx.xx.2021-ci il tarixində Ağdaş RPŞ-yə müraciət etmişdir. Ağdaş RPŞ-də araşdırma aparıldıqdan sonra ona məktub ilə şikayətində göstərilən xüsusatların onların səlahiyyətinə aid olmadığını, aidiyyəti üzrə məhkəməyə müraciət etməyini bildirmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, onların Qəbələ rayonu, Zarağan qəsəbəsindən mütəmadi olaraq təxminən 20-25 dəfə Ağdaş rayonunun Şıxlı kəndinə getmiş, həmin gediş-gəliş xərci olaraq hər dəfə 25 manat olmaqla ümumilikdə 600 (altı yüz) manat nəqliyyat xərci sərf olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək, iddianı qismən qəbul etmiş və bildirmişdir ki, iddiaçının tələb etdiyi kimi 1540 manat deyil, onun İddiaçı hazırda 1400 (min dörd yüz) manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı heç bir borcunun olmamasını, digər cavabdeh olan oğlunun hərəkətlərinə görə isə məsuliyyət daşımadığını bildirmişdir. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək iddiaçıya olan 1400 manat borcunu xx.xx.2021-ci il tarixədək ödəcəyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Cavabdeh1 çəkisi 30 kq olan 10 baş Qarabağ cinsli erkək qoyunlarını nisyə satmış, Cavabdeh1 isə borcunu ödəməmiş, hazırda iddiaçı ona olan borcunu hər iki cavabdehdən tələb edir və Cavabdeh1 isə borcunun 1400 manat olmasını etiraf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddia tələbinin 600 manat yol xərci hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbinin bu hissəsini əsaslandırmaq üçün məhkəməyə sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan başqa, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı pul tələbi ilə hər iki cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, Cavabdeh2 ona borcu olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyi üçün həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməli və Cavabdeh1 1400 (min dörd yüz) manat pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və dəymiş maddi ziyan tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 1400 (min dörd yüz) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-869/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-869/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver