Məhkəmə qərarları › İş №2(014)-870/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-870/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-870/2021 29.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Proqram bazası”nda **********00228 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış SE 200 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə 14.02.2014-cü il tarixdən 08.01.2018-ci il tarixinə kimi istifadə etmişdir. 08.01.2018-ci il tarixindən isə Köhler AEL.MF.07 tipli, zavod nömrəsi 77026783 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir və tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerji təchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş bildiriş-xəbərdarlığa uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdeh elektrik enerjisindən istifadəyə görə 04.10.2015-ci il tarixinə 16,94 manat məbləğində debitor borcu olmuşdur. Cavabdeh yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəricilərinə əsasən dəyəri 880,44 manat təşkil edən 12734 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. Bundan əlavə Cavabdeh tərəfindən limitdən (300 kvt) artıq istehlak edilmiş elektrik enerjisinin 324,61 manat təşkil edən dəyəri də nəzərə alınmaqla (880,44 + 324,61 manat) 1205,05 manat məbləğində elektrik enerjisi istehlak edilmişdir. İstehlak edilmiş elektrik enerjisinin 1205,05 manat məbləğində Cavabdeh tərəfindən 24.12.2015-ci il tarixdən 28.07.2018-ci il tarixinə kimi cəmi 272,00 manat məbləğində ödəniş edildiyi üçün onun 23.02.2021-ci il tarixinə ödənilməli olan 933,05 manat məbləğində debitor borcu vardır. “xxxx” ASC tərəfindən Cavabdeh yaşadığı ünvana 11 yanvar 2021-ci il tarixli, 27 №-li Pretenziya göndərilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 917,30 manat məbləğində debitor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi, əks təqdirdə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh 18.01.2021-ci il tarixdə ona ünvanlanmış “Pretenziya”nı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməmiş, əksinə 2020-ci ilin 15 dekabr tarixindən 06.02.2021-ci il tarixinə kimi dəyəri 15,75 manat təşkil edən 225 kvt saat miqdarında istehlak etmiş olduğu elektrik enerjisinin dəyərini ödəmədiyindən borc məbləği artaraq 933,05 manat təşkil etmişdir. Cavabdeh sayğac göstəricilərinə əsasən istehlak etmiş olduğu elektrik enerjisinin dəyərindən sonuncu dəfə 28.07.2018-ci il tarixdə 20 manat məbləğində ödəniş etmişdir. Cavabdeh yaşadığı əraziyə xidmət edən nəzarətçi mühəndis tərəfindən sayğac göstəriciləri hər ay mini kompüter vasitəsi ilə oxunaraq istehlak edilmiş elektrik enerjisinin miqdarı dəyəri və qalıq borc məbləği göstərilən “Bildirişxəbərdarlıq" təqdim edilməsinə baxmayaraq, o, ödəniş etməkdən qəsdən yayınmaqla “xxxx” ASC-yə 933,05 manat məbləğində ziyan vurmuşdur. Qeyd olunanlar Cavabdeh Ağdaş EŞ-nin ”Proqram bazası”nda qeydiyyatda olan istehlakçı kodu üzrə “İstehlak edilmiş elektrik enerjisinin miqdarı dəyəri və ödənişini əks etdirən” abunə haqqında məlumatda öz təsdiqini tapır. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın əmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, bildirmişdir ki, iddiaçının ödənilməsini tələb etdiyi 933,05 manat borc əsassızdır. “xxxx” ASC tərəfindən ona hesablanmış borc silinməlidir. Belə ki, o, həmin məbləğdə işıq sərf etməmişdir. Sayğac evindən 800 metr məsafədə yerləşir. Sayğaca kənar müdaxilələrin olub-olmamasını müəyyən edə bilmir. Onun aylıq sərfiyyatı 5 manat civarındadır. Buna görə də hesablanmış borc düzgün deyil. “xxxx” ASC nəzərə almır ki, qanunvericiliyin tələbinə görə ondan yalnız son 3 il üçün işığın pulunu tələb edə bilər. Qeyd olunanlara əsasən iddia müddətini tətbiq edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsinin 3-cü bəndinə əsasən məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşma quraşdırıldığı yerdən asılı olmayaraq hesablaşma yalnız elektrik sayğacının göstərişinə əsasən aparılır. Məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşmada elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. İşin materiallarında olan “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsinin 4-cü bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar məişət abonenti istehlakçı qrupu üçün təyin edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,07 və 0,11 manat tarifləri üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə bu nəzərə alınır. İşin materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş 29.04.2021-ci il tarixli abunə haqqında arayışdan görünür ki, Ağdaş rayonu, Hüşün kəndində yerləşən Cavabdeh yaşadığı mənzilə 933,05 manat borc hesablanmışdır. İşin materiallarında olan 11.01.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, “xxxx” ASC tərəfindən Cavabdeh elektrik enerjisindən istifadəyə görə borc ödənilmədiyi üçün xəbərdarlıq olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehdən elektrik enerjisinin istehlak edilməsi ilə əlaqədar 933,05 manat pul tələb olunsa da, həmin məbləğin yalnız 190,33 manatı məhkəməyə iddia verilənədək son üç il ərzində yaranmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarının 8.14-cü maddəsinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 190,33 manat borc və iddia tələbi qismən təmin edildiyindən 10 manat dövlət rüsumunun əvəzi, cəmi 200,33 manat pul tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 190,33 manat borc və 10 manat dövlət rüsumunun əvəzi, cəmi 200,33 manat pul tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar