Məhkəmə qərarları › İş №2(014)-877/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-877/2023

17.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-877/2023 17.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 2021-ci ildə 5550 manat iri buynuzlu mal vermişdir. Cavabdeh həmin pulu az-az, yəni 250 manat oktyabr ayında, qalanlarını isə müxtəlif vaxtlarda qaytarırdı. Bir müddətdən sonra cavabdeh qalan 750 manat məbləğində borcu qaytarmaqdan boyun qaçırmışdır. O, cavabdehdən borcunu qaytarmasını tələb etdikdə, cavabdeh “mənim sənə veriləcək borcum yoxdur, qalan borcu qardaşın oğlu X1 qaytarmışam” söyləmişdir. Qardaşı oğlu ona bildirmişdir ki, cavabdeh ona pul verməyib, yalan deyərək onun üstünə atır. O, cavabdehi dekabr ayında polisə vermişdir. Cavabdeh polisə izahat verərək 750 manat borcu verməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Ağdaş rayonu, Abad kəndində yaşayan Cavabdeh ona dəymiş ziyanın, yəni 750 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinin xahiş etdi hissəsində səhvən borcu 750 manat kimi göstərmişdir. Həmin iddia ərizəsinin xahiş etdi hissəsində borcun 600 manat kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaçıdan borc aldığını, həmin borcdan hissə-hissə iddiaçıya ödədikdən sonra 600 manat məbləğində borcu qaldığını, həmin 600 manat borcu isə Zərxanımın qardaşı oğlu X1 ödədiyini, hazırda idiaçıya borcu olmadığını bildirirək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahat verərək göstərdi ki, iddiaçı onun bibisidir. Bibisi ilə Ruslan arasında iri buynuzlu heyvanın alqı-satqısına dair razılıq olmuş və Ruslanın bibisinə borcu yaranmışdır. Ruslan yaranmış borcundan hissə-hissə bibisinə ödənişlər etmiş və 600 manat borcu qalmışdır. Ruslan ona 100 manat dəyərində səhəng vermiş və həmin səhəngin pulunu bibisinə verəcək. Bundan başqa, Ruslan nağd olaraq da ona 100 manat verib və həmin pulu da hələ bibisinə verməmişdir. Qalan borcdan ümumilikdə 200 manatı hazırda ondadır. Ruslanın bibisinə 400 manat borcu qalıb. Bunu öz aralarında olan telefon danışığında da Ruslan etiraf edib. Belə ki, işin materiallarında olan 1 ədəd CD diskdə olan səs yazısı tədqiq edilən zaman müəyyən olundu ki, Cavabdeh İddiaçı borcunun qaldığını etiraf edir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Xeyli müddət keçsə də, cavabdeh borcunu ödəməmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı 400 (dörd yüz) manat məbləğində borcu yaranmışdır. Aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə onun İddiaçı 400 (dörd yüz) manat məbləğində borcu vardır. Hazırda iddiaçı cavabdehdən həmin pulun 600 (altı yüz) manat olmasını bildirərək, ona geri qaytarılmasını tələb edir. İşin faktiki halları ilə iddiaçının 400 manat pul vəsaitinin cavabdehdə olması (cavabdeh səs yazısında borcunun olmasını etiraf etmişdir) müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İddiaçı cavabdehin ona 600 manat borclu olmasını bildirsə də, bu məbləğin məhz 600 manat olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Əksinə işin materialları ilə müəyyən edilmişdir ki, cavabdehin borcu 400 manat təşkil edir. Həmçinin, hazırda cavabdeh iddiaçıdan nisyə olaraq heyvan aldığını etiraf etsə də, bununla bağlı borcunu qaytardığını bildirsə də, borcunun qaytarılması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, əksinə şahid ifadəsi və səs yazısı ilə borcun qalması təsdiq olunmuşdur. Halbuki, borcun tam qaytarılması cavabdehin iddiaya etirazının əsası olduğundan, bu hissədə - yəni borcun qaytarılması ilə bağlı sübutetmə yükü onun üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tərəf etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə öz etirazının əsaslarını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda cavabdehin iddia tələbinə bu hissədə etirazı əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 400 (dörd yüz) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar