Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-885/2025 24.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “öhdəliyi icra etmiş zaminin borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “öhdəliyi icra etmiş zaminin borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 noyabr 2014-cü il tarixdə Cavabdeh ilə hazırda ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə zamin qismində onun əvəzinə kreditora ödədiyi 1100 (bir min yüz) manat pulun və iddianın baxılması üçün ödənilmiş 40 (qırx) manat pulun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh o 2014-cü ilin yayında həyat yoldaşının dostu kimi tanımışdır. Bundan bir müddət sonra o, əri ilə ona bizneslə məşğul olmaq niyyətində olduğunu, lakin işə başlamaq üçün təxminən 1000 (min) manata qədər pulun çatmadığını və bununla bağlı kreditlə pul almaq istədiyini bildirərək, ərindən ona zamin durmasını xahiş etdi. Əri artıq müvafiq yaş həddinə çatmış olduğundan və bu səbəbdən zamin ola bilmədiyindən cavabdeh ondan zamin olmağını xahiş etdi. O cavabdehin səmimiliyinə inanaraq 24 noyabr 2014-cü il tarixdə onunla birgə hazırda ləğv prosesində olan "xxxx" ASC-nin Ağdaş filialına getmiş və orada cavabdehlə Kredit müqaviləsi bağlanaraq ona 12 (on iki) ay müddətinə 750 (yeddi yüz əlli) manat məbləğində borc pul verildi. Elə həmin vaxt cavabdehin "xxxx" ASC qarşısında olan öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi onunla "xxxx" ASC arasında ZM -1-3383-14 nömrəli Zaminlik müqaviləsi bağlandı. 2024-cü ilin dekabr ayında işlədiyi X1 Mədəniyyət idarəsində Ağdaş rayon icra və probasiya şöbəsi tərəfindən ünvanlanmış İcra sənədi əsasında onun aylıq əmək haqqından 190 (yüz doxsan) manat pulun tutulmasını eşidərək o Ağdaş rayon icra və probasiya şöbəsinə yollandı. Oraya gələrkən o, Cavabdeh, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün ondan və qeyd edilən Müqavilə üzrə borclunun öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetiriləcəyinin zamini kimi, ondan Ağdaş rayon məhkəməsinin 2(014) -2413/2021nömrəli 26 iyul 2017-ci il tarixli Məhkəmə əmri əsasında müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 750 (yeddi yüz əlli) manat əsas borc, 456.50 (dörd yüz əlli altı) manat 50 (əlli) qəpik faiz borcu və 193 (yüz doxsan üç) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1399.50 (min üç yüz doxsan doqquz) manat 50 (əlli) qəpik məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pulun tutulmasından və bununla bağlı icraat başlandığından xəbərdar olmuşdur. Bundan sonra o cavabdehə öz iradını bildirərək borcunun ödəməsini tələb etmişdir. O vaxt cavabdeh maddi vəziyyətinin çətin olduğunu, təzəliklə işğaldan azad olunmuş ərazilərdə işə düzəldiyini və tezliklə maaş alacağını bildirərək ondan onun borcunu ödəməyini xahiş etdi və maaş alan kimi onun əvəzinə ödədiyi pulu qaytarmağa söz verdi. O yenə də cavabdehin səmimiliyinə inanaraq onunla razılaşmışdır. Cavabdehin borcunu ödəmək məqsədi ilə "xxxx" ASC-nin Ağdaş şəhərindəki filialına gələrək ona məlum oldu ki, artıq onların rayonda belə filialı yoxdur. Bir çox adamlardan soruşduqdan sonra ona məlum oldu ki, "xxxx" ASC hazırda ləğv prosesindədir və onun bütün hüquq və məsuliyyətləri Bakı şəhərində yerləşən ləğvedici Əmanətlərin sığortalanması Fonduna keçmişdir. Belə olduqda o Baki şəhərinə getməyə məcbur olmuş və çox çətinliklə Fondun olduğu yeri tapmışdır. Əmanətlərin sığortalanması Fondunda danışıqlar zamanı cavabdehin 1399.50 manat 50 qəpik məbləğində borcunun 299 manat 50 qəpik məbləğində hissəsi ona güzəşt edildi və onun borcunu tam məbləğdə ödədi. Onun əvəzinə kreditora ödədiyi pulu 2025-ci ilin fevral ayında qaytarmağı söz verməsinə baxmayaraq bu günə qədər cavabdeh ona heç bir manat da olsa belə ödəmmiş, dəfələrlə pulunu tələb etsə də, müxtəlif bəhanələrlə onun pulunu verməkdən imtina etmiş, hətta artıq onun telefon zənglərinə belə cavab verməmişdir. Belə olduqda o başa düşdü ki, cavabdehin səmimiliyinə inanaraq onun kredit borcunu ödəməyi tam yalnış hərəkət imiş. O həmçinin onu da anladı ki, cavabdehin məqsədi bu yolla kredit ödənişindən qurtulmaq imiş. Qeyd edilən səbəbdən o ağır maddi vəziyyətə düşmüş və pulunu cavabdehdən almaq üçün məhkəməyə müraciət etməyə məcburdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh kredit götürdüyü zaman, o da zamin durmuşdur. Kredit borcunu ödəmədiyindən zamin olduğu üçün həmin borc onun əmək haqqısından tutulmuşdur. Ona görə də cavabdehdən ondan tutulmuş borcunu tələb edir. Cavabdeh məhkəmə iclasında izahatında və məhkəməyə təqdim etdiyi ərizə bildirdi ki, kredit götürmüş, lakin ödəyə bilməmişdir. İddia tələbi ilə razıdır. Borc onun borcudur. Məhkəmə proses iştirsakçılarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli ZM-1-3383-14 saylı zaminlik müqaviləsinə əsasən zamin kreditorla borcalan arasında bağlanmış xx.xx.2023-cü il tarixli FN02-0020 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 26 iyul 2017-ci il tarixli 2(014)- 2413/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.1965-ci ildə Ağdaş rayonunda anadan olmuş Ağdaş şəhəri, Vaqif küçəsi 2/21/2-də yaşayan Cavabdeh və xx.xx.1986-cı ildə Ağdaş şəhəri, İ.Millətoğlu küçəsi 5/5-də anadan olmuş, Ağdaş şəhəri, İ.Millətoğlu küçəsi 5/5-da yaşayan İddiaçı müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 750 manat əsas borcu, 456.50 manat məbləğində faiz borcu və 193 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1399 manat 50 qəpik borcu və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 5 fevral 2025-ci il tarixli 12- 5/2-2231/2025 saylı məktubdan görünür ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(014)-2413/2017 saylı məhkəmə əmrinə əsasən borclu Cavabdeh və İddiaçı cəmi 1399.50 manat borc və 20 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. Qeyd olunan icra sənədi üzrə borclu Cavabdeh və İddiaçı ləğv prosesində olan "xxxx" ASC qarşısında borc öhdəliyi mövcud deyildir. "xxxx" ASC tərəfindən verilmiş 24 dekabr 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı 190 manat məbləğində əmək haqqı tutulmuşdur. "xxxx" ASC tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 910 manat məbləğində ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 24 noyabr 2014-cü il tarixdə onunla birgə hazırda ləğv prosesində olan "xxxx" ASC-nin Ağdaş filialına getmiş və orada cavabdehlə Kredit müqaviləsi bağlanaraq ona 12 (on iki) ay müddətinə 750 (yeddi yüz əlli) manat məbləğində borc pul verildi. Elə həmin vaxt cavabdehin "xxxx" ASC qarşısında olan öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi onunla "xxxx" ASC arasında ZM -1-3383- 14 nömrəli Zaminlik müqaviləsi bağlanılmışdır. Ağdaş rayon məhkəməsinin 2(014) - 2413/2021nömrəli 26 iyul 2017-ci il tarixli Məhkəmə əmri əsasında müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 750 (yeddi yüz əlli) manat əsas borc, 456.50 (dörd yüz əlli altı) manat 50 (əlli) qəpik faiz borcu və 193 (yüz doxsan üç) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1399.50 (min üç yüz doxsan doqquz) manat 50 (əlli) qəpik məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pulun tutulmasından və bununla bağlı icraat başlandığından xəbərdar olmuşdur. Əmanətlərin sığortalanması Fondunda cavabdehin 1399.50 manat 50 qəpik məbləğində borcunun 299 manat 50 qəpik məbləğində hissəsi iddiaçıya güzəşt edildi və iddiaçının borcunu tam məbləğdə ödəmişdir. Hazırda İddiaçı onun təqaüdündən Cavabdeh "xxxx" ASC qarşısından olan borcuna görə tutulmuş borcun Cavabdeh tərəfindən ona qaytarılmamış 1100 manat hissəsinin tutularaq ona qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 453.1. Kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir. 453.2. Əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər. 453.3. Əgər kreditorun əsas borcluya tələbi əsas borclunun qarşılıqlı tələbinin əvəzləşdirilməsi yolu ilə ödənilə bilərsə, kreditor bu tələbin ödənilməsini subsidiar məsuliyyət daşıyan şəxsdən tələb edə bilməz. 453.4. Subsidiar məsuliyyət daşıyan şəxs kreditorun ona qarşı irəli sürdüyü tələbi ödəyənədək bu barədə əsas borclunu xəbərdar etməlidir, həmin şəxsə qarşı iddia irəli sürüldükdə isə əsas borclunu işdə iştiraka cəlb etməlidir. Əks halda əsas borclu subsidiar məsuliyyət daşıyan şəxsin reqres tələbinə qarşı kreditorun tələblərinə qarşı olan etirazlarını irəli sürmək hüququna malikdir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə görə zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.4-cü maddəsinə görə zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulduğu halda, zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə dayandırılır. 475.1-cü maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, hazırki halda İddiaçı 24 noyabr 2014-cü il tarixli kredit müaviləsinə əsasən Cavabdeh "xxxx" ASC qarşısında olan borcunu tam ödəyərək icra etdiyindən onun Cavabdeh qarşı həmin ödənilmiş məbləğin geriyə tələb hüququ vardır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1100 (bir min bir yüz) manat pulun və 40 (qırx) manat ödənilmiş dövlət rüsumunun əvəzi olan pulun alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1100 (bir min bir yüz) manat pulun, və 40 (qırx) manat ödənilmiş dövlət rüsumunun əvəzi olan pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-885/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-885/2025
24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver