Məhkəmə qərarları › İş №2(014)-895/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-895/2021

03.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-895/2021 03.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi M.Məmmədovun iştirakı ilə İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi haqqında iddiasına dair mülki iş üzrə verilmiş vəsatətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus bir baş iribuynuzlu, cins, doğuşa hazırlaşan 2.500 manat dəyərində olan, şəhər ərazisində, yəni dördyol deyilən əraziyə yaxın, «Birinci Market»in yaxınlığında yerləşən elektrik dirəyində yaranmış nasazlıq uçbatından 22 avqust 2020-ci il tarixdə, axşam saat 21:00 radələrində tələf olmuş inəyinin pulunun cavabdehdən alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş məhkəmə iclasında baxılan zaman iş üzrə cavabdeh «xxxx» ASC-nin nümayəndəsi M.Məmmədov vəsatətlə müraciət edərək iş üzrə İddiaçı məxsus inəyin gərginliyə düşdüyü elektrik dayağının Cavabdeh1 başçısının Ağdaş şəhəri üzrə Nümayəndəliyinin balansında olduğunu bildirdi, bunu təsdiq edən avabdeh «xxxx» ASCnin məhkəməyə ünvanladığı 20.11.2020-ci il tarixli 611 №-li məktubunu təqdim etdi və cavabdeh «xxxx» ASC-nin əsl cavabdeh olan Cavabdeh1 başçısının Ağdaş şəhəri üzrə Nümayəndəliyi ilə əvəz edilməsini xahiş etdi, iş üzrə İddiaçı ərizə ilə müraciət edərək cavabdeh «xxxx» ASC-nin əsl cavabdehlər olan Cavabdeh1 və Cavabdeh1 başçısının Ağdaş şəhəri üzrə Nümayəndəliyi ilə əvəz edilməsini xahiş etdi. Vəsatəti müzakirə edib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, vəsatət əsaslı olduğu üçün təmin edilməli, cavabdeh «xxxx» ASC əsl cavabdeh olan Cavabdeh1 başçısının Ağdaş şəhəri üzrə Nümayəndəliyi ilə əvəz edilməli, iş üzrə icraata xitam verilməli, iş üzrə İddiaçı izah edilməlidir ki, dəymiş ziyanın ödənilməsi ilə əlaqədar Cavabdeh1nə və Cavabdeh1 başçısının Ağdaş şəhəri üzrə Nümayəndəliyinə müraciət etməli, rədd cavabı aldığı təqdirdə Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 261.0 və 261.01-ci maddələrinə əsasən işə məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə, ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə, ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin, ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2 və 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (o cümlədən nazirliklər) inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs maraqlı şəxs kimi tanınmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh «xxxx» ASC-ə qarşı dəymiş maddi ziyanın ödənilməsi haqqında iddiasına dair mülki iş üzrə cavabdeh «xxxx» ASC əsl cavabdehlər olan Cavabdeh1 və Cavabdeh1 başçısının Ağdaş şəhəri üzrə Nümayəndəliyi ilə əvəz edilsin, iş üzrə icraata xitam verilsin, iş üzrə İddiaçı izah edilsin ki, dəymiş ziyanın ödənilməsi ilə əlaqədar Cavabdeh1nə və Cavabdeh1 başçısının Ağdaş şəhəri üzrə Nümayəndəliyinə müraciət etməli, rədd cavabı aldığı təqdirdə Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar