Məhkəmə qərarları › İş №2(014)-903/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-903/2024

10.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-903/2024 10.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X10 adlı övladları anadan olmuşdur. Birgə yaşadıqları dövrdə cavabdehlə ailə münasibətləri normal olmuşdur. Lakin sonralar aralarında narazılıqlar baş verdiyindən faktiki olaraq ayrı yaşayırlar və məhkəmənin qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il tarixdə X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay aylıq qazancının 1/4 hissəsində, 160 manatdan az olmayaraq alimentin tutulması qət edilmişdir. Belə ki, uşaq böyüdüyündən onun xərcləridə artmışdır. Cavabdeh uşağın saxlanmasında əlavə olaraq maddi köməklik göstərmir. O, uşağın saxlanmasında maddi çətinlik çəkir. Ancaq bugünədək cavabdeh alimentdən savayı uşağı ilə maraqlanmamış və heç bir maddi yardım göstərməmişdir. İddiaçı qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərib, bundan sonra Mediyasiya Şurasına müraciət edib, lakin cavabdehlə mediyasiya qaydasında mübahisələrini həll edə bilməyiblər. Mediasiya xərcləri onun tərəfindən tam şəkildə ödənilmişdir. Buna görədə hesab edir ki, alimentin miqdarı artırılmalı hər ay cavabdehdən yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün 235 manat aliment tutulmalıdır. Göstərilənlərə əsasən, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2016-cı il tarixdə anadan olmuş X6 18 yaşına çatanadək saxlanılması üçün hər ay müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 235 manat alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, mediasiya üçün ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğuin izahat verərək, alimentin cavabdeh tərəfindən onun kart hesabına ödənildiyini, lakin əməkhaqqısına yönəldilmədiyini, buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəmə qətnaməsi ilə qət edilmiş alimenti hər ay vaxtı-vaxtında ödədiyini, əmək haqqısının 383 manat olduğunu, məhkəmə qətnaməsi ilə kəsilən alimentlə uşağın xərclərini iddiaçının ödəyə bilməyəcəyi təqdirdə birgə nikahlarından anadan olmuş uşağa onun özünün baxa biləcəyini və buna görə də iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ seriyalı, № 806982 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X4r. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(014)- 1587/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı ildə anadan olmuş X8 18 yaşına çatanadək onun saxlanılması üçün qazancının ¼ (dörddə bir) hissəsi miqdarında aylıq 160 manatdan aşağı olmayaraq X3 xeyrinə ödənilməsi qət edilmişdir. İşin materiallarında olan ilkin mediyasiya sessiyasından iştirak edilməməsi barədə 14 may 2024-cü il tarixli, MŞM/MT seriyalı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh isə iştirak etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-18-18/2- 302/2024 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2009-cu il tarixdən Fövqəladə Hallar Nazirliyinin X2 xüsusi xilasetmə Hissəsinin xilasedicisi vəzifəsində çalışır və aylıq pul təminatı bütün vergilər tutulduqdan sonra 766 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü X8 anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(014)-1587/2019 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X5 18 yaşına çatanadək onun saxlanılması üçün Cavabdeh qazancının ¼ (dörddə bir) hissəsi miqdarında aylıq 160 manatdan aşağı olmayaraq X3 xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı övladı barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşağın mənafeyini, onun saxlanması üçün cavabdehdən hər ay qazancının ¼ (dörddə bir) hissəsi miqdarında aylıq 160 manatdan aşağı olmayaraq tutulan alimentin hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq 190 manat məbləğində sabit pul məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, uşağın saxlanması üçün cavabdehdən hər ay qazancının ¼ (dörddə bir) hissəsi miqdarında aylıq 160 manatdan aşağı olmayaraq tutulan alimentin hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(014)-1587/2019 saylı qətnaməsinə əsasən 15 iyul 2016-cı il tarixdə anadan olmuş X1 üçün hər ay tutulan alimentin miqdarı artırılaraq 195 (yüz doxsan beş) manat məbləğində müəyyən edilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddiaçı tərəfindən mediasiya sessiyasının keçrilməsi üçün ödənilmiş 50 manat pulun 25 manatı Cavabdeh tutularaq iddiaçı X7 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 manatdan aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(014)- 1587/2019 saylı qətnaməsinə əsasən 15 iyul 2016-cı il tarixdə anadan olmuş X1 üçün hər ay tutulan alimentin miqdarı artırılaraq 195 (yüz doxsan beş) manat məbləğində müəyyən edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı tərəfindən mediasiya sessiyasının keçrilməsi üçün ödənilmiş 50 manat pulun 25 manatı Cavabdeh tutularaq iddiaçı X7 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar