Məhkəmə qərarları › İş №2(014)-904/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-904/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-904/2023 23.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 və üçüncü tərəfdən "Zamin" qismində Cavabdeh1 arasında bağlanmış 809rstMNG/19 saylı Güzəştli Kredit və X3 görə iddiaçı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun 1648.60 AZN qalıq məbləğini 60 ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla) illik 1% ödəmək şərtilə cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh2 Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh2 arasında 1648.60 manat borcun 60 ay müddətinə, xx.xx.2024-cü il tarixədək, 12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla, illik 1 (bir) faiz ödəmək şərti ilə xx.xx.2019-cu il tarixli, 809rstMNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi bağlanmışdır. İş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, 809rstMNG/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi bağlanmış müqaviləsindən görünür ki, X2 həmin müqavilənin təminatı kimi krediti, hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 809rst/19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2021-ci il tarixə ümumi borcu 1332.64 (min üç yüz otuz iki manat, altmış dörd qəpik) manat təşkil edir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" KB ASC borcalanlara 809rst/19 saylı Güzəştli Kredit və X3 əsasən üzərlərinə götürdükləri öhdəlikləri icra etmədikləri üçün onlara xəbərdarlıq etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan "xxxx" KB ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 33.33 (otuz üç manat, otuz üç qəpik) manat dövlət rüsumu rüsumu ödəmiş 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 809rst/19 saylı Güzəştli Kredit və X3 əsasən "xxxx" KB ASC Cavabdeh2 60 ay müddətinə (12 güzəşt müddəti və komission 0 (sıfır) manat olmaqla) illik 1 (bir) faiz ödənilməsi şərti ilə restruzasiya olunan qalıq məbləğinin 1648.60 manat qalıq məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların "xxxx" KB ASC-yə ümumilikdə 1332.64 (min üç yüz otuz iki manat, altmış dörd qəpik) manat məbləğində borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1330.78 (min üç yüz otuz manat, yetmiş səkkiz qəpik) manat əsas borc, 1.86 (bir manat, səksən altı qəpik) manat faiz borcu olmaqla, cəmi 1332.64 (min üç yüz otuz iki manat, altmış dörd qəpik) manat məbləğində borc və 33.33 (otuz üç manat, otuz üç qəpik) manat ödənilmiş dövlət rüsumu 0.40 qəpik bank xidmət haqqının əvəzi tutularaq ləğv prosesində olan "xxxx" KB ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1330.78 (min üç yüz otuz manat, yetmiş səkkiz qəpik) manat əsas borc, 1.86 (bir manat, səksən altı qəpik) manat faiz borcu olmaqla, cəmi 1332.64 (min üç yüz otuz iki manat, altmış dörd qəpik) manat məbləğində borc və 33.33 (otuz üç manat, otuz üç qəpik) manat ödənilmiş dövlət rüsumu 0.40 qpik bank xidmət haqqının əvəzi tutularaq ləğv prosesində olan "xxxx" KB ASC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar