Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-906/2021 03.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdaş rayonu Cücük kəndində kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün həmin kəndin Bələdiyyəsi ilə 02 iyul 2018-ci tarixdə Mingəçevir regional ASAN Xidmət mərkəzində aralarında bağlanmış, reystrdə 3M-253 nömrə ilə qeyd edilərək rəsmiləşdirilmiş icarə müqaviləsinə əsasən bələdiyyəyə məxsus 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 14 iyun 2033-cü il tarixədək icarəyə götürərək, həmin sahədə arpa bitkisi əkmişdir. Həmin əkin sahəsinə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olan qardaşı X2 nəzarət və qulluq edir. Cavabdeh 27 mart 2019-cu ildə kənd sakinlərinin iribuynuzlu heyvanlarının otarılması ilə bağlı mal növbəsində olarkən kəndin heyvanlarını icarə götürdüyü və apra əkdiyi sahəyə salaraq 2 hektar əkin sahəsinin 0,40 hektar hissəsini tamamilə əzərək məhv etmişdir. Bu barədə dərhal kənd bələdiyyəsinə, kənd icra nümayəndəliyinə və Ağdaş X6 Mərkəzinə müraciət etmişdir. 04 aprel 2019-cu il tarixdə həmin orqanların əməkdaşların və qardaşının iştirakı ilə iribuynuzlu mal qara sürüsü buraxılmış əraziyə baxış keçirilmiş, 2 hektar arpa sahəsinin 0,40 hektarının tamamilə məhv edilərək ona ziyan dəyməsi aşkar edilmiş və bu barədə həmin tarixdə akt tərtib edilmişdir. Sahəyə baxış zamanı mütəxəssislər tərəfindən 0,40 hektar ərazidən 1200 kq məhsul əldə ediləcəyi müəyyən olunmuşdur. Hazırkı bazar qiyməti ilə arpanın bir kq-nın qiyməti 0,45 manat olduğundan cavabdeh tərəfindən ona 540 manat ziyan vurulmuşdur. Bu barədə rəyin verilməsini əməkdaşlardan və mütəxəssislərdən xahiş edəndə, ona bildirmişlər ki, yeni qanunvericiliyə görə dənli bitkilərin real bazar qiyməti Kənd Təsərrüfatı Nazirliyinin "aqrarbazar.az" saytında hər gün yenilənən qiymətləri ilə müəyyən edilir, əlavə mütəxəssis rəyi tələb olunduğu halda, mütəxəssis rəyi yalnız məhkəmənin sorğusuna əsasən verilir. Bundan başqa iddiaçı həmin 2 hektar torpaq sahəsinin 0,40 hektar hissəsinin şumlanmasına, malalanmasına, arpa səpininə, suvarılmasına və aqrotexniki qaydada qulluq məqsədi ilə mineral gübrələrə ümumilikdə ortalama 450 manat xərc çəkmişdir. Beləliklə, cavabdeh tərəfindən ona ümumilikdə 990 manat ziyan vurulmuşdur. Cavabdeh əvvəllər onun əkin sahəsinə maddi zərər vurmasını təkzib etsə də, sonradan onunla aparılmış söhbətlərdən sonra məsuliyyətini qəbul edərək müəyyən müddətə ona vurduğu zərərin əvəzinin ödəməsini öhdəsinə götürmüşdür. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq, o, vurduğu maddi zərərin əvəzini ödəməmişdir və ödəmək fikrində deyildir. Cavabdeh tərəfindən 2 hektar arpa sahəsinin 0,40 hektar hissəsinə iribuynuzlu mal qaranı buraxmaqla ona zərər vurulduğuna görə və həmin zərərin əvəzini keçən müddətdə ödəmədiyinə görə həmin 990 manat zərərəin əvəzini cavabdehdən tələb edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, kənd sakinlərinin iribuynuzlu heyvanlarının otarılması ilə bağlı mal növbəsində olarkən kəndin heyvanları iddiaçının sahəsinə ziyan vurmuş, heyvanları əkin sahəsinə o salmayıb, heyvanların onun şəxsi hevanları deyil, buna görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin hallarını tərəflərin izahatlarına uyğun müqayisəli şəkildə araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıya 264 manat zərər vurmuşdur. Cavabdeh də təsdiq edir ki, kənd sakinlərinin iribuynuzlu heyvanlarının otarılması ilə bağlı mal növbəsində olarkən kəndin heyvanları iddiaçının əkin sahəsinə ziyan vurulmuşdur. Belə olan halda heyvanların zərər vurmasına görə cavabdeh məsuliyyət daşıyır. Bundan başqa, işin materiallarında olan 02.07.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəçi İddiaçı Ağdaş rayonu, Cücük kəndi ərazisində yerləşən ümumi sahəsi 2 ha olan torpaq sahəsi tam mülkiyyətinə verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ağdaş X6 Mərkəzinin mütəxəssisi tərəfindən verilmiş rəydən görünür ki, Ağdaş rayonunun Cücük kəndində yerləşən 2 ha arpa sahəsinin 0,40 hektarında əkilən arpa bitkisinə dəymiş ziyanın məbləği 264 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı məxsus arpa sahəsinə 264 manat məbləğində ziyan vurmuşdur. Bundan əlavə, iddiaçı ona dəyiş zərərin məbləğinin məhz 990 manat olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 264 manat məbləğində dəymiş ziyan və iddia tələbi qismən təmin edildiyindən 15 manat dövlət rüsumunun əvəzi, cəmi 279 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 264 manat məbləğində dəymiş ziyan və iddia tələbi qismən təmin edildiyindən 15 manat dövlət rüsumunun əvəzi, cəmi 279 manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-906/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-906/2021
03.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver