Məhkəmə qərarları › İş №2(014)-906/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-906/2022

30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-906/2022 30.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh torpaq sahəsi almaq məqsədi ilə pula ehtiyacı olduğundan xx.xx.2021-ci il tarixdə 1.400 manat, xx.xx.2021-ci il tarixdə isə 4.000 manat olmaqla müxtəlif vaxtlarda cəmi 5.400 manat məbləğində borc pul vermişdir. Cavabdehin öz imzası ilə təsdiq etdiyi qəbzləri iddia ərizəsinə əlavə etmişdir. Lakin sonradan dəfələrlə etdiyi xahişlərə və tələblərə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə iclası zamanı məlum olmuşdur ki, cavabdehin daimi qeydiyyatı Ağdaş şəhəridir. Bu səbəbdən də mülki iş Yevlax Rayon Məhkəməsində baxılmamış saxlanılaraq sənədlər geri qaytarıldıqdan sonra aidiyyatı üzrə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Buna görə də Cavabdeh 5.400 manat borc məbləğinin və 74 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək İddiaçı arvadının səhhətində problem olduğundan qəbz yazaraq və imzalayaraq 1.400 manat məbləğində borc pul almış, faizini vermiş əsas borc isə qalmışdır. Lakin İddiaçı 4.000 manat məbləğində borc pul almamış və heç bir qəbz yazaraq imza etməmişdir. 4.000 manat məbləğində borc pulun alınmasına dair qəbzdəki imza ona aid deyil. Buna görə də iddianın qismən təmin edilməsini, iddianın 4.000 manat tələbinə dair hissəsində əsassız oduğundan rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini, cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-208/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadın surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1 ay müddətinə qaytarmaq şərti ilə 1.400 manat məbləğində borc pul almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1 ay müddətinə qaytarmaq şərti ilə 4.000 manat məbləğində borc pul almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/1137 saylı, 29 avqust 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 29-cu vərəqində olan Cavabdeh borc verilməsi barədə xx.xx.2021-ci il tarixli qəbzin aşağı hissəsində “punhan İmza:” yazıları qarşısındakı 3 ədəd imza Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilə bilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müaviq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozaraq icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-cü maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübkt etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan 5.400 manat məbləğində borc pul almış, lakin cavabdeh 1.400 manat məbləğində borc pul aldığını etiraf edib, 4.000 manat məbləğində borc pul almadığını, iş materiallarına əlavə edilmiş 4.000 manat məbləğində pulun alınmasına dair qəbzin ona aid olmadığını bildirsə də, məhkəməyə heç bir əsaslı sübut təqdim etmədiyindən, iş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspetizasının rəyi əsasında müəyyən olunmuşdur ki, 4.000 manat məbləğində borcun alınmasına dair qəbzdə olan imza cavabdehə məxsusdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 5.400 manat məbləğində pul və 74 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçının xeyrinə verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5.400 manat məbləğində ğorc, 74 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 5.474 (beş min dörd yüz yetmiş dörd) manat alınaraq İddiaçı xeyrinə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qayada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar