Məhkəmə qərarları › İş №2(014)-924/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-924/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-924/2021 05.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xeyli müddətdir ki, qohumluq ünsiyyətləri olmuşdur. Aralarında problem yaranana kimi cavabdehlə mehriban olmuşlar. Heç bir problem yaşamamışlar. Cavabdeh 06 mart 2015-ci ildə ondan 2143 manat pul almışdır. Həmin məbləği o, Göyçay rayonunda “xxxx” ASC-nin filialından 3368,36 manat pula razılaşıb kredit yolu ilə alıb, elə bankın binasının içində də cavabdehə vermişdir. Cavabdeh 3588,36 manatın hamısını “xxxx” ASC-yə ödəməyi üzərinə götürmüşdür. Cavabdeh həmin məbləği mütəmadi olaraq hər ay qaytarmaq şərti ilə ondan almışdır. Ancaq bu günədək cavabdeh aldığı borc məbləğini geri qaytarmaq üçün heç bir ödəniş etməmiş və qaytarmaqdan boyun qaçırmışdır. Buna səbəb olaraq da cavabdeh maddi imkanının zəif olduğunu bildirmişdir. Ancaq cavabdeh aldığı borcunu qaytarmaq üçün maddi imkana malikdir və şəxsi təsərrüfat və heyvandarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdeh borc aldıqda borcunu hər ay mütəmadi olaraq ödəyəcəyini, 06 mart 2019-cu ilədək də müqavilənin son tarixinə kimi borcunu banka ödəyərək tamamilə bağlayacağını, nağd olaraq ödəməklə qaytaracağına tam təminat verərək aralarında şifahi olaraq razılaşma olmuşdur. Verdiyi pula dair yazılı müqavilə bağlamağı təklif etsə də, cavabdeh onun ağzından çıxan sözün elə sənəd, müqavilə olduğunu bildirmiş, nəticədə aralarında şifahi borc müqaviləsi bağlanmış və onu ən qısa vaxtda pulu ödəyəcəyinə hər dəfəsində əmin edərək söz vermişdir. Ancaq cavabdeh verdiyi sözünə əməl etməmişdir. Sonuncu dəfə cavabdeh noyabr ayından sonra aylıq tam olaraq borcunu ödəyəcəyini bildirsə də, bu günədək həmin məbləği ödəməkdən boyun qaçırır. Dəfələrlə cavabdehə borcunu könüllü ödəməsini, borc məsələsini aralarında mübahisəsiz həll etməsini xahiş etsə də, cavabdeh hər dəfəsində borcunu tezliklə ödəyəcəyini bildirsə də, bu günədək cavabdeh borcundan heç bir məbləğ ödəməmişdir. Cavabdeh borcunu vaxtında ödəmədiyi üçün banka 4300 manat pul ödəmişdir. Cavabdehlə yaxın ünsiyyətləri olduğu üçün ona hər dəfəsində inanmışdır. Cavabdeh isə ona olan etibarından sui-istifadə etmişdir. Nəticədə cavabdeh onun pulu ilə varlanmağa və pulunu mənimsəməyə davam edir, o isə günü-gündən maddi ziyanlıq çəkir. Cavabdeh isə tezliklə ödəyəcəyinə dair yalan vədlər verərək və müxtəlif bəhanələr gətirərək pulunu mənimsəməyə davam edir. Cavabdehdə olan pulunu ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehdən 4300 manat miqdarında borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat vəsaitin alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İşin materiallarında olan “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 06 mart 2015-ci il tarixli, 62-15-11-009119 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı 48 ay müddətinə illik 28% ödəmək şərti ilə 2145 USD məbləğində kredit vermişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı cavabdeh tərəfindən ona 4300 manat məbləğində borclu olduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, “xxxx” ASC tərəfindən İddiaçı 48 ay müddətinə illik 28% ödəmək şərti ilə 2145 USD məbləğində kredit vermişdir. Həmin pulun İddiaçı tərəfindən Cavabdeh borc verilməsinə dair iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar