Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-93/2025 28.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 8.4-3-cü bəndinə əsasən Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM- in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. İddia ərizəsinə əlavə edilmiş materiallardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 11 aprel 2014-cü il tarixli 2(051)-619/2014 saylı qətnaməsi ilə iddiaçının xeyrinə birgə nikahdan doğulmuş 07 fevral 2013-cü il təvəllüdlü X1 üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə iclasında iddiaçı tələbini hazırda yaşayış minimumunun artması ilə əsaslandırmış, borclunun maliyyə vəziyyətinin yaxşılaşması barədə onda heç bir məlumatın olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, iddiaçının alimentin artırılması tələbinə minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması əsası ilə deyil, aliment ödəyənin maddi vəziyyətində dəyişiklik olması ilə əsaslandırdığı və sübutlar təqdim etdiyi halda iddia icraatında baxılması mümkündür. Əks halda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına əsasən iddia tələbinin mahiyyəti indeksasiya xarakteri daşıyır və bu məsələyə ilk olaraq icra icraatı qaydasında icraya nəzarət edən məhkəməyə qüvvədə olan qətnamənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən icra üsulunun dəyişdirilməsi ərizə ilə müraciət edilməli, sabit pul məbləğində tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına nisbətdə misli müəyyən olunmalı və həmin Məcəllənin 232-ci maddəsinə uyğun olaraq məbləğin indeksasiyası aparılmalıdır. Göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8- ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması əsası ilə qüvvədə olan qətnamənin alimentin tutulması hissəsinə dair icra üsulunun dəyişdirilməsi və tutulmalı pul məbləğinin müvafiq indeksasiyası barədə ərizə ilə icra icraatı qaydasında icraya nəzarət edən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması əsası ilə qüvvədə olan qətnamənin alimentin tutulması hissəsinə dair icra üsulunun dəyişdirilməsi və tutulmalı pul məbləğinin müvafiq indeksasiyası barədə ərizə ilə icra icraatı qaydasında icraya nəzarət edən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-93/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-93/2025
28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver