Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-935/2025 24.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Osmanlı Elvin Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 5000 manat pulun, əlavə olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun borcu ödəmənin gecikdirilməsinə görə faizlərin də tutularaq ona ödənilməsinin təmin edilməsini, eləcə də iddia qaldırarkən tərəfindən ödənilmiş 70 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə dostu və iş yoldaşı X1 vəsitəsilə tanış olmuşlar, bu səbəbdən də aralarında münasibət və etibar yaranmışdır. Belə ki, Cavabdeh həmyerlisi və dostu Şəmsəddin Hacıyevin direktor olduğu Lənkəran "xxxx" MMC-yə o və dostu Xasay Məmmədov əhalidən süd məhsulları toplaraq təhvil verirdilər. Həmin vaxtlar Cavabdeh dostu Xasaya ona pul lazım olduğunu deyərək borc pul tapmasını istəmiş və Xasayda bu barədə ona deyərək Xalisin etibarlı olduğunu və ona pul tapıb verə bilib-bilməyəciyini soruşduqda o özü də Cavabdeh tanıdığı və onunla münasibəti olduğunu düşünüb Xalisin istədiyi 5000 manat pulu 2023-cü ilin aprel ayında Xasay Məmmədovun yanında ona verdi. Xalis borc aldığı pulu tezliklə qaytaracağını bildirdi. Daha sonra Cavabdeh Ağdaş rayonuna qayıtdı və onlarda mütəmadi olaraq onların rayonlarına eləcə də Mingəçevir şəhərinə gedərək həmin rayonlardan da süd məhsullarını əhalidən toplayaraq xüsusi soyuducular vasitəsilə gətirib Lənkəran "xxxx" MMC-yə təhvil verdilər. Ancaq müəyyən müddət keçəndən sonra əl borcu olaraq veriyi pulu Xalisdən tələb etdikdə o, hər dəfə verəcəyini bildirsə də qaytarmayıb. Bu səbəbdən də o, 24 iyun 2023-cü il tarixdə Lənkərana gələrkən bildirib ki, narahat olmayın və ilin sonuna kimi ondan aldığı borcu qaytarmaq üçün ona notarial qaydada ərizə verə bilər. Onlar Lənkəran rayon 1 saylı notariat ofisinə getdilər və orada Cavabdeh ondan borc aldığı 5000 min manat pulu 31 dekabr 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürməsinə dair rəsmi ərizə verdi. Bununla belə o, yenə də vədinə əməl etmədi və bu vaxta kimi müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınıb. O, bu vaxta kimi ona heç bir məbləğdə pul ödəməmişdir. Bütün bunlarla qeyd etmək istəyir ki, Cavabdeh ona olan həmin borcu etiraf etsə də, qaytarmaqdan müxtəlif bəhanələrlə yayınıb. Onu da qeyd etmək istəyir ki, o həmin pulu başqasından borc alaraq Xalisə vermişdir. O, pulu vaxtında qaytarmadığından pul müəyyən qədər dəyərini itirmiş, ona ziyan dəymişdir. Bu səbəbdən də əlavə olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun borcu ödəmənin gecikdirilməsinə görə faizlərin də tutularaq ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Pulunu da geri qaytarmadığından məcbur olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması, borcunun cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli 12-16/537 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən o, ünvan 1 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Lənkəran rayon 1 saylı notariat ofisinə Cavabdeh tərəfindən verilən 24 iyun 2023-cü il tarixli ərizənin surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı 5000 manat borc pul almışdır. Həmin pulu maddi durumu pis olması ilə əlaqədar qaytara bilməmişdir. Həmin borcu xx.xx.2023-cü il tarixinə kimi qaytaracağını öhdəsinə götürüb bu ərizəni imzalamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh 5000 manat məbləğində borc pul vermişdir. Lənkəran rayon 1 saylı notariat ofisində Cavabdeh iddiaçıdan borc aldığı 5000 min manat pulu 31 dekabr 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürməsinə dair rəsmi ərizə vermişdir. Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun İddiaçı 5000 manat borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən həmin borcun ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda hissəsini əsassız hesab edərək bildirir ki, iddiaçı fiziki şəxs olduğundan, öhdəliyin qanunla müəyyən edilmiş müddət ərzində qaytarılmamasına görə müqavilə müddəti ərzində müqavilədə göstərilmiş faizləri, müqavilə müddətindən sonra isə qanunla müəyyən edilmiş faizləri tələb etmək hüququna malik olduğundan, iddiaçının əsas borcun vaxtında geri qaytarılmaması ilə bağlı cavabdehdən əlavə olaraq əldən çıxmış fayda (Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsi) qismində pul tələb etməsi əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 5000 (beş min) manat borc və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh 5000 (beş min) manat borc və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-935/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-935/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver