Məhkəmə qərarları › İş №2(014)-937/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-937/2022

04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-937/2022 04.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-in “Proqram bazası”nda **********00295 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış ÜG 6807 Vk tipli, zavod nömrəsi 68846608 olan elektrik hesablama sayğacı vasitəsi ilə xx.xx.2007-ci il tarixdən xx.xx.2016cı il tarixinə kimi, xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinə kimi CE 200 tipli zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixinə kimi M 550 tipli zavod nömrəsi 19229557 olan elektrik hesablama sayğacı vasitəsi ilə, xx.xx.2020-ci il tarixdən hal-hazıra kimi isə PAUD-MP 106 tipli zavod nömrəsi **********8 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerji təchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş-Xəbərdarlığ”a uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ei il tarixinə kimi Cavabdeh yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğaclarının enerji sərfıyyatı göstəricilərinə əsasən dəyəri 6926,09 manat təşkil edən 101376 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir, xx.xx.2016-cı il tarixindən "xxxx" ASC tərəfindən məcburi köçkünlərin elektrik enerjisindən istifadəyə görə yaratmış olduqları debitor borclar birtərəfli qaydada silinmişdir. İddiaçı Cavabdeh həmin tarixə yaratmış olduğu 1095,37 (min doxsan beş manat 37 qəpik) manat məbləğində debitor borcu da onun istehlakçı kodu üzrə hesabından silinmişdir. Cavabdeh sayğacquraşdırma tarixinə 3024,9 (üç min iyirmi dörd manat 90 qəpik) manat borcu olmuşdur. Bundan əlavə Cavabdeh tərəfindən limitdən (5 nəfər üçün 105 manat) artıq istehlak edilmiş elektrik enerjisinin təşkil edən dəyəri də nəzərə alınmaqla 6926,09 manat məbləğində elektrik enerjisi istehlak edilmişdir. cavabdeh B.Cavabdeh tərəfindən bu günə kimi istehlak edilmiş elektrik enerjisinin dəyərindən cəmi 460 manat ödəniş edildiyi üçün onun xx.xx.2022-ci il tarixinə ödənilməli olan 1979,90 (min doqquz yüz yetmiş doqquz manat 90 qəpik) manat məbləğində debitor borcu vardır. Cavabdeh yaşadığı ünvana 08 yanvar 2021-ci il tarixli 02 №-li Pretenziya göndərilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 2909,9 (iki min doqquz yüz doqquz manat 90 qəpik) manat məbləğində debitor borcun 7gün ərzində ödənilməsinin təmin edilməsi, əks təqdirdə "borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə ona ünvanlanmış “Pretenziya”nı şəxsən almasına baxmayaraq borcdan cəmi 460 manat ödəniş etmişdir. Cavabdeh yaşadığı əraziyə xidmət edən nəzarətçi mühəndis tərəfindən sayğac göstəriciləri hər ay mini kompyuter vasitəsi ilə oxunaraq istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və qalıq borc məbləği göstərilən "Bildiriş-xəbərdarlıq” təqdim edilməsinə baxmayaraq o ödəniş etməkdən qəsdən yayınmaqla cavabdeh "xxxx" ASC-yə 1979,90 (min doqquz yüz yetmiş doqquz manat 90 qəpik) manat məbləğində ziyan vurmuşdur. Qeyd olunanlar Cavabdeh Ağdaş EŞ-nin ”Proqram bazası”nda qeydiyyatda olan istehlakçı kodu üzrə “İstehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən” Abunə haqqında məlumatda öz təsdiqini tapır. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddianı qəbul edir. Yaranmış borcu hissə-hissə ayda 50 manat olmaqla ödəyəcəkdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, № 224283 saylı enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin 3-cü bəndinə əsasən məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşma quraşdırıldığı yerdən asılı olmayaraq hesablaşma yalnız elektrik sayğacının göstərişinə əsasən aparılır. Məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşmada elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. İşin materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli, № 224283 saylı enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin 4-cü bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar məişət abonenti istehlakçı qrupu üçün təyin edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,07 və 0,11 manat tarifləri üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə bu nəzərə alınır. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli abunə haqqında arayışdan görünür ki, Ağdaş rayonu, Yenicə kəndində yerləşən Cavabdeh yaşadığı mənzilə 1979,90 manat borc hesablanmışdır. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli, 02 saylı pretenziya məktubundan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh elektrik enerjisindən istifadəyə görə borc ödənilmədiyi üçün xəbərdarlıq olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 39,80 (otuz doqquz manat, səksən) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh elektrik enerjisinin istehlak etmiş və 1979,90 manat borcu yaranmışdır. Hazırda iddiaçı həmin borcun cavabdehdən tutulması üçün məhkəməyə müraciət etmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarının 8.14-cü maddəsinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1979,90 manat borc və 39,80 manat dövlət rüsumunun əvəzi, cəmi 2019,70 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1979,90 manat borc və 39,80 manat dövlət rüsumunun əvəzi, cəmi 2019,70 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar