Məhkəmə qərarları › İş №2(014)-938/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-938/2022

01.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-938/2022 01.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə ailə münasibətləri xasiyyətlərinin uyğun gəlməməsi, ona və körp övladına baxmaması, eləcə də ailəsinin günahı ucbatından arılmışlar. Həmçinin Ağdaş Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(014)-791/2021 saylı qətnaməsi ilə birgə nikahlarından anadan olmuş X2 18 yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat miqdarında aliment miqdarının cavabdehdən alınıb onun xeyrinə tutulması qət edilmişdir. Övladı körpə və azyaşlıdır. Ehtiyacları və gündəlik tələbatları günü-gündən artır. Bu xərcləri tək başına və 130 manat aliment ilə övladının ehtiyaclarını qarşılaya bilmir. Uşağın saxlanılması 140 manat məbləğində aliment kifayət etmir. Bu müddət ərzində cavabdeh bir dəfə də olsa uşağı ilə maraqlanmamış, körpə balasına əlavə olaraq heç bir maddi yardım göstərməmişdir. Ayrıldıqları gündən etibarən o, və oğlu valideynlərinin himayəsindədirlər. Artıq çox çətinlik çəkir və oğlunun ehtiyaclarını qarşılamağa maddi imkanı çatmır. Buna görə də aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş 14 fevral 2016-cı il təvəllüdlü X2 18 yaşına çatana kimi saxlanılması üçün Ağdaş Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(014)-791/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 140 manat miqdarında alimentin miqdarının artırılaraq həmin uşağın 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi haqqında qətnamə çıxarılması xahiş edilir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-791/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyirinə bir uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 14 fevral 2016-cı il tarixdə anadan olmuş X4 18 yaşına çatana qədər onun saxlanılması üçün İddiaçı xeyrinə hər ay 140 manat aliment tutulması qət edilmişdir. İşdə olan 27 aprel 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiyada iştirak etmiş, lakin Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimenti ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli plenum qərarından görünür ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşaqların mənafeyi və 01 yanvar 2022-ci il üçün uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə 14 fevral 2016-cı il təvəllüdlü X2 18 yaşına çatana qədər uşağın saxlanılması üçün hər ay 160 manat aliment tutulmalıdır. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli Plenum Qərarı nəzərə alınaraq aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə uşağın saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 14 fevral 2016-cı il təvəllüdlü X2 18 yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay 160 (yüz altmış) manat aliment tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar