Məhkəmə qərarları › İş №2(014)-941/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-941/2022

16.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-941/2022 16.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Nizam Əliyev Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızının iştirakı ilə, İddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızının Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onunla birgə nikahlarından anadan olmuş uşaqları 27 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ağdaş rayon məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılmasına, yəni həmin uşağın 18 yaşı tamam olan günədək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğindən alimentin həmçinin də mediasiya xərci kimi ödədiyi 50 manat pulun onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Məhkəməsinin 2(014)-1168/2021 saylı 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə birgə nikahlarından anadna olmuş 27 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Uşaq azyaşlı olduğundan, heç bir yerdə işləyə bilmir. Həmin məbləğə uşağın və eləcə də özünün saxlanılmasında, yəni uşağın fiziki və əqli cəhətdən sağlam böyüməsində, qidalanmasında tələbatlarının ödənilməsi mümkün olmadığından, eləcə də bütün gündəlik tələbat mallarının qiymətlərinin xeyli məbləğdə artığından onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Lakin cavabdeh bütün bunları nəzərə almayaraq fərdi əməklə məşğul olmasına və gəlirinin yüksək olmasına baxmayaraq hər ay 160 manat ödəməklə öz valideynlik vəzifəsini yerinə yetirmiş hesab edir. Ona görə də alimentin miqdarı ilə əlaqədar cavabdehlə aralarında yaranmış mübahisənin həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, artırılmasına zərurət yaranmışdır. Cavabdeh mediasiya sessiyasına gəlmədiyinə və mediasiya xərclərinin bölüşdürülməsinə münasibət bildirmədiyinə görə hesab edir ki, mediasiya zamanı ödədiyi 50 manat mediasiya xərci cavabdehdən alınaraq ona verilməlidir. Odur ki, uşağa görə təyin edilmiş alimentin hazırki miqdarının artırılması üçün hazırki iddia ərizəsi ilə müraciət edir. İddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 22 aprel 2022-ci il tarixli 76 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, Cavabdeh Məmmədova (Paşayeva) Lamiyə Elşən qızı tərəfindən təsvir edildiyi kimi, “alimentin miqdarının artırılması tələbi” mübahisəsi üzrə xx.xx.2022 tarixində 15:00 saatlarında keçirilən ilkin mediyasiya sessiyasında iştirak etdiklərini təsdiq etmək üçün verilir. Cavabdeh Eyyub oğlu ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə xx.xx.2022-ci il tarixində poçt vasitəsi ilə məlumatlandırılmışdır. Məmmədova (Paşayeva) Lamiyə Elşən qızı ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya ya dair xərci ödədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(014)-1168/2021 saylı qətnamənin surətindən məlum olur ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə Məmmədova (Paşayeva) Lamiyə Elşən qızının birgə nikahlarından anadan olmuş 27 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızına verilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddia tələbi qalan hissədə təmin edilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(014)-1313/2021 saylı qətnamənin surətindən məlum olur ki, iddia təmin edilmiş, Cavabdeh ilə Məmmədova (Paşayeva) Lamiyə Elşən qızının arasında bağlanmış Mingəçevir regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsində 29 noyabr 2018-ci ildə 514 № ilə qeyd edilmiş nikah pozulması, 27 aprel 2020-ci ildə anadan olmuş X2 adlı uşaq anası Məmmədova (Paşayeva) Lamiyə Elşən qızının yanında saxlanılması, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mediasiya haqqında qanunun 3.4-cü maddəsinə əsasən Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Mediasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Dövlət rüsumu haqqında qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(014)-1168/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, 27 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment və mediasiya xərci kimi ödədiyi 50 manat pul Cavabdeh alınaraq iddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızının xeyrinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(014)-1168/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh 27 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment və mediasiya xərci kimi ödədiyi 50 manat pul iddiaçı Məmmədova (Paşayeva) Lamiyə Elşən qızının xeyrinə tutulsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar