Məhkəmə qərarları › İş №2(014)-947/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-947/2023

17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-947/2023 17.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə həmkəndlidirlər. Cavabdeh iddiaçıya müracət edərək ona 10000 manatpul lazım olduğunu bildirmiş, o, da cavabdehə pulunun olmadığını, lakin tanışlarından taparaq ona pul verəcəyini bildirmişdir. 2022-ci ilin oktyabr ayının 26-dan başlayaraq həmin ilin noyabr ayının 20-nə kimi ümumilikdə Cavabdeh 10000 manat məbləğində pul vermişdir. Bundan sonra Cavabdeh ona həmin pulu 20 gün ərzində qaytaracağını bildirmişdir. Verdiyi pulların bir qismini Niyazın kart heabına köçürmə yolu ilə, 2000 manatını Niyazın qohumu olan Ağdaş rayonu, Qaradağlı kənd sakini X1 işlədiyi bərbərxanaya və digər hissəsini, yəni 2500 manatını Ağdaş şəhəri Qaz İdarəsinin yanında, qalan 2500 manatını isə Ağdaş rayonu, Ağcayazı kəndində vermişdir. Sonradan dəfələrlə Niyazdan aldığı borcu ödəməsini tələb etsə də, müxtəlif bəhanələr gətirərək borcunu ödəməmişdir. Niyazın ondan aldığı pulu vəsaitini telefon danışıqları zamanı etiraf edərək, kredit alacağını, ya da ki, özünə məxsus torpaq sahəsini sataraq ona məxsus pulu ödəyəcəyini bildirmiş, lakin Niyaz verdiyi vədlərə əməl etməmişdir. Onun tərəfindən aldanıldığını başa düşmüş və buna görə də mülki qaydada məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona, yəni hazırki iş üzrə Cavabdeh qarşı "Pul tələbi'nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 10000 (on min) manat pulun və ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini bununla əsaslandırmışdır ki, 2022-ci ilin oktyabr ayında ona pula ehtiyacının olmasını bildirərək ondan 10000 manat borc pul istəmiş, o da özündə o qədər pulun olmadığını, lakin tanışlarından taparaq həmin pulu ona verəcəyini bildirmişdir. O da iddiaçı ilə razılaşdığından o, həmin ilin oktyabr ayından başlayaraq noyabr ayının 20-nə kimi müxtəlif vaxtlarda ona ümumilikdə 10000 manat borc pul vermişdir. Elnur ondan 10000 manat pulunu tələb edəndə o, həmin borcu etiraf etmiş və bildirmişdir ki, həmin pulu tezliklə kredit götürüb və ya torpaq sahəsini sataraq ona qaytaracağını bildirmişdir. Tərəfindən aldanıldığını başa düşmüş və buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin surətini və məhkəmə bildirişini almışdır. İddia tələbini qismən qəbul edir və aşağıda göstərdiyi hallara və əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, həqiqətən də o, qeyd edilən vaxt özünə təcili pul lazım olduğuna görə el arasında sələmə pul verən şəxs kimi tanınan İddiaçı ilin sonuna kimi qaytarmaq şərti ilə borc pul istəmiş, Elnur da ona bir dəfə özünün şəxsi vizual kartına 2000 manat, sonradan iddia ərizəsində göstərdiyi bərbər Seymur İsmayılovun bərbərxanasında yox, onun yaxınlığında 2000 manat, kəndlərində 1700 manat və 1000 manat isə Qaz İxrac İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin yaxınlığında verməklə, cəmi 6700 (altı min yeddi yüz) manat pul vermişdir. O, iddiaçıya həmin pulu birdəfəlik qaytara bilmədiyindən iddiaçı dəfələrlə ondan rayon Polis Şöbəsinə şikayətlər yazmış və hər şikayət ərizəsində pulun məbləğini gah 7000 manat, gah da 10000 manat göstərmişdir. Polis şöbəsinə verdiyi şikayət ərizəsi araşdırılan zaman iddiaçıdan cəmi 6700 manat borc aldığını bir daha nəzərinə çatdıran zaman onun iddiaçıya 6700 manat yox, 7200 manat borcunun olduğunu bildirmişdir. Həmin vaxt iddiaçı özünün dediyi 7200 manat pulun 2000 manat hissəsini birdəfəyə, qalan hissəsini isə ayda 400-500 manat olmaqla ödəməyə razı olmuşdur. O, iddiaçıya 2000 yox 600 manat verməyə hazır olduğunu bildirəndə iddiaçı ondan 700 manat tələb etdi. O, da üstündə cəmi 600 manat pulunun duğunu, üstünü səhərə kimi düzələdərək ona verə biləcəyini deyəndə iddiaçı razılaşdı. Səhəri gün o, iddiaçı ilə görüşüb 700 manat pulu ona vermək istəyəndə iddiaçı bundan imtina etmişdir. İddiaçının ondan rayon Polis Şöbəsinə yazdığı şikayət ərizələri əsasında toplanmış materiallar şöbədən tələb edilərək baxış keçirılərsə, etirazının əsası kimi göstərdikləri öz təsdiqini tapar. Göründüyü kimi iddiaçı ona 10000 manat pul verdiyini heç bir əsaslı sübutlarla təsdiq edə bilməmişdir. İşə baxılarkən iddiaçı tərəfin ondan 10000 manat pul almağını təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməməsi, ona borc verdiyi pulun qədəri ilə bağlı müxtəlif məbləğlər göstərməsi işin faktiki halları kimi işə baxan məhkəmə tərəfindən nəzərə almalıdır. Ona görə də qeyd edilənləri, yəni iddiaçının iddia tələbinin əsası kimi ona 10000 manat məbləğində pul verməsini təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməməsini və iddia tələbini 6700 manat hissədə qəbul etməyini, qalan hissəsinə qarşı etirazının nəzərə alınaraq iş üzrə tərəflərin təqdim etdikləri sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmasını, onlara düzgün hüquqi qiymət verilməsini, iddiaçının ona qarşı pul tələbinə dair iddia ərizəsinin qismən, yəni 6700 manat hissədə təmin, qalan hissədə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, iddiaçıya 6700 manat məbləğində borcunun olduğunu etiraf edərək iddianın həmin hissədə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan bir ədəd Cavabdeh məxsus **********313599 saylı Kapital Banka məxsus kartın fotoşəklindən və iki ədəd qəbzin fotoşəklindən görünür ki, Emanat ödəniş terminalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə M***** N****** S***** oğluna məxsus 4169974******3599 nömrəli kartına 2000 (iki min) manat və xx.xx.2022-ci il tarixdə M***** N****** S***** oğluna məxsus 4169974******3599 nömrəli kartına 1000 (min) manat məbləğində pul köçürülmüşdür. İşin materiallarında olan xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Ağcayazı kənd sakini İddiaçı Ağdaş rayon Polis şöbəsinə etmiş olduğu müraciəti üzrə toplanmış materiallara əlavə edilmiş ərizələrin surətlərindən görünür ki, Ağdaş rayonu, Ağcayazı kənd sakini Cavabdeh izahatında 2022-ci ilin oktyabr ayından etibarən müxtəlif vaxtlarda Ağdaş rayonu, Ağcayazı kənd sakini İddiaçı ümumilikdə 6700 manat borca pul aldığını, lakin imkanı olmadığı üçün borcunu qaytara bilmədiyini, imkanı olduqca borcunu hissəhissə qaytaracağını izahatında bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh borc alması nəticəsində İddiaçı 6700 (altı min yeddi yüz) manat məbləğində borcu yaranmışdır. Aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə onun İddiaçı 6700 (altı min yeddi yüz) manat məbləğində borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən həmin pulun 10000 (on min) manat olmasını bildirərək, ona geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Göründüyü kimi iddiaçı cavabdehə borc pul verməsini bildirsə də, onlar arasında etibarlı borc müqaviləsinin olmasını təsdiq edən heç bir sənəd yoxdur, əksinə, tərəflər 3000 manatdan çox məlbəğə dair borc münasibətlərinə daxil olsalar da, qanunvericiliklə müəyyən edilmiş müqavilənin yazılı olması ilə bağlı tələbə riayət etməmişlər. Buna görə də onlar arasında etibarlı müqavilə münasibəti yoxdur. Lakin işin faktiki halları ilə iddiaçının 6700 manat pul vəsaitinin cavabdehdə olması (Ağdaş rayon Polis şöbəsindən məhkəməyə təqdim olunmuş matariala əlavə edilmiş izahatdan) müəyyən edilmişdir. Yəni cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının pul vəsaitini özündə saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İddiaçı cavabdehin ona 10000 manat borclu olmasını bildirsə də, bu məbləğin məhz 10000 olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Əksinə işin materialları ilə müəyyən edilmişdir ki, cavabdehin borcu 6700 manat təşkil edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 6700 (altı min yeddi yüz) manat məbləğində pul və 120 (yüz iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6700 (altı min yeddi yüz) manat məbləğində pul və 120 (yüz iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar