Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-948/2023 09.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə Ağdaş rayonu, Cücük kəndi ərazisindən cizgidə göstərilən sərhəd daxilində iddiaçıların ümumi birgə mülkiyyətinə 1,63 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə adlarına 22 may 2000-ci il tarixdə dövlət aktı qeydiyyat kitabında 14258 nömrə ilə qeydə alınmış JN: 128 kod 90307028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmişdir. Torpaq sahəsi mütəxəssislər tərəfindən dövlət aktının cizgisində göstərilən ölçüdə naturada ölçülərək və tanıdılaraq bizə təhvil verilmişdir. Həmin torpaq sahəsi onlara veriləndən sonra həmin torpaq sahəsinə aqrotexniki qaydada qulluq edərək həmin torpaq sahəsini kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi üçün tam yararlı vəziyyətə salmışlar. 2022-2023-cü il məhsul mövsümü ilə əlaqədar 2022-ci ilin payızında həmin 1,63 hektar əraziyə texnika vasitəsi ilə kiloqaramı 60 qəpik olamqla ortalama 240 manata 400 kq toxumluq arpa alaraq səpmişlər. 2023-cü ilin dekabr ayının əvvəllərində cavabdeh X1 özünə məxsus iri və xırda buynuzlu malqarasını dəfələrlə arpa əkdiyi və yeni suvardığı sahəyə salaraq 1,63 hektar əkin sahəsini tamamilə heyvanlara yedizdirərək və əzdirərək məhv etmişdir. Bu barədə cavabdehə iradlarını bildirəndə cavabdeh belə qanunsuz hərəkətlərini bir daha etməyəcəyinə söz versə də, bir-iki gündən sonra təkrarən özünə məxsus heyvanlarını həmin əraziyə buraxmışdır. Cavabdehin belə qanunsuz hərəkətlərindən bütün kənd camaatı bezar olmuşdur. Belə ki, cavabdeh ondan başqa digər təsərrüfat sahiblərinə də xeyli ziyan vurmuşdur. İddiaçılar cavabdeh tərəfindən özünə məxsus iri və xırdabuynuzlu heyvanlarını onların əkin sahələrinə buraxaraq əkin sahəsini məhv etməyi barədə kənd bələdiyyəsinə ünvanladıqları ərizəni və faktları yerində baxış keçirməklə araşdırmış, baxış zamanı yazdıqları öz təsdiqini tapmışdır. Cavabdeh özünə məxsus heyvanlarını onların əkin sahələrində otarmasını telefon vasitəsi ilə videoya çəkmişlər. Cavabdeh onun və digərlərinin əkin sahələrinə ziyan vurduğuna və belə hallar təkrar olunduğuna görə zərərçəkənlər ərizə ilə rayon Polis şöbəsinə müraciət etmişlər. Rayon Polis şöbəsi onlara mübahisələrinin mülki xarakterli olduğuna görə mübahisənin həlli məqsədi ilə aidiyyati üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Apardıqları hesablamalara və mütəxəssislərin verdiyi məlumata görə cavabdeh tərəfindən onlara əkin sahələrini məhv etdiyinə görə ortalama 2250 manat ziyan vurmuşdur. Əkin sahələrinə baxış keçirilərək vurulmuş ziyanı müəyyən etmək üçün Ağdaş rayon Kənd təsərrüfatı idarəsinə müraciət edəndə oradan onlara həmin əraziyə baxış keçirilərək vurulmuş ziyanın müəyyən edilməsi üçün mütəxəssisin ayrılması yalnız məhkəmənin sorğusu əsasında mümkündür. Ona görə də cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə mürciət edərək onun tərəfindən mülkiyyətlərində olan 1,63 hektar arpa sahəsinə həmin sahəyə iribuynuzlu mal-qara buraxması nəticəsində ona ziyan vurduğuna görə 2250 manat ziyanı cavabdehdən tələb edirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh 13 iyul 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddianı qəbul etməyərək heyvanları Baloğlanın topraq sahəsində otlatmağını, iddia ərizəsində göstərilənlərin yalan olduğunu bildirərək iddianını təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab etmiş və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan JN-128, KOD 90307028 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli 03 nömrəli qərarı ilə 1,63 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmişdir. İşin materiallarında olan Ağdaş rayonu Qaradağlı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 09 nömrəli arayışından görünür ki, vətəndaşın ərizəsini nəzərə alaraq Qaradağlı Bələdiyyəsinin sədri Əli Musayev tərəfindən vətəndaşa məxsus Cücük kəndində yerləşən 1,63 ha pay torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, 1,63 ha pay torpaq sahəsinin tamamı mal-maş tərəfindən yedizdirilmişdir. Hal-hazırda həmin sahədə heç bir arpa əkini qalmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçıların mülkiyyətində 1,63 ha pay torpaq sahəsi var və iddiaçılar həmin torpaq sahəsində arpa əkdiklərini, həmin əkin sahəsində əkilmiş arpanın cavabdehə məxsus mal-qara tərəfindən yeyilərək onlara maddi ziyanın dəydiyini iddia etsələr də, lakin işin materiallarına onlara ziyanın cavabdehə məxsus mal-qara tərəfindən dəyməsinə, o cümlədən dəymiş ziyanının miqdarının müəyyən edilməsinə dair heç bir mötəbər sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-948/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-948/2023
09.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver