Məhkəmə qərarları › İş №2(014)-970/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-970/2024

01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-970/2024 01.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Aliment tələbinə dair” Ağdaş Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasına və Cavabdeh birgə nikahlarından doğulmuş 6 noyabr 2011-ci il təvəllüdlü X3, 12 fevral 2008-ci il təvəllüdlü X4 və 27 dekabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 235 manat məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair və mediasiya şurasına keçirmiş olduğu 50 manat rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 25 yanvar 2007-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından 6 noyabr 2011-ci il təvəllüdlü X3, 12 fevral 2008-ci il təvəllüdlü X4 və 27 dekabr 2009-cu il təvəllüdlü X5 doğulmuşdur. Cavabdeh ilə birgə yaşadıqları dövrdə ilk vaxtlar ailə münasibətləri yaxşı olmuşdur. Lakin sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmiş, ailədə bir-birilərini başa düşmədiklərindən aralarında tez-tez mübahisələri yaranmışdır. Bu səbəbdən də 2022-ci ildən ayrılmışlar. Ağdaş Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 100 manat məbləğində alimentin verilməsi müəyyən edilmişdir. Cavabdeh ilə birgə nikahlarından doğulmuş uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat miqdarında alimentin alınıb iddiaçının xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, üç uşağı vardır, iki uşağı hazırda orta məktəbdə oxuyurlar, böyük oğlu isə hərbi məktəbdə oxuyur. Uşaqları artıq böyümüşlər, 100 manat alimentlə uşaqlarının ehtiyaclarını qarşılaya bilmir. İkinci oğlu həftə sonu çörək sataraq ona kömək edir. Tək başına uşaqlarına baxa bilmir. Odur ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2(014)-501/2022 saylı qətnamənin surətindən məlum olur ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında AR Ağdaş rayon VVADQ şöbəsində qeydə alınmış 25 yanvar 2007-ci il tarixli 11 saylı nikah qeydi pozulması, nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 anası İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(014)-1552/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 24 iyun 2021-ci il tarixdən başlayaraq 6 noyabr 2011-ci il təvəllüdlü X3, 12 fevral 2008-ci il təvəllüdlü Cavabdeh və 27 dekabr 2009-cu il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli AZ-İ 416494 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah 14 aprel 2022-ci il tarixdə pozulmuşdur. İşin materiallarında olan 22 may 2024-cü il tarixli X2 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan məlum olur ki, “alimentin miqdarının artırılması tələbi” mübahisəsi üzrə 22 may 2024-cü il tarixində saat 12:00-da İddiaçı iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İddiaçı ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 may 2024-ci il tarixli, 3-16-5/8-R-69-714/2024 saylı doğum haqqında arayışdan görünür ki, X4 12 fevral 2008-ci il tarixdə Ağdaş şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 sentyabr 2016-ci il tarixli, AZ-T 005945 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X3 6 noyabr 2011-ci il tarixdə Ağdaş şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan R.F Udmurt Res.Votkin VVAQ şöbəsi tərəfindən verilmiş 13 yanvar 2010-cu il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X5 27 dekabr 2009-cu il tarixdə R.F Udmurt Res.Votkin şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 6 noyabr 2011-ci il təvəllüdlü X3, 12 fevral 2008-ci il təvəllüdlü X4 və 13 yanvar 2010-cu il təvəllüdlü X5 doğulmuş, Ağdaş Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2(014)-501/2022 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında AR Ağdaş rayon VVADQ şöbəsində qeydə alınmış 25 yanvar 2007-ci il tarixli 11 saylı nikah qeydinin pozulması, nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 anası İddiaçı himayəsində saxlanılması qət edilmiş, Ağdaş Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(014)-1552/2021 saylı qətnaməsi ilə Cavabdeh 24 iyun 2021-ci il tarixdən başlayaraq 6 noyabr 2011-ci il təvəllüdlü X3, 12 fevral 2008-ci il təvəllüdlü Cavabdeh və 27 dekabr 2009-cu il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Hazırda iddiaçı Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən himayəsində olan uşaqların hər biri üçün 235 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, tərəflərin maddi vəziyyətlərini, onların saxlanmaları üçün cavabdehdən 100 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq bir uşağa görə 120 manat məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 6 noyabr 2011-ci il təvəllüdlü X3, 12 fevral 2008-ci il təvəllüdlü X4 və 27 dekabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, İMS-nın keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 720 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(014)-1552/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 6 noyabr 2011-ci il təvəllüdlü X3, 12 fevral 2008-ci il təvəllüdlü X4 və 27 dekabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İMS-nın keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar