Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-989/2022 08.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Fərəc qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 21 avqust 2019-cu il tarixli, ADK5730582 saylı müddəti 12 ay olmaqla kredit müqaviəsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən dəyəri 396 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 248 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq 1% ödəməlidir. Belə ki, cavabdehin iddiçıya əsas borcdan əlavə olaraq 1488 manat faiz borcu yaranmışdır (248 manat x 600 gün x 1% =1488 manat). Bundan başqa iş üzrə Cavabdeh ilə 08 noyabr 2019-cu il tarixli, ADK5767050 saylı müddəti 12 ay olmaqla kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən dəyəri 422 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 297 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq 1% ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1514 manat faiz ödəməlidir (297 x 540 gün x 1%=1514). İddiaçı faiz borclarını cavabdehdən cəmi 300 manat məbləğində tələb edir. Cavabdeh ilə bağlanmış 21 avqust 2019-cu il tarixli, ADK5730582 saylı kredit müqaviləsinə əsasən 248 manat əsas borc, 08 noyabr 2019-cu il tarixli, ADK5767050 saylı kredit müqaviləsinə əsasən 297 manat əsas borc, hesablanmış 300 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 875 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Odur ki, xx.xx.1989-cu ildə doğulmuş və Ağdaş rayonu, Gürcuva kəndində qeydiyyatda olan Cavabdehdan 545 manat məbləğində əsas borc, hesablanmış 300 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 875 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, işə iştirakları olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir, məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh 21 avqust 2019-cu il tarixli, ADK5730582 saylı və 08 noyabr 2019-cu il tarixli, ADK5767050 saylı kredit müqavilələrinə əsasən İddiaçı MMC-dən dəyəri 396 manat və 422 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilələr üzrə ödənişlər etdikdən sonra kreditora 545 manat əsas borcu, 300 manat faiz borcu qalıb, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, və ya lazımında icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borculunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkindirmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.1989-cu ildə doğulmuş və Ağdaş rayonu, Gürcuva kəndində qeydiyyatda olan Cavabdehdan 545 manat məbləğində əsas borc, hesablanmış 300 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 875 (səkkiz yüz yetmiş beş manat) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-989/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-989/2022
08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver