Məhkəmə qərarları › İş №2(015)-102/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-102/2025

11.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-102/2025 11.03.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 (altı min) manat məbləğində borcun və ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, Cavabdeh bibisi oğlunun tanışıdır və onun vasitəsi ilə tanış olmuşlar. Bibisi oğlu ona bildirmişdir ki, Cavabdeh borcu var və ona 6000 manat borc pul lazımdır. Həmin vaxt evini satdığı üçün onun pulu olduğundan, bibisi oğluna görə cavabdehə pul verə biləcəyini bildirmişdir. 03 oktyabr 2023-cü il tarixdə Cavabdeh iltizam yazdıraraq 5 ay müddətinə 6000 manat borc pul vermişdir. Lakin hal-hazırki tarixə qədər cavab ona olan borcunu ödəmir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı və Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə göndərərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməcəyini, ona görə də onun iştirakı olmadan mülki işə baxıb iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əlyazma iltizamdan görünür ki, Cavabdeh İddiaçı 6000 manat borc pul almış və həmin pulu bütöv halda 5 ay ərzində (2024-cü ilin fevral ayında) qaytaracağına söz vermişdir. Pul nə kredit, nə də faizlə verilməmişdir. Sadəcə cavabdehin ehtiyacı olduğu üçün iddiaçı ona köməklik etmişdir. Cavabdeh pulu alan zaman yanında X2 iştirak etmişdir. İddiaçının yazdıqları öz sözləri ilə yazılmış, heç bir təzyiq olmamışdır. Göründüyü kimi, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə 6000 manat borc pul almış, cavabdeh həmin pulu bütöv halda 5 ay ərzində (2024-cü ilin fevral ayında) iddiaçıya qaytarmalı olduğu halda qaytarmamış və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Ona görə də iddiaçı məcbur olub hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarından və iddiaçının izahatından müəyyən olunur ki, iş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı 6000 manat borc pul almış və həmin pulu bütöv halda 5 ay ərzində (2024-cü ilin fevral ayında) iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aldığı 6000 manat borcu qaytarmaq öhdəliyi daşıyır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 90 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməli, İsrail Şaiq oğlu X1 Teymurov qarşısında qaytarılmamış 6000 manat məbləğində borc öhdəliyi olması sübuta yetirildiyindən, iddia təmin edilməli, Cavabdeh 6000 (altı min) manat pul və 90 (doxsan) manat dövlət rüsumu olmaqla, cəmi 6090 (altı min doxsan) manat pul alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat pul və 90 (doxsan) manat dövlət rüsumu olmaqla, cəmi 6090 (altı min doxsan) manat pul alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar