Məhkəmə qərarları › İş №2(015)-105/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-105/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-105/2023 22.02.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Həmzəlinin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı ASC məhkəməyə müraciət edərək, Cavabdeh 23493,64 manat əsas, 3521,6 manat faiz, 27,32 manat cərimə olmaqla, cəmi 27042.56 manat borcun və 172 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı təşkilatın nümayəndəsi X2 iddia tələbini müdafiə edib göstərdi ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 19 % olmaqla 30000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Cavabdeh sonuncu dəfə xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-nə 2000 manat ödəmiş və həmin məbləğ cərimə borcuna silmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixədək 23493,64 manat əsas, 3521,6 manat faiz, 27,32 manat cərimə olmaqla, cəmi 27042,56 manat borcu yaranmışdır. Borcluya borcun ödənilməsi barədə dəfələrlə məlumat verilsə də borcu ödəməkdən yayınmışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil bildirdi ki, hazırda İddiaçı ASC-nin nümayəndəsi olduğu Cavabdeh tələb etdiyi əsas pul 23493,64 manat, faiz borcu 3521,6 manat və cərimə borcu kimi 27,32 manat göstərilmişdir. Əsas borc və faiz borcu ilə razı deyil. Belə ki, nümayəndəsi olduğu Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-nə 2000 manat əsas borcdan pul ödəsə də bank həmin vəsaiti əsas borca deyil, cərimə borcuna silmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb, həmin borcun əsas borcdan çıxılaraq iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 19% olmaqla 30000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixədək 23493,64 manat əsas, 3521,6 manat faiz, 27,32 manat cərimə olmaqla, cəmi 27042,56 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixədək 23493,64 manat əsas, 3521,6 manat faiz, 27,32 manat cərimə olmaqla, cəmi 27042,56 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə görə, müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş üzrə Cavabdeh nümayəndəsi Vəkil nümayəndəsi olduğu Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-nə 2000 manat əsas borcdan pul ödəsə də, bank həmin vəsaiti əsas borca deyil, cərimə borcuna silmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qanunvericiliyə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, iş üzrə Cavabdeh nümayəndəsi Vəkil cavabdehin iddia məhkəməyə verilənədək ödədiyi 2000 manatın əsas borcdan deyil, cərimə borcuna silinməsindən narazıdır. Ona görə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət vermişdir. Vəsatətlə bağlı iddiaçının nümayəndəsi bildirmişdir ki, ödənilmiş pulun əsas, faiz və ya cərimə borcundan silinməsi sistem üzrə elektron qaydada həyata keçirilir. Bank əməkdaşı tərəfindən ödənişə müdaxilə oluna bilməz. Ödənişdə gecikmə olduğu halda əvvəl hesalanmış cərimə və faiz borcu silinir. Nümayəndə vəsatətin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə vəsatətlə bağlı qeyd edir ki, cavabdehin banka ödədiyi məbləğin borcdan silinməsindən sonra yaranan borc üzrə bank tərəfindən iddia qaldırılmışdır. Cavabdehin banka sonuncu ödədiyi 2000 manat pulun faiz və cərimə borcuna aid edilməsi bankın səlahiyyətindədir. Lakin borclu tərəf bu hal ilə razılaşmaya bilər. Bu halda borclunun banka pretenziya bildirmək və ya məhkəmədə iddia qaldırmaq hüququ vardır. Lakin borcu, hazırki iş üzrə cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməmiş, yalnız vəsatət əsasında 2000 manat pulun faiz və cərimə borcuna silinməsini qanunsuz hesab etmişdir. Qeyd olunur ki, məhkəmə işə iddia həddində baxır və qərar qəbul edir. İddiaçı cavabdehdən 23493,64 manat əsas, 3521,6 manat faiz, 27,32 manat cərimə olmaqla, cəmi 27042.56 manat borcun ödənilməsini iddia edir. Cavabdehin banka ödədiyi vəsaitin əsas borca aid edilməsi hazırki iddia predmetinə aid edilə bilməz. Cavabdehə bununla bağlı qanunvericiliyin tələbləri izah edilmişdir. Bu əsasla vəsatət məhkəmə tərəfindən təmin olunmamışdır. Eyni zamanda, Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilənlərə əsasən Məhkəmə cavabdehin nümayəndəsinin izahatını da nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən iddiaçının cavabdehdən tələb etdiyi 27,32 manat məbləğində cərimə məbləği azaldılmalıdır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 172 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 19% olmaqla 30000 manat məbləğində kredit verilməsi, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməməsi və banka olan borcunu tam qaytarmaması, xx.xx.2022-ci il tarixədək 23493,64 manat əsas, 3521,6 manat faiz, 27,32 manat cərimə olmaqla, cəmi 27042,56 manat borcunun qalması, lakin iddiaçının cavabdehdən tələb etdiyi 27,32 manat məbləğində cərimə pulunun azaldılması qənaətinə gəlindiyindən iddia qismən təmin edilməli, Cavabdeh 23493,64 manat əsas, 3521,6 manat manat faiz, 2 manat cərimə olmaqla, cəmi 27017,24 manat borc və 172 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 23493,64 manat əsas, 3521,6 manat manat faiz, 2 manat cərimə olmaqla, cəmi 27017,24 manat borc və 172 manat dövlət rüsumu İddiaçı ASCnin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar