Məhkəmə qərarları › İş №2(015)-1063/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1063/2024

04.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1063/2024 04.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş ziyanlığın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Hundai İX- 35” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəyən 290 manat ziyanlığın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus “Hundai İX-35” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2024-cü il-xx.xx.2024-cü il tarixləri arasında yaşadığı ünvanın qarşısında saxladığı avtomobili naməlum şəxslər tərəfindən cızılmış və atomobilinə 290 manat maddi ziyan dəymişdir. Polis şöbəsinə etdiyi müraciət əsasında kamera görüntülərinə əsasən avtomobilinə ziyan vuran şəxsin 2011-ci il təvəllüdlü X3 olması müəyyən olunmuşdur. Dəymiş ziyanın məbləği az alduğundan cinayət işinin başlanılması rədd edilmişdir. Avtomobilinə ziyan vuran şəxsin 14 yaşı tamam olmadığından həmin ziyanlığın ödənilməsini onun atasından tələb etmiş, lakin ziyanlığı ödənilməmişdir. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, həqiqətən iddiaçının avtomobilinə ziyanlığı onun 14 yaşı tamam olmamış oğlu vurmuşdur. Lakin, iddiaçıya pul ödəməyə razı deyildir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi.

5. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Ağstafa RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X2 23 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, 2011-ci il təvəllüdlü X3 izahatında xx.xx.2024-cü il tarixdə gecə saatlarında velosipedi ilə hərəkət edərkən ehtiyatsızlıqdan “Hundai” markalı avtomobilə ziyan vurmasını və etdiyi əməldən peşiman olmasını bildirmiş, dəymiş ziyanın məbləği az olduğundan cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı dəymiş ziyanın tələbi ilə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir.

7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı məxsus “Hundai İX-35” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 290 manat maddi ziyan dəymişdir.

8. 10.11.2023-cü il tarixli, 130767 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: c) Cavabdehin 14 yaşı tamam olmamış oğlu 2011-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə gecə saatlarında velosipedi ilə hərəkət edərkən ehtiyatsızlıqdan İddiaçı məxsus “Hundai İX-35” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 290 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ağstafa Rayon Polis şöbəsində araşdırma aparılmışdır. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı həmin fatk təsdiq olunmuşdur. Bununla əlaqədar X3 qanuni nümayəndəsi, valideyni Cavabdeh şöbəyə dəvət olunmuş, onun iştirakı ilə övladının izahatı alınmışdır. X3 verdiyi izahatında velosipedi ilə iddiaçıya məxsus avtomibil ziyan vurmasını etiraf etmişdir. Həmçinin qərardan və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı məxsus “Hundai İX-35” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 290 manat maddi ziyan dəymişdir. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

9. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

11. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

14. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

15. Həmin Məcəllənin 1104.2-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edir.

17. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

18. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, iş üzrə İddiaçı 2011-ci il təvəllüdlü X3 tərəfindən vurulmuş 290 manat məbləğində maddi ziyanı qaytarmaq öhdəliyini onun atası, Cavabdeh daşıyır.

19. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmalı, cavabdeh X1 290 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.

20. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab verərək hesab edir ki, iddia təmin edildiyindən, müharibə veteranları verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir.

25. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

26. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

27. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan olduqda 30 manat dövlət rüsumu ödənilir.

Nəticə hissəsi:

28. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X1 290 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh X1 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən Apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar