Məhkəmə qərarları › İş №2(015)-1076/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1076/2025

10.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1076/2025 10.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı X3 iştirakı ilə İddiaçı X3 Cavabdeh qarşı avtomobilin geri qaytarılması və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 mülkiyyət hüququ üzrə ona məxsus "LEXUS LX470" minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, həmçinin müqavilə üzrə öhdəliyin yerinə yetirməməsi nəticəsində vurduğu maddi ziyanın əvəzi qismində 985 (doqquz yüz səksən beş) manat pulun, eyni zamanda avtomobildən istifadə etməsi zamanı vurduğu maddi ziyanın əvəzi qismində 7085 (yeddi min səksən beş) manat pulun, habelə yol hərəkəti qaydalarını pozduğuna görə tətbiq olunmuş 220 (iki yüz iyirmi) manat məbləğində inzibati cəriməyə görə pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 101 (yüz bir) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilər.

3. İddiaçı X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı qaydada məhkəməyə ərizə ünvanlayaraq, ona məxsus "LEXUS LX470" minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh X1 ilə bağlı xx.xx.2025-ci il tarixli müqavilənin ləğv edilməsini, avtomobildən istifadə etməsi zamanı vurduğu maddi ziyanın əvəzi qismində 7085 (yeddi min səksən beş) manat məbləğində pulun, yol hərəkəti qaydalarını pozduğuna görə tətbiq olunmuş 470 (dörd yüz yetmiş) manat məbləğində inzibati cərimələrə görə pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 101 (yüz bir) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 01 aprel 2025-ci il tarixdə mülkiyyətində olan “LEXUS LX470" minik markalı, 10-DJ058 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh ilə arasında nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə nəqliyyat vasitəsini 22060 manata cavabdehə satmış və o, da həmin məbləğə nəqliyyat vasitəsini almışdır. Lakin nəqliyyat vasitəsinin ümumi dəyərindən ilkin olaraq 1000 manat ödəniş etmiş və qalıq qalan 21060 manat vəsaiti isə 36 ay müddətinə hər ay 585 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə cavabdehlə arasında müqavilə bağlandıqdan və ilkin olaraq 1000 manat ödədikdən sonra ona avtomobili təhvil vermişdir, eyni zamanda avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Müqavilə üzrə ödəniş vaxtı çatdıqda ona zəng vurmuş, lakin nömrəyə zəng çatmamış və əlaqə yaratmaq mümkün olmamışdır. Bir neçə gün keçdikdən sonra ona məlum olmuşdur ki, avtomobil Ağstafa rayonunda cərimə meydançasındadır. Duracaqda olan avtomobilə ciddi ziyan dəymiş, bununla bağlı mütəxəssis dəvət edilərək, avtomobilə baxış keçirilmiş və avtomobilin əvvəlki vəziyyətə gətirilməsi üçün 7085 manat vəsait tələb olunduğu bildirilmişdir. Dəymiş ziyanla bağlı xx.xx.2025-ci il tarixli qüsur aktı tərtib edilmişdir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirməmiş və bu günədək ona ödənilməli olan 985 manat borcu yaranmış, eyni zamanda avtomobildən istifadə zamanı onu yararsız vəziyyətə salmış və buna görə də 7085 manat ziyan dəymiş, bundan başqa yol hərəkət qaydalarını pozduğuna görə 220 manat məbləğində inzibati cərimə edilmişdir. Habelə yol hərəkəti qaydalarını pozduğuna tətbiq olunmuş 220 manat məbləğində inzibati cəriməyə görə pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 101 manat məbləğində pul alınaraq ona verilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

5. Məhkəmə iclasında iddiaçı X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmənin yeri və vaxtı barədə Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh dəfələrlə hüquq və vəzifələri izah olunmaqla, məhkəmə bildirişləri vasitəsilə məlumat verilməsinə baxmayaraq, iddia tələbinə dair fikrini yazılı şəkildə məhkəməyə göndərməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.

7. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: b)Mülki işin materialları:

9. İş materiallarında olan, Bakı şəhər 2 saylı Notariat ofisində təsdiqlənmiş, xx.xx.2025ci il tarixdə “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi haqqında müqavilə”dən görünür ki, İddiaçı LEXUS İ X470 minik markalı, buraxılış ili 2006-ci il dövlət nömrə nişanlı 10DJ058, ban JTJHTO0WX74020691, rəngi qara olan nəqliyyat vasitəsini 22060 (iyirmi iki min altmış) manat məbləğində razılaşmaqla Cavabdeh satmışdır. Müqavilənin 4-cü bəndində nəzərdə tutulan 1000 (min) manat məbləğində vəsait müqavilə bağlandığı zaman notariusun bankda açılmış depozit hesabı vasitəsilə ödənilmiş, cavabdeh həmin nəqliyyat vasitəsini təhvil almış və qalan 21060 (iyirmi bir min altmiş) manat vəsaiti isə 36 (otuz altı) ay müddətinə aylıq 585 (beş yüz səksən beş) manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.

10. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli LEXUS İ X470 MİNİK markalı avtomobilə dəymiş ziyanın hesablanması barədə servis xidmətinin tərtib etdiyi aktdan görünür ki, LEXUS İ X470 MİNİK markalı avtomobilə 7085 manat məbləğində ziyan dəymişdir.

11. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, UNİ/S 68-601/2025 nömrəli rəyindən görünür ki, “Serviz” kiçik Müəssəsi tərəfindən tərtib edilmiş aktda göstərilən avtomobilin zərər dəymiş ehtiyat hissələrinin qiyməti orta bazar qiymətinə uyğun olaraq 4770 manat, avtomobilə zərər dəymiş ehtiyat hissələrinin təmiri üçün əmək haqqı 1930 manat olmaqla, LEXUS İ X470 MİNİK markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 6700 manat təşkil edir.

12. İş materiallarında olan, 5 ədəd LEXUS İ X470 MİNİK markalı avtomobilin fotoşəkillərindən görünür ki, həqiqətən avtomobilə ziyan dəymişdir.

13. İş materiallarında olan, qəbzlərdən görünür ki, Cavabdeh LEXUS İ X470 MİNİK markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2025-ci il tarixdə EQ 26996916 nömrəli qərarla 64 manat, xx.xx.2025-ci il tarixli EQ ********** nömrəli qərarla 80 manat, xx.xx.2025-ci il tarixli EQ 27437469 nömrəli qərarla 9 manat, xx.xx.2025-ci il tarixli EQ 26991072 nömrəli qərarla 80 manat, xx.xx.2025-ci il tarixli EQ 27106997 nömrəli qərarla 80 manat, xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli protokolla 160 manat miqdarında cərimələr edilmiş və həmin cərimələr ödənilmişdir.

14. 20.05.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı X5 101 manat məbləğində dövlət rüsumu ödəmişdir.

c)Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. İşin hallarından görünür ki, İddiaçı LEXUS İ X470 minik markalı, buraxılış ili 2006-ci il dövlət nömrə nişanlı 10DJ058, ban JTJHTO0WX74020691, rəngi qara olan nəqliyyat vasitəsini 22060 (iyirmi iki min altmış) manat məbləğində razılaşmaqla Cavabdeh satmışdır. Müqavilənin 4-cü bəndində nəzərdə tutulan 1000 (min) manat məbləğində vəsait müqavilə bağlandığı zaman notariusun bankda açılmış depozit hesabı vasitəsilə ödənilmiş, cavabdeh həmin nəqliyyat vasitəsini təhvil almış və qalan 21060 (iyirmi bir min altmiş) manat vəsaiti isə 36 (otuz altı) ay müddətinə aylıq 585 (beş yüz səksən beş) manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyi icra etməmiş, aylı ödənişləri yerinə yetirməmiş və nəqliyyat vasitəsinin istifadə zamanı yararsız vəziyyətə salınması nəticəsində iddiaçıya maddi ziyan yetirmişdir. Göstərilənlərə əsasən, iddiaçı cavabdehlə müqavilənin ləğv edilməklə, ona yetirilmiş ziyanın ödənilməsini və cavabdeh tərəfindən yol hərəkəti qaydalarını pozulması nəticəsində tətbiq olunmuş və ödənilmiş inzibati cəriməyə görə pulun əvəzinin ödənilməsini məhkəməyə müraciət etməklə cavabdehdən tələb etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aktla LEXUS İ X470 MİNİK markalı avtomobilə 7085 manat məbləğində ziyan dəydiyini göstərilmişdir. Lakin məhkəmə tərəfindən təyin edilmiş "xxxx" MMC-nin LEXUS İ X470 minik markalı avtomobilin qiymətləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, UNİ/S 68-601/2025 nömrəli rəyindən görünür ki, “Serviz” kiçik Müəssəsi tərəfindən tərtib edilmiş aktda göstərilən avtomobilin zərər dəymiş ehtiyat hissələrinin qiyməti orta bazar qiymətinə uyğun olaraq 4770 manat, avtomobilə zərər dəymiş ehtiyat hissələrinin təmiri üçün əmək haqqı 1930 manat olmaqla, LEXUS İ X470 MİNİK markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 6700 manat təşkil etmişdir. Eyni zamanda, məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinə əsasən, cavabdeh tərəfindən yol hərəkəti qaydalarını pozulması nəticəsində tətbiq olunmuş 473 manat miqdarında cərimə vəsaiti iddiaçı tərəfindən ödənilmişdir. Ona görə də, iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, təmin olunmasını xahiş etmişdir. Lakin məhkəmə tərəfindən Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh dəfələrlə hüquq və vəzifələri izah olunmaqla, məhkəmə bildirişləri vasitəsilə bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarının təxirə salınmasına baxmayaraq, iddia tələbinə dair fikrini yazılı şəkildə məhkəməyə göndərməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.

d)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Məhkəmə iddia tələbinin müqavilənin ləğvi ilə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləridir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

19. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.

21. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

22. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

25. Həmin Məcəllənin 567-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

27. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.

29. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında notarial qaydada iddiaçıya məxsus nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanılmış, tərəflər müqavilənin bütün şərtləri barədə razılaşmış, ilkin ödəniş aparıldıqdan sonra nəqliyyat vasitəsi cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə iddiaçı haqlı olaraq müqavilənin ləğv edilərək, mübahisəli nəqliyyat vasitəsi ilə bağlı cavabdehlə aralarında bağlanılmış müqavilənin ləğvini məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçıya məxsus mübahisəli nəqliyyat vasitəsi ilə əlaqədar tərəflər arasında bağlanılmış Bakı şəhər 2 saylı Notariat ofisində təsdiqlənmiş, xx.xx.2025-ci il tarixli “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi haqqında müqavilə”nin 6-cı bəndindən görünür ki, müqavilə predmeti olan nəqliyyat vasitəsi üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə nəqliyyat vasitəsinə dair razılaşdırılmış 22060 manat məbləğində vəsaitin tam ödənildikdən sonra nəqliyyat vasitəsinin müvafiq qeydiyyat tarixindən əmələ gəlir. Deməli, nəqliyyat vasitəsinə dair sahiblik və istifadə hüququ cavabdehdə olsa da, iddiaçı müqavilə tam icra edilənədək sərəncam hüququnu özündə saxlamışdır. Eyni zamanda, cavabdeh tərəfindən iddia tələbinə etiraz edilməmiş və ya müqavilənin icra edilməməsinə dair iddiaçının tələbini təkzib edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanalara əsasən, məhkəmə iddianı həmin hissədə işin mübahisəsiz halı kimi qəbul edir.

30. Göründüyü kimi, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərini cavabdeh pozaraq üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu səbəbdən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə Bakı şəhər 2 saylı Notariat ofisində təsdiqlənmiş “Nəqliyyat vasitəsinin özgəniləşdirilməsi haqqında müqavilə”si ləğv edilməlidir.

31. Məhkəmə iddia tələbinin cavabdehin avtomobildən istifadə etməsi zamanı vurduğu maddi ziyanın əvəzi qismində 7085 (yeddi min səksən beş) manat məbləğində pulun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

33. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

35. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

36. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə Bakı şəhər 2 saylı Notariat ofisində təsdiqlənmiş “Nəqliyyat vasitəsinin özgəniləşdirilməsi haqqında müqaviləyə əsasən LEXUS İ X470 MİNİK markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini cavabdehə satmış və o, da həmin məbləğə nəqliyyat vasitəsini almışdır. Cavabdeh müqavilə üzrə öhdəliyi icra etməmiş, aylıq ödənişləri yerinə yetirməmiş və nəqliyyat vasitəsinin istifadə zamanı yararsız vəziyyətə salınması nəticəsində iddiaçıya maddi ziyan yetirmişdir. Cavabdehin istifadə etdiyi iddiaçıya məxsus nəqliyyat vasitəsini yararsız vəziyyətdə salması işin mübahisəsiz halıdır. Dəymiş ziyanın məbləğinə gəldikdə isə, iş üzrə iddiaçı sübut kimi “Serviz” Kiçik Müəssəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktı məhkəməyə təqdim etmişdir. Həmin aktda isə "LEXUS LX470" minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilməsi nəticəsində ümumilikdə 7085 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Məhkəmə tərəfindən çəkişmə prinsipinə əməl olunması, eyni zamanda mülki işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması müstəqil qiymətləndirici olan "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin LEXUS İ X470 minik markalı avtomobilin qiymətləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, UNİ/S 68-601/2025 nömrəli rəyindən görünür ki, “Serviz” kiçik Müəssəsi tərəfindən tərtib edilmiş aktda göstərilən avtomobilin zərər dəymiş ehtiyat hissələrinin qiyməti orta bazar qiymətinə uyğun olaraq 4770 manat, avtomobilə zərər dəymiş ehtiyat hissələrinin təmiri üçün əmək haqqı 1930 manat olmaqla, LEXUS İ X470 MİNİK markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 6700 manat təşkil etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği barədə alınmış ekspert rəyi əsas götürülərək iddia həmin hissədə qismən təmin olunmalı, Cavabdeh "LEXUS LX470" minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6700 (altı min yeddi yüz) manat məbləğində dəymiş ziyan alınaraq İddiaçı ödənilməlidir.

37. Bundan əlavə, iddia tələbinin cavabdeh tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə tətbiq olunmuş 470 (dörd yüz yetmiş) manat məbləğində inzibati cərimələrə görə pulun tələb edilməsinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

39. İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək LEXUS İ X470 MİNİK markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobiləin idarə edilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə EQ 26996916 nömrəli qərarla 64 manat, xx.xx.2025-ci il tarixli EQ ********** nömrəli qərarla 80 manat, xx.xx.2025-ci il tarixli EQ 27437469 nömrəli qərarla 9 manat, xx.xx.2025-ci il tarixli EQ 26991072 nömrəli qərarla 80 manat, xx.xx.2025-ci il tarixli EQ 27106997 nömrəli qərarla 80 manat, xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli protokolla 160 manat miqdarında, ümumilikdə 473 manat məbləğində cərimələr tətbiq edilmişdir. Qeyd olunan cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Ona görə də, iddia həmin hissədə də əsaslı hesab edilə bilər.

40. Beləliklə, Məhkəmə, yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhər 2 saylı Notariat ofisində xx.xx.2025-ci il tarixdə bağlamış Nəqliyyat vasitəsinin özgəniləşdirilməsi haqqında müqaviləsi ləğv edilməli, Cavabdeh "LEXUS LX470" minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6700 manat məbləğində dəymiş ziyan və ödənilmiş 473 manat cərimə pulunun əvəzi tutularaq İddiaçı ödənilməlidir.

41. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

44. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 101 manat dövlət rüsumu və ekspertizanın dəyəri kimi 300 manat məbləğində ekspertiza xərci ödənilmişdir.

46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün ödənilmiş 101 manat dövlət rüsumu və ekspertizanın dəyəri kimi 300 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə hissəsi: 48.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə Bakı şəhər 2 saylı Notariat ofisində təsdiqlənmiş “Nəqliyyat vasitəsinin özgəniləşdirilməsi haqqında müqavilə”si ləğv edilsin. Cavabdeh "LEXUS LX470" minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6700 (altı min yeddi yüz) manat məbləğində dəymiş ziyan, inzibati cərimələrə görə 470 (dörd yüz yetmiş) manat və 101 (yüz bir) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Cavabdeh 300 manat ekspertiza xərcinin əvəzi tutularaq iddiçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar