Məhkəmə qərarları › İş №2(015)-1109/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1109/2025

05.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1109/2025 05.08.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus qanunsuz saxladığı 1200 manat maddi ziyanın və ödənilmiş 33,40 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun yaşayış evindən oğurluq etmiş və daha sonra Ağstafa rayon Polis Şöbəsi tərəfindən onun barəsində olan cinayət işinə Ağstafa Rayon Məhkəməsində baxılmışdır. Cavabdeh məhkəmədə 2000 manat pulu ödəmiş, qalıq 1500 manat qalıq borcu qalmış və məhkəmədən sonra isə 300 manat pul ödəmişdir. Hazırda qalıq 1200 manat borcu qalmışdır. Həmin pulun tutulması üçün ona pul kartı vermişdir və hazırda həmin kartı da bağlamışdır. Dəfələrlə pulu tələb etsə də heç bir nəticəsi olmamışdır.

Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

5. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-cı maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə işdə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: Mülki işin materialları:

7. Ağstafa Rayon Məhkəməsinin 1(015)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmün suətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

8. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Cavabdeh qanuni nümayəndəsi X1 tərəfindən məhkəmə istintaqı zamanı təqdim edilmiş ərizənin surətindən görünür ki, 3500 manat borcun 2000 manatını məhkəmə istintaqı zaman ödəmiş, 1500 manat borcu isə hissə-hissə ödəməsini öhdəsinə götürmüşdür.

9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İddiaçı tərəfindən məhkəmə istintaqı zamanı təqdim edilmiş ərizənin surətindən görünür ki, 3500 manat borcun 2000 manatını məhkəmə istintaqı zaman ödəmiş, 1500 manat borcun isə Cavabdeh tərəfindən hissəhissə ödənilməsinə razılaşmışdır.

10. Ağstafa rayon İcra Hakimiyyəti başçısının Aşağı Göycəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfinfən verilmiş xx.xx.2025-ci il tarixli 157/8 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Ağstafa rayonu Aşağı Göycəli kəndində yaşayır.

11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 33,40 manat dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Cavabdeh barəsində Ağstafa Rayon Məhkəməsində hökm çıxarılmış və onun oğurluq əməlini törətməsi sübut olunmuşdur. Cavabdeh barəsində cinayət işi üzrə məhkəmə istintaqı gedişində tərəflər razılaşmış, cavabdeh iddiaçıya dəymiş zərərin bir hissəsini ödəmiş, digər hisəsini isə hissə-hissə ödəməyi öz öhdəsinə götürmüş, bu da hökmdə öz əksini tapmışdır. Cavabdeh qanuni nümayəndəsi X1 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, iddiaçıya 3500 manat borcun 2000 manatını məhkəmə istintaqı zaman ödəmiş, 1500 manat borcu isə hissə-hissə ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh həmin borcdan 300 manat ödəniş etmişdir. Hazırda İddiaçı 1200 manat borcun ödənilməsini tələb etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

15. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

20. Mülki iş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 1(015)-11/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Cavabdeh oğurluq əməlini törətməsi sübut olunmuşdur. Cavabbeh Cavabdeh qanuni nümayəndəsi X1 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, iddiaçıya 3500 manat borcun 2000 manatını məhkəmə istintaqı zaman ödəmiş, 1500 manat borcu isə hissə-hissə ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh həmin borcdan 300 manat ödəniş etmişdir. Hazırda cavabdehin 1200 manat borcu qalmışdır.

21. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1200 (min iki yüz) manat məbləğində dəymiş ziyan və 33,40 (otuz üç manat qırx qəpik) manat məbləğində dövlət rüsumu vəsaiti tutularaq İddiaçı verilməlidir.

22. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, 33,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə hissəsi:

27. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 1200 (min iki yüz) manat məbləğində dəymiş ziyan və 33,40 (otuz üç manat qırx qəpik) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar