Məhkəmə qərarları › İş №2(015)-1119/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1119/2025

14.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1119/2025 14.08.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Türkən Qoşqar qızı Hüseynlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən aralarında bağlanılmış 10 may 2024-cü il tarixli müqavilə əsasında qaytarmalı olduqları 1000 manatın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, iş üzrə cavabdehlər onun həmkəndliləridir. Gülzar onun evində təmizlik işləri görmüş və o da qarşılığında ona aylıq pul vermişdir. Digər cavabdeh Yusif isə Gülzarın həyat yoldaşıdır. Etibarından istifadə edən cavabdehlər ondan 1000 manat borc pul istəmiş, o da onlara inanıb 10 may 2024-cü il tarixdə 1000 manat borc pul vermişdir. Cavabdehlər aldıqları pulu 6 ay ərzində qaytarmalı olduqları halda aradan xeyli vaxt keçməsinə baxmayaraq aldıqları pulu qaytarmamışlar. Onlara dəfələrlə zəng etməsinə baxmayaraq zənglərinə belə cavab vermirlər. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 10 may 2024-cü il tarixli yazılı şəkildə bağlanılmış borc müqaviləsindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı 1000 manat borc pul almış, həmin borcu 6 ay ərzində, hər ayın 10-u günü 167 manat ödəniş etməklə 10 noyabr 2024-cü il tarixədək tam həcmdə geri qaytarmağı öhdələrinə götürmüşlər. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı 1000 manat borc pul almış, cavabdehlər həmin pulu 6 ay ərzində hissə-hissə hər ay 167 manat olmaqla iddiaçıya qaytarmalı olduqları halda qaytarmamış və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşlar. Ona görə də iddiaçı məcbur olub hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarından və izahatdan müəyyən olunur ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 may 2024-cü il tarixdə İddiaçı 1000 manat borc pul almış, həmin borcu 6 ay ərzində, hər ayın 10-u günü 167 manat ödəniş etməklə 10 noyabr 2024-cü il tarixədək tam həcmdə geri qaytarmağı öhdələrinə götürmüşlər. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehlərin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı aldıqları 1000 manat borcu qaytarmaq öhdəliyi daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X2 Azərbaycan Respublikası Qanunu”nun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.20-ci maddəsinin tələblərinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin 1000 manatadək olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşısında qaytarılmamış 1000 manat məbləğində borc öhdəlikləri olması sübuta yetirildiyindən, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1000 (bir min) manat pul alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1000 (bir min) manat pul alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar