Məhkəmə qərarları › İş №2(015)-112/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-112/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-112/2024 14.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 1414mkSUMb/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il müddətinə illik 27% ödəmək şərtilə 4600 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 15 sentyabr 2023-cü il tarixə "xxxx" KB ASC-yə 4482.1 manat əsas, 1110.46 manat faiz borcu, 65.05 manat cərimə, 0 manat komissiyon haqqı olmaqla, cəmi 5657.61 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1414mkSUMb/22 saylı kredit müqaviləsi və xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, müqavilə «X1» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış və sonuncunun banka hal-hazırda 4.482,1 manat əsas, 1.110,46 manat faiz borcu, 65.05 manat cərimə, 0 manat komissiyon haqqı olmaqla, cəmi 5.657,61 manat borcu mövcuddur. İş materiallarında olan bildiriş məktubunun surətindən görünür ki, cavabdeh banka olan borc barədə və borc ödənilmədiyi təqdirdə Bank tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında əsas borc kimi 4.482,1 manat əsas, 1.110,46 manat faiz borcu, 65.05 manat cərimə, 0 manat komissiyon haqqı olmaqla, cəmi 5.657,61 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Həmçinin MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, lakin dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, dəbbə pulu (cərimə) azaldılaraq 1(bir) manat müəyyən edilməlidir. Beləliklə, ərizə qismən təmin edilməli, Cavabdeh 4.482,1 manat əsas, 1.110,46 manat faiz borcu, 1 manat cərimə, 0 manat komissiyon haqqı olmaqla, cəmi 5.593,56 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Сavabdeh Cavabdeh 4.482,1 manat əsas, 1.110,46 manat faiz borcu, 1 manat cərimə, 0 manat komissiyon haqqı olmaqla, cəmi 5.593,56 (beş min beş yüz doxsan üç manat əlli altı qəpik) manat məbləğində borc və 76.63 (yetmiş altı manat altmış üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar