Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-116/2024 06.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı Cavabdeh ASC Əmanətlərin Sığortalanması Fonduna və maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX X5 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilərək sənədlərin bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəllər onun mülkiyyətində olmuş Ağstafa rayonu, Vurğun qəsəbəsində yerləşən yaşayış evinin və qeyri-yaşayış sahəsinin hazırda isə "xxxx" ASC-nin adına qeydiyyata alınmış çıxarışın ləğv edilməsi və əvvəlki vəziyyətə qaytarılaraq onun adına qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Ağstafa rayonu Vurğun qəsəbəsində 0,078 ha torpaq sahəsində inşa edilmiş 40,3 kv.m, zirzəmi sahəsi 40,3 kv.m olan qeyri yaşayış sahəsi və 0,10 ha torpaq sahəsində birmərtəbəli, 3 otaqlı, 67,8 kv.m yaşayış, 39,7 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evi vardır. "xxxx" ASC cavabdeh "xxxx" MMC-nin təsisçisi X1 23 avqust 2010-cu il tarixli 304/18-AZN nömrəli kredit müqaviləsi üzrə 2012-ci il mayın 30-dək 50.000 manat əsas, 17.058,17 manat faiz, 2882,20 manat cərimə, cəmi 69.940,37 manat eyni tarixli 258/18-SKMF nömrəli kredit müqaviləsi üzrə isə 2012-ci il mayın 02-dək 20.000 manat əsas, 1458,49 manat faiz, 1580,46 manat cərimə, cəmi 23038,95 manat, hər iki müqavilə üzrə cəmi 92.979,32 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin onun mülkiyyətində olan 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və 40,3 kv.m qeyri - yaşayış sahəsinə, habelə X2 mülkiyyətində olan 0,397 və 1.789123 ha torpaq sahələrinin hərracda satılaraq tələbin borca yönəlməsi qət edilmişdir. Həmin əmlakların hərracda satılması barədə xəbərdar olmamış, hansısa formada həmin əmlaklar satılması, həmin əmlakların hansı şəkildə Bankın mülkiyyətinə keçməsindən xəbəri yoxdur. Həmçinin həmin iş üzrə məhkəmə mübahisəsi olmasına baxmayaraq, iş üzrə tam yekun qərar çıxarılmadan, ona məxsus olan əmlakları bankın adına sənədləşdirmək onların mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarıb. Həmin iş Gəncə Apellyasiya Məhkəməsinin icraatında olmasına baxmayaraq, DƏDRX-nin 15 saylı Ərazi İdarəsi hansısa yolla onlara məxsus olan əmlakları, "xxxx"ın müvafiq şəxsləri ilə birləşərək, Ağstafa rayon İcra və Probasiya şöbəsinin belə həmin hərracın keçirilməsindən xəbərsiz olmasına baxmayaraq, saxta şəkildə bankın adına hüquqmüəyyənedici sənəd əldə etmişlər. Dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq cavabdeh tərəf təkliflərini rədd edərək mübahisənin sülh yolu ilə həll olunmasını istəməmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh ASC Əmanətlərin Sığortalanması Fondunun kreditlərin idarə edilməsi departamentinin direktoru Vasif İbrahimli məhkəməyə xx.xx.2024-cü il tarixli məktubla müraciət edərək göstərmişdir ki, tərəflər arasında mübahisəli əmlakın real dəyəri 20000 (iyirmi min) manat müəyyən edilərək həmin vəsait İddiaçı tərəfindən ödənildiyindən mübahisə predmeti olan qeyd olunan əmlaka onların heç bir iddia və tələbi qalmamışdır. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX X5 15 saylı Tovuz Ərazi İdarəsinin rəisi Ədalət Cabbarov məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını onların iştirakı olmadan keçirib qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, Ağstafa rayonu Vurğun qəsəbəsində 0,078 ha torpaq sahəsində inşa edilmiş 40,3 kv.m, zirzəmi sahəsi 40,3 kv.m olan qeyri yaşayış sahəsi və 0,10 ha torpaq sahəsində birmərtəbəli, 3 otaqlı, 67,8 kv.m yaşayış, 39,7 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evi vardır. "xxxx" ASC ilə bağlanmış xx.xx.2010-cu il tarixli 285/18-SKMF nömrəli ipoteka müqaviləsi ilə Ağstafa rayonu,Vurğun qəsəbəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 40,4 kv.m, 0,078 torpaq sahəsində olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmiş, məhkəmə qətnaməsi ilə tələb edilən borc həmin qeyri-yaşayış sahəsinə yönəldilmişdir. Həmin əmlak "xxxx" MMC-nin hərracın yekunları barədə xx.xx.2016-cı il tarixli Y-231 nömrəli protokolu ilə "xxxx" ASC-yə satılmışdır. Məhkəmə qətnamələrinə əsasən "xxxx" MMC-nin hərracın yekunları barədə xx.xx.2016-cı il tarixli Y-231 nömrəli protokolu etibarsız hesab edilmişdir. Eyni zamanda iş üzrə Cavabdeh ASC Əmanətlərin Sığortalanması Fondunun kreditlərin idarə edilməsi departamentinin direktoru Vasif İbrahimli məhkəməyə xx.xx.2024-cü il tarixli məktubla müraciət edərək göstərmişdir ki, tərəflər arasında mübahisəli əmlakın real dəyəri 20000 (iyirmi min) manat müəyyən edilərək həmin vəsait İddiaçı tərəfindən ödənildiyindən mübahisə predmeti olan qeyd olunan əmlaka onların heç bir iddia və tələbi qalmamışdır. Lakin əmlak hal-hazıradək qanuni mülkiyyətçisinin deyil, cavabdehin adında qeydiyyatda qalmışdır. Qeyd olunur ki, qanunvericiliyə əsasən əsas öhdəliyə xitam verildikdə, ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə ipotekaya xitam verilir. “İpoteka haqqında” qanunun 48.1-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə, ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə və ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam verilir. Göründüyü kimi İddiaçı Cavabdeh ASC arasında mübahisəli əmlaklar olan əvvəllər iddiaçının adına olmuş Ağstafa rayonu, Vurğun qəsəbəsində yerləşən yaşayış evi və qeyri-yaşayış sahəsinə dair ipoteka müqaviləsindən əmələ gələn öhdəliklər üzrə müqavilə münasibətləri mövcud olmuşdur. Həmin müqavilə üzrə isə borc tamamilə ödənilərək əsas öhdəliyə xitam verilmiş və ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəlmişdir. Bu səbəbdən İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş əmlakların ipoteka saxlayan Cavabdeh ASC-nin adında qeydiyyatda qalması qanunvericliyin tələblərinə zidd olaraq iddiaçının mülkiyyət hüquqlarını pozur. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq, dövlət tərəfindən bərabər müdafıə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafıəsi mexanizmlərini dəqiqləşdirir. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, bütün mülkiyyət növləri dövlət tərəfindən müdafiə olunur. Bankın tələbi kredit öhdəliyinin yerinə yetirilməməsi ilə bağlı yüklü edilmiş əmlaka yönəltmə ilə bağlı olmuş, məhkəmə tərəfindən əmlaka yönəltmə həyata keçirilsə də, sonradan hərracın nəticələri ləğv olunmuş, lakin əmlak üzərində hüquqlar bankda saxlanılmışdır. Daha sonra borclu tərəfindən bank qarşısında öhdəlik tam icra olunmuş və bankın hazırda əmlaka dair tələbi yoxdur. Bankın əmlak üzərində hüquqları formal xarakter daşıyır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırki vəziyyətdə iddiaçıya məxsus əmlakların Cavabdeh ASC-nin adında qeydiyyatda qalması qanunvericliyin tələblərinə zidd olaraq iddiaçının dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən iddiaçının hüquqları bərpa olunmalıdır. Beləliliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı mülkiyyətində olmuş Ağstafa rayonu, Vurğun qəsəbəsində yerləşən yaşayış evinin və qeyri-yaşayış sahəsinin "xxxx" ASC-nin adına qeydiyyata alınmasına dair çıxarış ləğv edilməli və həmin əmlakların hüquqi qeydiyyatı əvvəlki vəziyyətə qaytarılaraq İddiaçı adına qeydiyyata alınmalıdır. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. İddiaçı mülkiyyətində olmuş Ağstafa rayonu, Vurğun qəsəbəsində yerləşən yaşayış evinin və qeyri-yaşayış sahəsinin "xxxx" ASC-nin adına qeydiyyata alınmasına dair çıxarış ləğv edilsin və həmin əmlakların hüquqi qeydiyyatı əvvəlki vəziyyətə qaytarılaraq İddiaçı adına qeydiyyata alınsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-116/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-116/2024
06.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver