Məhkəmə qərarları › İş №2(015)-1194/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1194/2024

10.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1194/2024 10.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli 2(015)-1546/2018 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 15 iyun 2011-ci il təvəllüdlü X1 və 27 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 235 manat olmaqla, iki uşaq üçün 470 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə ailə qurmuş, onların faktiki nikahlarından 15 iyun 2011-ci il təvəllüdlü Firuzə və 27 sentyabr 2016-cı il təvəllüdlü Sübhan adlı uşaqları anadan olmuşdur. Ağstafa Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(015)-1546/2018 saylı qətnaməsi ilə Cavabdeh tərəflərin birgə nikahlarından olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 110 manat olmaqla, iki uşaq üçün 220 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. İddiaçı hazırda 220 manat aliment məbləği ilə uşaqların tələbatını qarşılaya bilmir. Cavabdehin gəliri isə qeyri-müntəzəm və dəyişən xarakterlidir. Cavabdeh özünə məxsus avtomobillə meyvə-tərəvəz satmaqla məşğuldur, həmçinin özünə məxsus bər-bərxanasından gəlir əldə edir. Bundan başqa cavabdehin ata və anası təqaüd alır. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. İş üzrə iddiaçı məhkəməyə teleqram göndərərək və məhkəməyə telefonla məlumat verərək xəstə olduğundan məhkəmə iclasına gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, iddiaçının ayrıldıqdan sonra başqa bir şəxslə ailə qurmasını, həmin uşağın da tələbatını ödəməsini, maddi imkanının aşağı olmasını və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Ağstafa rayon Polis şöbəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin birgə nikahından 15 iyun 2011-ci il təvəllüdlü X1 və 27 sentyabr 2016-cı il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur.

8. Ağstafa Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Qarayeva (Abbasova) Aynur Adif qızı arasında Ağstafa RİHB-nın Qarahəsənli kənd İƏD üzrə nümayəndəliyində 29 oktyabr 2010-cu il tarixdə bağlanmış və 13 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, yetkinlik yaşına çatmayan 15 iyun 2011-ci il təvəllüdlü X4 və 27 sentyabr 2016-cı il təvəllüdlü X5 boşanmadan sonra anası Qarayeva (Abbasova) Aynur Adif qızının yanında qalmışdır.

9. Ağstafa Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(015)-1546/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci tarixdən başlayaraq, 15 iyun 2011-ci il təvəllüdlü X1 və 27 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 110 manat olmaqla, iki uşağa görə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur.

10. X8 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş X3 iştirak edilməməsi barədə arayışdan görünür ki, tərəflər X3 iştirak etsə də, aralarında razılıq əldə etməmişlər.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: c) İddiaçı Cavabdeh ilə ailə qurmuş, onların faktiki nikahlarından 15 iyun 2011ci il təvəllüdlü Firuzə və 27 sentyabr 2016-cı il təvəllüdlü Sübhan adlı uşaqları anadan olmuşdur. Ağstafa Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə Qarayeva (Abbasova) Aynur Adif qızı arasında Ağstafa RİHB-nın Qarahəsənli kənd İƏD üzrə nümayəndəliyində 29 oktyabr 2010-cu il tarixdə bağlanmış və 13 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, yetkinlik yaşına çatmayan 15 iyun 2011-ci il təvəllüdlü X4 və 27 sentyabr 2016-cı il təvəllüdlü X5 boşanmadan sonra anası Qarayeva (Abbasova) Aynur Adif qızının yanında qalmış, məhkəmənin 04 dekabr 2024cü il tarixli 2(015)-1546/2018 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2018-ci tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 110 manat olmaqla, iki uşağa görə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

13. Bundan başqa, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. Hazırkı mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılması üçün yetərli olmadığını, uşaqlar böyüdüyündən xərclərinin artmasına, cavabdehin gəlirinin isə qeyri-müntəzəm və dəyişən xarakterli olmasını, özünə məxsus avtomobillə meyvətərəvəz satmaqla məşğul olmasını, həmçinin cavabdehin özünə məxsus bərbərxanasından gəlir əldə etməsinə əsaslanmaqla tələb edir. Lakin iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşması, ərizəsində qeyd etdiyi faktlar və cavabdehin yüksək qazanc əldə etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir.

15. Lakin qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

16. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Hazırki vəziyyətdə hər uşağa görə 110 manat aliment məbləği yaşayış minimumundan da aşağıdır. Eyni zamanda iddiaçı hər uşağa görə 235 manat məbləğində aliment tələb etdiyi halda, cavabdehin əmlak vəziyyətinin artması, dəyişməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 15 iyun 2011-ci il təvəllüdlü X1 və 27 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Ağstafa Rayon Məhkəməsinin 2(015)-1546/2018 saylı, 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşağa görə 150 manat olmaqla, iki uşaq üçün 300 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir.

17. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən maddəsinə əsasən, aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir.

23. “X9” Azərbaycan Respublikası Qanunu”nun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

24. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir ilə ərzində ödəmələrin məcmusunun 3600 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 56 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir.

Nəticə hissəsi:

25. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. 15 iyun 2011-ci il təvəllüdlü X1 və 27 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli 2(015)-1546/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay bir uşağa görə 150 manat olmaqla, iki uşaq üçün 300 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı xeyrinə tutulsun. Cavabdeh 56 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən Apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar