Məhkəmə qərarları › İş №2(015)-1200/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1200/2025

04.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1200/2025 04.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 manat pulun və 65,40 manat dövlət rüsumu barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh 2024-cü ilin iyun ayında fındıq alveri üçün ondan 3500 manat pul istəmişdir. Həmin pul aldıqdan sonra həmin ilin avqust avqust ayında yenidən kartof alveri üçün 1000 manat pul istəmiş, ona yenə də əlavə 1000 manat borc pul verilmişdir. Həmin borcu cavabdeh ona geri qaytarmamışdır. O, məcbur qalaraq Ağstafa Rayon Polis Şöbəsinə müraciət etmişdir. X2 iş araşdırılmış və cavabdehin izahatı alınmış, o, izahatında 4050 manat borcunun olmasını bildirmişdir. Həmin iş üzrə 19 iyun 2025-ci il tarixli cinayət işinin rədd olunması barədə qərarda məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. Bundan başqa cavabdehin səs yazısında da borc pulunu ödəyəcəyini bildirmişdir. Onun öz xətti ilə yazdığı qəbzdə 3500 manat və 1000 manat qeyd edilmişdir. Odur ki, Cavabdeh 4500 manat pulun və 65,40 manat dövlət rüsumu barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin ona borcunun 4500 manat deyil, 4050 manat kimi qeyd edilməsini xahiş etmişdir.

4. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilər.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin nəzərə alınmasını xahiş etdi.

6. Cavabdeh sonuncu məhkəmə baxış iclasında iştirak etməmiş, məhkəmə hazırlıq iclasında

7. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-cı maddəsini rəhbər tutaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 9.İş materiallarında olan Ağstafa Rayon İcra hakimiyyəti başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 244/g nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Ağstafa rayon, Həsənsu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. 10.Cavabdeh Ağstafa rayon Polis Şöbəsinə verilmiş izahatından bildirmişdir ki, “İddiaçı mənim həmkəndlim və uzaq qohumumdur. Mən 2024-cü ilin iyun ayında fındıq alveri üçün 3500 manat pul götürmüşdüm, iyul ayından hər ay ona 420 manat fevral ayınadək qazanc pul vermişəm. 2025-ci ilin mart ayından alverdə batırdığım üçün pulu verə bilmədim, alverim də olmadı onun pulunu qaytara bilmədim. Mənim barəmdə etdiyi şikayətlə tanış oldum. Mən onu hədələməmişəm və onu qeyd edim ki, İddiaçı aldatmamışam, ondan pulu borc kimi almışam 3 ay ərzində ona 4050 manat pulu 3 ay ərzində qaytaracağıma söz verirəm. Mənim haqqımda şikayət yalnışdır, mən dələduzluq etməmişəm.” 11.Ağstafa Rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis kapitanı Fərid Əliyevin 19 iyun 2025-ci il tarixli qərarla İddiaçı müraciəti ilə bağlı cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. 12.İş materialında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia verilməsi üçün 65 manat dövlət rüsumu ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 13.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 manat pulun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini azaldaraq, cavabdehin ona olan borcundan 4050 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

a) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

15. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.

16. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

20. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

21. Eyni zamanda cavabdeh tərəfindən iddia etiraf edildiyindən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

23. Beləliklə, məhkəmə cavabdehin iddiaçıya 4050 manat borcu olmasını barədə etirafını qəbul edir, eyni zamanda, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini nəzərə alaraq tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır.

24. Məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4050 manat borc pul və 65,40 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir.

25. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

29. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, 65,40 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qanunvericiliyin tələbinə uyğundur.

Nəticə hissəsi:

31.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4050 (dörd min əlli) manat məbləğində borc pul və 65,40 (altmış beş manat qırx qəpik) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar