Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1222/2024 23.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı, Cavabdeh qızının iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanlığın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızının hüquqazidd əməli nəticəsində ona dəyən 380 manat məbləğində zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus **-BE-*** dövlət qeydiyyat nişanlı, “Mersedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən xx.xx.2023cü il tarixdə Ağstafa rayonu Poylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş vermiş və avtomobilinə zərər dəymişdir. Belə ki, iddiaçı öz yolu ilə hərəkətdə olarkən qarşısında olan **-BJ-*** qeydiyyat nişanlı, “Mersedes” markalı avtomobilin qapısı açılaraq onun avtomobilinin qabaq hissəsinə çırpılmış, buna səbəb isə həmin avtomobilin düzgün saxlanılmaması olmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə 760 manat miqdarında ziyan dəymiş, həmin ziyanın 380 manatı qarşı tərəfin avtomobilini sığortalayan sığorta şirkəti tərəfindən ödənilmişdir. Qalan 380 manatını isə cavabdeh ödəməlidir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında İddiaçı sığorta şirkəti tərəfindən avtomobilinə dəyən zərər tam ödənilmədiyindən qalan məbləğin cavabdehdən tutulması və iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh qızı iddia tələbini qəbul etməyib təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı 31926/2023 saylı ödəniş aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı avtomobilinə dəymiş 760 manat ziyanın 380 manat hissəsi “Atəşgah” Sığorta şirkəti tərəfindən ödənilmişdir. Bu zaman İddiaçı təsdiq etmişdir ki, baş vermiş sığorta hadisəsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün heç bir digər ödəniş almır və bu aktda nəzərdə tutulmuş ödənişin həyata keçirilməsindən sonra onun bu sığorta hadisəsi ilə bağlı heç bir iddiası yoxdur.
7. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 79606 saylı ödəniş tapşırığından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı avtomobilinə dəymiş ziyan üzrə 380 manat ödəniş edilmişdir.
8. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı məxsus **-BE-*** dövlət qeydiyyat nişanlı, “Mersedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən xx.xx.2023cü il tarixdə Ağstafa rayonu Poylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş vermiş və avtomobilinə zərər dəymişdir. Belə ki, iddiaçı öz yolu ilə hərəkətdə olarkən qarşısında olan **-BJ-*** qeydiyyat nişanlı, “Mersedes” markalı avtomobilin qapısı açılaraq onun avtomobilinin qabaq hissəsinə çırpılmış, buna səbəb isə həmin avtomobilin düzgün saxlanılmaması olmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı avtomobilinə dəymiş 760 manat ziyanın 380 manat hissəsi “Atəşgah” Sığorta şirkəti tərəfindən ödənilmişdir. Həmin məbləğlə İddiaçı razılaşaraq özü təsdiq etmişdir ki, baş vermiş sığorta hadisəsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün heç bir digər ödəniş almır və bu aktda nəzərdə tutulmuş ödənişin həyata keçirilməsindən sonra onun bu sığorta hadisəsi ilə bağlı heç bir iddiası yoxdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
11. “İcbari sığortalar haqqında” Qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir.
12. “İcbari sığortalar haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.
13. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
14. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.
15. Qeyd edilən Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir.
16. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
17. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Həmin Məcəllənin 922.1-ci maddəsində qeyd edilmişdir ki, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
20. Həmin Məcəllənin 926-cı maddəsində qeyd olunur ki, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
21. Həmçinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.
22. Göründüyü kimi, sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.
23. Lakin hazırki sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşmamışdır. Belə ki, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı avtomobilinə dəymiş 760 manat ziyanın 380 manat hissəsi “Atəşgah” Sığorta şirkəti tərəfindən ödənilmişdir. Yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı avtomobilinə dəymiş zərərin məbləği 5000 manatdan aşağı olduğundan dəymiş zərəri zərər vurmuş avtomobili sığortalayan sığorta şirkəti ödəməli olduğundan qeyd edilən ödənişi həmin sığorta şirkəti həyata keçirmişdir. Həmin məbləğlə İddiaçı razılaşaraq özü təsdiq etmişdir ki, baş vermiş sığorta hadisəsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün heç bir digər ödəniş almır və bu aktda nəzərdə tutulmuş ödənişin həyata keçirilməsindən sonra onun bu sığorta hadisəsi ilə bağlı heç bir iddiası yoxdur. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən hazırki sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşmadığından iddiaçının cavabdehdən həmin məbləği tələb etmək hüququ yaranmamışdır. Buna görə cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi yaranmamış və o, iddiaçı qarşısında mülki məsuliyyət daşımır.
24. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qızına qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanlığın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
25. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Nəticə hissəsi:
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh qızına qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanlığın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Heyran Mürsəlova