Məhkəmə qərarları › İş №2(015)-1238/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1238/2025

30.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1238/2025 30.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı şərəf-ləyaqətin müdafiəsi, vurulmuş maddi ziyanın, sağlamlığa vurulmuş ziyanın, mənəvi zərərin ödənilməsi və təkzib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh “tiktok” hesabında paylaşımlarına təkzib vermə öhdəliyi qoyulması, onun barəsində yaydığı məlumatlara görə “Hörmətli Alik bəy, Sizin barənizdə yaydığım həqiqətə olmayan məlumatlara görə Sizdən üzrə istəyirəm, Xahiş edirəm məni bağışlayasınız” formasında üzrə istəməsi, onun sağlamlığına vurduğu zərərə görə 10.000 manatın, 1000.000 manatın və 1295 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun həmkəndlisidir və kənd və rayon ictimaiyyətində mənfi xarakterizə olunan şəxsdir. Cavabdeh onun barəsində kütləvi-informasiya vasitələrində, internet informasiya ehtiyatında şər-böhtan xarakterli, yəni qəsdən nalayiq formada, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onun nüfuzdan salan məlumatları yaymış və şərəf və ləyaqətini nalayiq formada qəsdən və məqsədli olaraq alçaltmışdır. Həmin kütləvi informasiya vasitələrində, internet informasiya ehtiyatlarında onu cinayətdə ittiham etmiş və onun barəsində özünə məxsus Besdi.Serkernamazova adlı tiktok hesabında paylaşım edərək, xx.xx.2025-ci il tarixli paylaşımında "məni yenidən çaqqal adlandırmış, adımı canavar qoyduğunu bildirmişdir, "mənim alçaq, şərəfsiz olduğumu sübut etdiyini bildirmiş, onların hər şeyini saxta sənədlərlə əllərindən aldığımı bildirmiş, bütün məhkəmələri qazandığını, yenə də mənim torpağı vermədiyimi, həyatında belə tərbiyəsiz, əxlaqsız adam görmədiyini, iç üzümüzü açmaq, tanıtmaq fikrinin olduğunu bildirmişdir, camaatın içində ona əxlaqsız sözlər dediyimi, oğlum Fuadı donuza oxşayan adlandırmış, qızım Firuzənin ona zəng etdiyini, məni alçaq, şərəfsiz adlandırmış, Fuadı türmədə saxlamağın yolunu onu məhkəməyə verməkdə tapdığımı, mənim haqqımda elə videolar qoyacağını, mənim yaşamağımın mümkün olmayacağını və digər formada" onun şərəf-ləyaqətini alçaltmışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib bildirdi ki, cavabdeh sosial şəbəkələrdə onu təhqir etməkdə davam edir. Cavabdehin onun barəsində sosial şəbəkədə dediyi görüntüləri DVD diskə də köçürmüşdür. Qeyd edir ki, cavabdeh onun ünvanına nalayiq sözlər işlətməklə onun şərəf və ləyaqətini ləkələmişdir. Ona görə də, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, kimsəsiz qadındır. İddiaçı tərəfindən ona və digər şəxslərə məxsus olan hər şey, evləri, torpaqları əllərindən alınmışdır. Ona görə də, onun barəsində paylaşdığı videolarda dediyi sözlər hamısı doğrudur. O, iddia tələbini qəbul etmir. Ona görə də, iddia ərizəsinin təmin olunmamasını xahiş etdi.

5. Məhkəmə tərəflərin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: Mülki işin materialları:

6. İş materiallarında olan 048889 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı ikinci dərəcəli Qarabağ əlilidir.

7. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4/1420 saylı ekspert rəyindən görünür ki, cavabdehin işlətdiyi materiallarda yer almış "alçaq", "şərəfsiz", "əxlaqsız", "tərbiyəsiz", "çaqqal", "bunun o donuza oxşayan, türmədə yatan oğlu" kimi söz və ifadələr ünvanlandığı şəxs(lər)in şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən söz və ifadələr, məlumatlar hesab olunur. Ekspertizaya təqdim olunmuş materiallarda yer almış məlumatlarda işlədilmiş "Ay millət, bu bizim hər bir şeyimizi saxta sənədnən əlimizdən alıb. Bütün məhkəmə instansiyaları mənim xeyrimə həll elədi. Ali Məhkəmədən aldım, yenə torpağıma girə bilmədim."; "Hər bir şeyimizi aldı yaxşı elədi."; "Qabağımnan gələndə millətin içində mana elə bir tərbiyəsiz, əxlaqsız sözlər deyir ki. Mən özümü elə apareram ki, mənnən döyül, kirimişcə keçeyrəm."; "Bəsti xanım, mən əyər ata demək mümkünsə, o alçaq, şərəfsiz Alikin qızı Firuzəyəm. İndi də balalarınnan bir-birini qırer. İndicə Bakı Xətai məhkəməsinnən birbirimizi qırıb gəlmişəm. Ay Alik bəy, sənin qızın sana alçaq, şərəfsiz deyir." kimi söz ve ifadələr öz təsdiqini tapmadığı təqdirdə ünvanlandığı şəxs(lər)in şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən söz və ifadələr, məlumatlar hesab olunur.

Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Məhkəmə iclasında tərəflərin izahatları və məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh həmkəndlisidir. Cavabdeh onun barəsində kütləviinformasiya vasitələrində, internet informasiya ehtiyatında şər-böhtan xarakterli, yəni qəsdən nalayiq formada, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətimi ləkələyən və ya onun nüfuzdan salan məlumatları yaymış və şərəf və ləyaqətimi nalayiq formada qəsdən və məqsədli olaraq, alçaltmışdır. Həmin kütləvi informasiya vasitələrində, internet informasiya ehtiyatlarında onu cinayətdə ittiham etmiş və onun barəsində özünə məxsus Besdi.Serkernamazova adlı tiktok hesabında paylaşımlar etmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixli, 4/1420 saylı ekspert rəyində göstərilir ki, cavabdehin işlətdiyi materiallarda yer almış "alçaq", "şərəfsiz", "əxlaqsız", "tərbiyəsiz", "çaqqal", "bunun o donuza oxşayan, türmədə yatan oğlu" kimi söz və ifadələr ünvanlandığı şəxs(lər)in şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən söz və ifadələr, məlumatlar hesab olunur. Ekspertizaya təqdim olunmuş materiallarda yer almış məlumatlarda işlədilmiş "Ay millət, bu bizim hər bir şeyimizi saxta sənədnən əlimizdən alıb. Bütün məhkəmə instansiyaları mənim xeyrimə həll elədi. Ali Məhkəmədən aldım, yenə torpağıma girə bilmədim."; "Hər bir şeyimizi aldı yaxşı elədi."; "Qabağımnan gələndə millətin içində mana elə bir tərbiyəsiz, əxlaqsız sözlər deyir ki. Mən özümü elə apareram ki, mənnən döyül, kirimişcə keçeyrəm."; "Bəsti xanım, mən əyər ata demək mümkünsə, o alçaq, şərəfsiz Alikin qızı Firuzəyəm. İndi də balalarınnan bir-birini qırer. İndicə Bakı Xətai məhkəməsinnən birbirimizi qırıb gəlmişəm. Ay Alik bəy, sənin qızın sana alçaq, şərəfsiz deyir." kimi söz ve ifadələr öz təsdiqini tapmadığı təqdirdə ünvanlandığı şəxs(lər)in şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən söz və ifadələr, məlumatlar hesab edilmişdir.

Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

9. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

10. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan məlumatlar hər hansı bir fakta, mötəbər dəlillərə, sübutlara söykənmir. Cavabdehin iddiaçının ünvanına işlətdiyi ifadələr onun şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən ifadələr kimi qiymətləndirilməlidir.

11. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin birinci hissəsinə görə, insan ləyaqəti qorunur və ona hörmət edilir.

12. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin birinci hissəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İkinci hissədə isə qeyd olunur ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

13. Göründüyü kimi, insan şərəf və ləyaqəti ən yüksək qanunumuz olan Konstitusiya ilə qorunmaqdadır. Qanunvericiliyə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsin şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması, bu məlumatların yayılması kimi üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir. Bu zaman məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərində göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.

14. Məlum olduğu kimi, internet mediası yazılı mətbuata nisbətən daha geniş yayılıb. İnsanlar da öz fikirlərini məhz internetdə, sosial şəbəkələrdə yaymağa üstünlük verir. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq hər bir vətəndaş onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə bir qayda olaraq qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. İnternet azadlığından istifadə edib hər hansı bir şəxsin kimisə təhqir etməsi, onun barəsində həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli ifadələr işlədilməsi yolverilməzdir. Hər bir internet istifadəçisi həm özünün, həm də digər şəxslərin şərəf və ləyaqətini alçaldacaq, həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli ifadələr işlətməkdən çəkinməli, təhqirə yol verməməlidir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.

16. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.

17. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 44cü maddəsinə əsasən kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.

18. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli qərarının 3-cü bəndinə əsasən şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması, bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab olunur.

19. Həmin qərarın 7-ci bəndində göstərilmişdir ki, vətəndaşın şərəf və ləyaqətini ləkələyən məlumatlar kütləvi informasiya vasitəsilə yayıldıqda, onların həqiqətə uyğun olması sübut edildikdə bu, kütləvi informasiya vasitəsində təkzib edilməlidir. Əgər işə baxılan vaxt cavabdeh kütləvi informasiya vasitəsinin fəaliyyəti dayandırılmış olarsa və ya onun istehsalına və yayımına xitam verilərsə, yayılmış məlumat haqqında hansı kütləvi informasiya vasitəsində təkzib verilməsi və bunun qaydası məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman zərərçəkənin arzusu da nəzərə alına bilər. Şərəf və ləyaqətin müdafiəsi hüququnun konstitusion hüquq olmasına əsaslanaraq məhkəmələrə izah edilsin ki, maraqlı şəxslər şərəf və ləyaqətlərinin müdafiəsi üçün kütləvi informasiya vasitəsinə təkzib vermək barədə ilkin müraciət etmədən birbaşa məhkəmədə iddia qaldıra bilərlər.

20. Məhkəmə sadalanan qanunvericilik normasını tətbiq edərək hesab edir ki, cavabdeh həmin kütləvi informasiya vasitəsi ilə təkzib verməklə iddiaçıdan üzr istəməlidir.

21. Məhkəmə iddia üzrə mənəvi zərərin ödənilməsi hissəsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.4-cü maddəsinə uyğun olaraq, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Şəxs mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirtdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.

23. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

24. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli Qərarının 13-cü bəndində göstərilmişdir ki, vətəndaşlar şərəf, ləyaqət, habelə işgüzar nüfuzlarının müdafiəsi barədə qaldırdıqları iddialarda həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi ilə bərabər, həm də onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini də tələb edə bilərlər. Vətəndaşların işgüzar nüfuzlarının ləkələnməsi ilə əlaqədar onlara vurulmuş mənəvi ziyanın ödənilməsi qaydası hüquqi şəxslər barəsində bu cür məlumatların yayılması hallarında da tətbiq edilə bilər.

25. Həmin Qərarın 14-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, mənəvi ziyanın tutulması bir qayda olaraq vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində tətbiq edilir. Vətəndaşların əmlak hüquqlarının pozulması ilə əlaqədar mənəvi ziyanın tutulmasına qanunvericilikdə bilavasitə müəyyən olunmuş hallarda yol verilir. Mənəvi ziyanın miqdarı pul ilə ölçülməlidir. Mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, məlumatın yayılma dairəsini, iddiaçıya yetirilmiş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini, cavabdehin təqsirini və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını, habelə mənəvi ziyanın ödənlməsi üçün cavabdehin real imkanlarını və qətnamənin icrasının mümkünlüyünü nəzərə almalıdırlar.

26. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər.

27. Həmin qərarın 7-ci bəndində göstərilmişdir ki, Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.

28. Məhkəmə hesab edir ki, İddiaçı barəsində Cavabdeh həqiqətə uyğun olmayan ifadələr işlətməsi, şərəf və ləyaqətini ləkələyən məlumatlar yayılması, şəxsiyyəti və ya əmlaka zərər vurulması, iddiaçının barədə yanlış məlumatların yayılması nəticəsində onun işgüzar nüfuzuna qəsd edilməsi sübuta yetirildiyindən və öz təsdiqini tapdığından iddianın maddi zərərə dair hissəsi qismən təmin edilməli, cavabdehin təqsiri və əmlak vəziyyəti, işin sair diqqətəlayiq halları, habelə mənəvi ziyanın ödənilməsi üçün cavabdehin real imkanları və qətnamənin icrasının mümkünlüyü nəzərə alınaraq, Cavabdeh mənəvi zərərə görə 300 (üç yüz) manat İddiaçı xeyrinə tutulmalıdır.

29. Məhkəmə iddiaçının sağlamlığına vurulmuş zərərə görə 10000 manat təzminat ödənilməsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Göründüyü kimi, cavabdehin iddiaçının şərəf və ləyaqəti ləkələyən söz və ifadələr işlətməsi onun sağlamlığına xəsarət yetirilməsi (stres keçirməsi) öz təsdiqini tapmamış və məhkəmə iclasında sübuta yetirilməmişdir. Ona görə də, iddia həmin hissədə təmin oluna bilməz.

31. Məhkəmə iddiaçının 1295 manat dövlət rüsumunun cavabdehdən öz xeyrinə tələb etməsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödənilməmiş, bu barədə iddia ərizəsinə hər hansı sübut təqdim edilməmiş, İddiaçı ikinci dərəcəli Qarabağ əlili olduğu üçün onun tərəfindən verilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə də təmin oluna bilməz.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinin tələblərinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

35. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddia qiymətləndirilməyən iddia olduğundan və həmin iddialar üzrə qanunla 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi tələb olunduğundan, iddiaçı müharibə veteranı olaraq dövlət rüsumu ödəməkdən azad olunduğundan 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir.

36. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir.

37. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

41. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh üzərinə özünə məxsus “Tik-tok” sosial şəbəkəsində olan səhifəsində aşağıdakı məzmunda təkzib verilməsi öhdəliyi qoyulsun və həmin təkzib “Tik-tok” sosial şəbəkəsində yayımlansın. Təkzibin mətni: “Hörmətli Alik bəy, Sizin barənizdə yaydığım həqiqətə uyğun olmayan məlumatlara görə Sizdən üzr istəyirəm, xahiş edirəm məni bağışlayasınız.” Cavabdeh mənəvi zərərə görə 300 (üç yüz) manat İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası təqdiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar