Məhkəmə qərarları › İş №2(015)-124/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-124/2025

03.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-124/2025 03.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X8 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X5 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “çıxarışın ləğvi, mübahisəli mənzildən iddiaçının payına düşən 1/6 və 1/8 hissənin naturada bölünərək hər iki payın bir çıxarışda verilməsi, həmin evdə iddiaçının atasından qalan əşya-əmlakların iddiaçıya aid hissəyə yerləşdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ekspertiza rəyinə əsasən ünvan 1 ünvanda yerləşən evin və torpağın payı, mülkiyyət hüququ ilə ona aid 1/6 və 1/8 hissəsinin naturada payının ayrılmasına, həmin hissəyə onun əşyaları ilə köçməsinə və ona aid 1/6 və 1/8 hissəsini birləşdirib bir çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsində 04 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 yazılı vəsatətinə əsasən cavabdehlər X7 və X6 əsl Cavabdeh ilə əvəz olunmuş, X7 və X6 müstəqil tələb irləli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (anası) Nümayəndə1 iddia tələbini müdafiə edib göstərdi ki, İddiaçı onun qızıdır. Onun mərhum həyat yoldaşının adı Asif olmuşdur. Həyat yoldaşıgil ailədə 3 qardaş olmuşdur. Digər qardaşlarının adı Abbas və Farizdir. Cavabdeh Esmira Məmmədova onun həyat yoldaşının ögey anasıdır. Onunla uzun müddət Ağstafa şəhər, C.Cabbarlı küçəsi 59 ünvanda yerləşən evdə bir yerdə yaşamışlar. Mərhum həyat yoldaşı vəfat etdikdən sonra qızının həmin evdən payı müəyyən olunmuşdur. Həyat yoldaşı vəfat etdikdən sonra o, yoldaşının əşyalarını evdən çıxarmaq üçün həmin evə gəlmiş, bu zaman onu evə buraxmamışlar. İddiaçı bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 ifadəsində göstərdi ki, hazırda mübahisəli fərdi yaşayış evində və torpaq sahəsində iddiaçının 3/12 hissədə payı var. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 iddia tələbini qəbul etməyərək bildirdi ki, onun adında ev yoxdur. Ev həyat yoldaşının adına olmuşdur. Həyat yoldaşı vəfat etdikdən sonra eləcə də qalmışdır. Yoldaşının Rusiya Federasiyasında olan oğlu gəlib evi adına keçirməmişdir. Evdə vəsiyyətnamə də olmuşdur. Evin sənədlərini ondan istəmişlər. Sənədləri ondan alıb notariusa aparmışlar. Notariusdan qayıtdıqdan sonra vəsiyyətnamə yoxa çıxmışdır. 14 ildir evin bütün təminatlarını o, ödəyir. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 ifadəsində göstərdi ki, iddiaçı onun əmisi qızıdır. Hal-hazırki tarixə qədər onların aralarında heç bir mübahisə olmamışdır. Lakin iddiaçının anası mübahisə yaradır. Belə ki, iddiaçının nümayəndəsi mübahisəli evin bölünməsini və ayrı giriş-çıxış açılmasını istəyir. Ekspert rəyindən də görünür ki, bu mümkün deyil. Qarşı tərəf öz payının ona verilməsi ilə bağlı ona heç nə deməmişdir. Ekspert gəlməmişdən əvvəl o, qarşı tərəfə təklif etmişdir ki, öz aralarında mübahisəni həll etsinlər. Lakin qarşı tərəf razı olmamışdır ki, iş ekspertlə həll olsun. O, qarşı tərəfin həmin evə gəlib getməsinə, rayona gələndə həmin evdə qalmasına heç bir etiraz etmir. Lakin qarşı tərəf giriş-çıxış yollarının ayrılmasını istəyir. Sonuncu məhkəmə baxış iclasının yeri və vaxtı barədə Cavabdeh, üçüncü şəxs X6 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********39-10301 reyestr nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 93.60 kv.m olan fərdi yaşayış evindən və 0,04 ha torpaq sahəsindən 3/12 hissədə İddiaçı, 2/12 hissədə Cavabdeh və 7/12 hissədə (açıq saxlanılır) X3 payı vardır. Qeyd edilən fərdi yaşayış evindən iddiaçının 3/12 hissəyə payı olduğundan həmin yaşayış evinin İddiaçı payınа düşən hissəsinin fərdi yaşayış evinə tənasübsüz zərər vurmadan naturada bölünməsi məsələsini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekpertizası təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2025-ci il tarixli 10/3439 №-li rəyində aşağıdakılar göstərilmişdir: Ağstafa şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən İddiaçı payına 3/12 düşən hissəsinin naturada ayrılmasının “AzDTN 2.7-3 “X9 Layihələndirmə Normaları”nın 5.1 və 5.2 bəndlərinin, eləcə də Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Beləliklə, məhkəmə qeyd edir ki, miras əmlak üzrə iddiaçı paya malik olan şəxsdir. Qanunla paylı mülkiyyətçi payının ayrılmasını tələb edə bilər. Lakin payın ayrılması mümkün hesab edilmədiyi halda, payın naturada ayrılması barədə paylı mülkiyyətçinin tələbi əsaslı hesab edilə bilməz. Eyni zamanda qanunvericilik paylı mülkiyyətçi üçün digər hüquqlar müəyyən etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətlə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz edilməsi ilə xitam verilir. Həmin Məcəllənin 223.1-ci və 223.2-ci maddələrinə görə, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyinin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki iş üzrə iddiaçı və cavabdehin ümumi mülkiyyətində olan mübahisəli fərdi yaşayış evində tərəflərin payı müəyyən edilmiş, işin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikintitexniki ekspertizası ilə fərdi yaşayış evinin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırmaları zamanı Mülki Məcəllənin 220-ci maddəsində müəyyən edilmiş payın ayrılmasının qeyri-mümkün olduğu birmənalı şəkildə müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X5 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “çıxarışın ləğvi, mübahisəli mənzildən iddiaçının payına düşən 1/6 və 1/8 hissənin naturada bölünərək hər iki payın bir çıxarışda verilməsi, həmin evdə iddiaçının atasından qalan əşya-əmlakların iddiaçıya aid hissəyə yerləşdirilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X5 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “çıxarışın ləğvi, mübahisəli mənzildən iddiaçının payına düşən 1/6 və 1/8 hissənin naturada bölünərək hər iki payın bir çıxarışda verilməsi, həmin evdə iddiaçının atasından qalan əşya-əmlakların iddiaçıya aid hissəyə yerləşdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar