Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1280/2025 03.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 manat pulun və əldən çıxmış faydaya görə 300 manat pulun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ermənistan qaçqını olaraq hazırda Ağstafa rayonu, Həsənsu kəndində yaşayır. Cavabdehi kəndlərindən fəhlə yığaraq işə aparan şəxs kimi tanımışdır. xx.xx.2023-cü il tarixdə yaşadığı evə gələrək ondan 1000 manat borc pul istəmişdir. Cavabdeh oğlunun dostu olduğu üçün və həmin zaman o, bankdan götürdüyünü üçün 1000 manat vermişdir. O, həmin pulu 2024-cü il noyabr ayında ona qaytaracağını bildirməsinə baxmayaraq, hələdə həmin pulun 400 manatını qaytarmış, 600 manatını isə qaytarmamışdır. Bu barədə Ağstafa Rayon Polis Şöbəsinə müraciət etmişdir. Orada cavabdehin izahatını almışlar və o, borcunu etiraf etmişdir. Odur ki, Cavabdeh 600 manat pulun və əldən çıxmış faydaya görə 300 manat pulun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh ona borcundan 120 manat ödədiyini, cavabdehin borcunun azaldılaraq, yalnız pulun 480 manat hissəsinin tutulmasını xahiş etmişdir.
4. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilər.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdeh məhkəməyə ərizə göndərərək, iddia tələbini qəbul etdiyini, borcunu hissə-hissə ödəyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
7. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-cı maddəsini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: b)Mülki işin materialları:
9. İş materiallarında olan Cavabdeh xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, iddia tələbini qəbul etdiyini, borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir.
10. İş materiallarında olan Ağstafa rayonu İcra hakimiyyəti başçısının Həsənsu kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 288/g nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Ağstafa rayonu, Həsənsu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır.
c) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 manat pulun və əldən çıxmış faydaya görə 300 manat pulun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini azaldaraq, cavabdehin ona olan borcundan 120 manat ödəniş etdiyini bildirmiş, hazırda qalan 480 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, həqiqətən iddiaçıya borcu olduğunu və borcunun qaytarılmasına etiraz etmədiyini göstərmişdir.
d)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
13. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.
14. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 386.1-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır.
16. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
18. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
19. Eyni zamanda cavabdeh tərəfindən iddia etiraf edildiyindən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
21. Beləliklə, məhkəmə cavabdehin iddiaçıya 480 manat borcunun olması, iddianın tam həcmdə təmin olunması qanuna zidd olmadığından və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tələbin 480 manat borc hissəsində etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi həmin hissədə təmin olunmasını mümkün sayır.
22. Məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 480 manat borc pul və 30 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir.
23. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
27. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə hesab edir ki, 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qanunvericiliyin tələbinə uyğundur.
Nəticə hissəsi: 29.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 480 (dörd yüz səksən) manat məbləğində borc pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Heyran Mürsəlova