Məhkəmə qərarları › İş №2(015)-129/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-129/2024

12.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-129/2024 12.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin nüyaəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək borc verilmiş 20.000 (iyirmi min) manat və 1.200 (bir min iki yüz) manat olmaqla cəmi 21.200 (iyirmi min iki yüz) manat məbləğində pulun, eyni zamanda çox sayda toyuq və yumurtanın dəyəri olan 300 (üç yüz) manat pulun, ümumilikdə 21.500 (iyirmi bir min beş yüz) manat pulun qaytarılması və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154.50 (bir yüz əlli dörd manat əlli qəpik) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, iki il əvvəl Cavabdeh gəlininin təhsilində yaranmış problemin həlli ilə əlaqədar oğluna vermək üçün ondan 20.000 manat borc pul almışdır. Həmin pulu tez bir zamanda qaytaracağına söz vermişdir. Bundan bir həftə sonra isə cavabdeh yenidən pul lazım olduğunu bildirərək, ondan 1.200 manat əlavə pul götürmüş və götürdüyü borca görə də cavabdeh öz xətti ilə qəbz də yazaraq ona vermişdir. Həmçinin cavabdeh ondan 300 manat dəyərində yumurta və toyuq da nisyə götürmüşdür. Cavabdeh aldığı pulu bu günə kimi geri qaytarmadığından məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək bildirdi ki, iddiaçıdan ümumilikdə 4.000 manat pul almışdır. Həmin pulun qarşılığında öz əmək haqqı kartını və pensiya kartını iddiaçıya vermişdir. İddiaçı hər ay onun kartından pulları çıxardaraq götürmüşdür. Belə ki, 5 il ərzində onun əmək haqqı kartı iddiaçıda olmuşdur. Hal-hazırda iddiaçıya borcu qalmamışdır. Ona görə də iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X2 iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından kredit müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı izahatında bildirir ki, o, cavabdehə 20.000 manat və 1.200 manat olmaqla cəmi 21.200 manat məbləğində borc pul verimişdir. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzdən görünür ki, o, cavabdehə qeyd olunan məbləğdə borc pul vermişdir. Göründüyü ki, iddiaçı tərəfindən cavabdehə cəmi 21.200 manat məbləğində borc pul verilməsi sübut olunur. Cavabdeh iddiaçıdan pul almadığını, qəbzdəki imzanın isə ona məxsus olmadığını bildirdiyinə görə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi zərurəti yaranmış, iş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/255 nömrəli ekspert rəyində borc qəbzinin əlyazma mətninin və imzanın cavabdeh tərəfindən icra olunduğu qeyd edilmişdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, 21.200 manat məbləğində pul cavabdehldən alınaraq iddiaçıya verilməlidir. İddianın qalan hissəsi isə əsassızdır. Belə ki, iddiaçı eyni zamanda çox sayda toyuq və yumurta verdiyini bildirsə də bu barədə sübut təqdim edə bilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154.50 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 21.200 (iyirmi bir min iki yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154.50 (bir yüz əlli dörd manat əlli qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar