Məhkəmə qərarları › İş №2(015)-130/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-130/2024

27.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-130/2024 27.03.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 Bəhram qızının, Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Bəhram qızına, Cavabdeh1, Cavabdeh3 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək borc verilmiş 4.500 (dörd min beş yüz) manat məbləğində pulun, ondan aldıqları yastığın dəyəri olan 200 (iki yüz) manat pulun, ümumilikdə cəmi 4.700 (dörd min yeddi yüz) manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 67 (altımış yeddi) manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh2 Bəhram qızından, Cavabdeh1 və Cavabdeh3 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlər Cavabdeh2 Bəhram qızı, Cavabdeh1 və Cavabdeh3 birgə onun evinə gələrək yaranmış problemdən və onun həllindən ötrü 4.500 manat borc pul almışdır. Tez bir zamanda qaytaracaqlarına söz vermişlər. Eyni zamanda cavabdehlər ondan yastıq da almışlar, onun dəyəri 200 manat edir və bununla da cavabdehlərin 4.700 manat borcu yaranmışdır. Dəfələrlə cavabdehlər ilə əlaqə saxlamasına baxmayaraq müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Bəhram qızı iddiaya etiraz edərək Tatlı kəndində yaşadığını cavabdehlə qonşu olmadığını bildirmişdir. Heç bir halda cavabdehdən pul almadığını, yalnız 300 manat dəyərində balınc aldığını, pulunu Cavabdeh1 ilə birgə ödəyəcəyini, 100 manat pulunu göndərdiyini və 60 manat borc qaldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz edərək bildirdi ki, iddiaçıdan balınc almış və ona görə də 140 manat borcu qalmışdır, iddiaçıdan hər hansı pul almamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddiaya etiraz edərək bildirdi ki, Cavabdeh2 Bəhram qızını və Cavabdeh1 nə pul alanda, nə də balınc alanda görməmiş və onların yanlarında olmamışdır. Həmçinin iddiaçıdan heç bir problem üçün borc pul almamışdır. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, məhkəməyə iddiaçı müraciət etdiyindən sübutetmə vəzifəsinin bölgüsü baxımından iddianın əsaslı olduğunu, yəni pulun cavabdehlərin qanunsuz sahibliyində qaldığını iddiaçı sübut etməlidir, cavabdehlər iddianın əsassız olduğunu sübut etməyə borclu deyil. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Müki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, pulun verilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşürsə, pulun qaytarılmasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh2 Bəhram qızının 300 manat dəyərində aldığı balınca görə 100 manat pulu göndərdiyi və 60 manat borcu qaldığı, Cavabdeh1 isə iddiaçıdan aldığı balınca görə 140 manat borcu qaldığı sübut olunduğundan Məhkəmə MM-in 425, 427, 439, 442 və 448-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddia 60 manat məbləğində pul Cavabdeh2 Bəhram qızından, 140 manat isə Cavabdeh1 tutulub pulun qaytarılması hissəsində əsaslıdır. İddianın qalan hissəsi isə əsassızdır. Belə ki, iddiaçı iki il əvvəl öz evində, cavabdehlər Cavabdeh2 Bəhram qızının və Cavabdeh1 yanında Cavabdeh3 4.500 manat məbləğində borc pul verdiyini bildirsə də, cavabdeh bunu inkar etmiş, Cavabdeh2 Bəhram qızı və Cavabdeh1 məhkəmə iclasında cavabdeh qismində dindirilərkən onların yanında iddiaçının Cavabdeh3 4.500 manat məbləğində pul verdiyini görmədiklərini bildirmişlər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. 60 (altımış) manat məbləğində pul Cavabdeh2 Bəhram qızından alınaraq İddiaçı verilsin. 140 (bir yüz qırx) manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67 (altımış yeddi) manat məbləğində pul Cavabdeh2 Bəhram qızından və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Мəhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar