Məhkəmə qərarları › İş №2(015)-131/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-131/2025

12.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-131/2025 12.03.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29342 (iyirmi doqquz min üç yüz qırx iki) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qohumudur. Cavabdeh işsiz olduğundan ona kömək məqsədilə yük daşımaqla məşğul olması üçün İ-01/800000 saylı 12 oktyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən “Qazel” markalı avtomobil alınmışdır. Avtomobilin ilkin ödənişi 10000 (on min) manat oğlu tərəfindən ödənildikdən sonra onun tərəfindən də 19342 (on doqquz min üç yüz qırx iki) manat məbləğ də ödənilmişdir. Cavabdeh avtomobildən istifadə etsə də nə ilkin ödənişi, nə də onun tərəfindən ödənilmiş məbləği qaytarmamışdır. Oğlu tərəfindən 10000 (on min) manat ödənilməsi bank əməkdaşları tərəfindən təsdiq oluna bilər. Onun cavabdehin əvəzinə pul ödəməsi "xxxx" ASC-nin pul ödənilmələri barədə 06 və 08 may 2024-cü il tarixli qəbzləri ilə təsdiq olunur. Həmin qəbzlərə əsasən o, cavabdehin adına 15875 (on beş min səkkiz yüz yetmiş beş) manat pul ödəmişdir. Bundan başqa “eManat” və “Million” ödəmə terminalları vasitəsilə cavabdehin əvəzinə tərəfindən 3467 (üç min dörd yüz altmış yeddi) manat da pul ödənilmişdir. Bu ödənişlər də onda olan qəbzlərlə təsdiq olunur. Beləliklə cavabdehin əvəzinə tərəfindən 19342 (on doqquz min üç yüz qırx iki) manat pul ödənilmişdir. Avtomobilin ilkin qiyməti ilə ödənilmiş məbləğlər arasındakı fərq əlavə faizlər ödənilməsi ilə əlaqədardır. Lakin cavabdeh istər oğlu, istərsə də onun tərəfindən ödənilən vəsaiti qaytarmır, nə də avtomobilin onun adına rəsmiləşdirilməsi təklifinə razılıq vermir. Dəfələrlə cavabdehə müraciət edərək pulun qaytarılmasını tələb etsə də sonuncu müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınır. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib göstərmişdir ki, iddiaçı və cavabdeh qohumdurlar. Cavabdeh işsiz olduğundan iddiaçı ona kömək məqsədi ilə yük daşımaqla məşğul olması üçün kredit götürərək yük avtomobili almışdır. Cavabdeh həmin avtomobillə işləyib pul qazanmış, lakin iddiaçıya heç bir pul qaytarmamışdır. Ona görə də iddiaçı avtomobilə ödənilən pulları tələb edir. İddiaçı Cavabdeh təklif etmişdir ki, avtomobili onun adına keçirsin, lakin cavabdeh buna da razı olmamışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək cavabdehin etiraz ərizəsini təqdim edib ifadəsində göstərdi ki, Cavabdeh onun həyat yoldaşıdır. O, iddia tələbini qəbul etmir. Belə ki, 2022-ci ildə həyat yoldaşı 9000 manat ilkin ödəniş edərək maşın almış, maşının qalan pulunu da "xxxx"dan kredit götürərək ödəmişdir. 4 ay banka ödəniş etdikdən sonra bank bağlanmışdır. 2023-cü ildə həyat yoldaşı Rusiya Federasiyasına getmiş, Rusiya Federasiyasından qayıtdıqdan sonra həyat yoldaşı bibisi, yəni İddiaçı ilə birlikdə bankın pulunu ödəməyə getmişlər. Bəxtiyar rusdilli olduğu üçün pulu iddiaçıya vermişdir ki, o ödəsin. İddiaçı da pulu öz adından ödəmişdir. Bəxtiyar Rusiya Federasiyasında olan zaman bibisi oğluna 3 aylıq sürmək üçün etibarnamə vermişdir. Qayıtdıqdan sonra həmin etibarnaməni ləğv etdirib və maşını geri tələb etmişdir. Lakin iddiaçının oğlu maşını qaçırmış və həyat yoldaşından gizlətmişdir. Bu barədə DİN-nin 102 xidmətinə də müraciət etmişlər. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə iddiaçının tələb etdiyi 29342 manat puldan 10000 manatını oğlu tərəfindən cavabdehə ödənilməsinə dair aşağıdakıları qeyd edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və iddiaçı hazırki halda sübut etməlidir ki, avtomobilin alınması üçün 10000 (on min) manat pul onun oğlu tərəfindən ödənilmişdir. Belə ki, iddiaçı qeyd edir ki, Cavabdeh onun qohumudur. Cavabdeh işsiz olduğundan ona kömək məqsədilə yük daşımaqla məşğul olması üçün İ-01/800000 saylı 12 oktyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən “Qazel” markalı avtomobil alınmışdır. Avtomobilin ilkin ödənişi 10000 (on min) manat pul oğlu tərəfindən ödənilmişdir. İddiaçının nümayəndəsi avtomobilin ilkin ödənişinin 10000 (on min) manat pulun iddiaçının oğlu tərəfindən ödənilməsini bildirsə də, həmin pulun ödənilməsinə dair heç bir qəbz və ya əlavə sübutlarının olmamasını bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Məhkəmə həmçinin iddiaçının tələb etdiyi tələb etdiyi 29342 manat puldan 3467 (üç min dörd yüz altmış yeddi) manat cavabdehin əvəzindən kredit ödəməsinə dair aşağıdakıları qeyd edir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli “m10” ödəniş terminalı vasitəsilə ödənilmiş 820 manat, xx.xx.2023-cü il tarixli 1000 manat, “eManat” ödəniş teriminalı vasitəsilə ödənilmiş 850 manat və xx.xx.2022-ci il tarixli ödəniş çeklərindən görünür ki, həmin ödənişlər Cavabdeh kredit borclarının ödənişləridir. İş üzrə iddiaçı həmin pulların da onlar tərəfindən ödənilməsini bildirsələr də, həmin ödəniş çeklərinin üzərində kimin ödədiyi yazılmadığı üçün kredit ödənişinin məhz iddiaçı tərəfindən ödənilməsi sübuta yetirilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin oluna bilməz. Bundan başqa, Məhkəmə iddiaçının tələb etdiyi tələb etdiyi 29342 manat puldan 15875 (on beş min səkkiz yüz yetmiş beş) manat cavabdehin əvəzindən kredit ödəməsinə dair aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan 06 may 2024-cü il tarixli 11500 manat və 08 may 2024-cü il tarixli 4375 manat miqdarında Cavabdeh adına ödənilmiş "xxxx" ASC-nin qəbzlərindən görünür ki, İddiaçı tərəfindən həmin məbləğlər cavabdehin kredit borcuna ödənilmişdir. İş üzrə cavabdehin nümayəndəsi həmin pulun əslində Cavabdeh məxsus olmasını, Cavabdeh rusdilli olduğu üçün pulu iddiaçıya verərək onun ödəməsini bildirsə də, həmin pul məbləğinin Cavabdeh məxsus olması və onun tərəfindən iddiaçıya verilməsi barədə heç bir əlavə sübutlarının olmamasını bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və 15875 (on beş min səkkiz yüz yetmiş beş) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanma hesab edilir. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında yaranan mülki hüquq münasibətləri baxımından iddiaçı və cavabdeh arasında əsassız varlanma münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz həmin hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə iddiaçının pulu hesabına əsassız varlandığı üçün iddiaçı qarşısında həmin pulu qaytarmaq öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındadır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Göründüyü kimi, iddiaçı, Cavabdeh bank qarşısında olan öhdəliklərinin icra edilməsi üçün onun əvəzindən 15875 manat ödəmiş, bu fakt işdə olan mötəbər sübutla təsdiq olunur. Həmin məbləği cavabdehdən geri tələb etməkdə iddiaçının hüquqi əsasları vardır. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı tərəfindən heç bir qanuni əsas və ya müqavilə əsası olmadan onun əvəzinə bank qarşısında olan öhdəliklərinin icra edilməsi üçün ödənilmiş 15875 manat pulu qaytarmaq öhdəliyi daşıyır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı tərəfindən onun əvəzinə ödənilmiş 15875 manat pulu qaytarmaq öhdəliyi olması sübuta yetirildiyindən, iddia qismən təmin edilməli, Cavabdeh 15875 (on beş min səkkiz yüz yetmiş beş) manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 15875 (on beş min səkkiz yüz yetmiş beş) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar