Məhkəmə qərarları › İş №2(015)-144/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-144/2025

12.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-144/2025 12.03.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddia ərizəsində adları qeyd edilən qızıl əşyalarının, qızıl əşyaları olmadığı təqdirdə onların dəyəri olan 5860 manat pulun və ödədiyi 78,60 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun həyat yoldaşı Taleh Nağıyevin ögey anasıdır. O, həyat yoldaşı ilə birlikdə bir müddət cavabdehlə birgə yaşamışlar. Bir yerdə yaşayan zaman cavabdeh onun qızıllarını əlindən alaraq banka girov qoymuşdur. O, və həyat yoldaşı dəfələrlə cavabdehdən qızıllarını qaytarmasını tələb etməklərinə baxmayaraq cavabdeh qanunsuz əməllərinə davam etmiş və onun əmlakını qanunsuz olaraq mənimsəmişdir. Bu barədə cavabdehin ona göndərmiş olduğu səs yazıları da mövcuddur. Cavabdeh onun qızıllarını onda olan məlumata əsasən Şamil Namazovun adından TuranBank ASC-nə girov qoymuşdur. Həmin qızıllar iddia ərizəsində qeyd etdiyi 01 ədəd 750 əyyarlı ümumi çəkisi 4,5 qram olan brilyant qaşlı nişan üzüyü, 750 əyyarlı ümumi çəkisi 19,5 qram olan brilyant qaşlı boyunbağı-qolbağı, sırqa və üzük dəsti, 01 ədəd 585 əyyarlı ümumi çəkisi 4 qram olan üzük, 01 ədəd 585 əyyarlı ümumi çəkisi 3,6 qram olan üzükdən ibarətdir. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında İddiaçı nümayəndəsi (atası) Nümayəndə iddia tələbini müdafiə edib göstərdi ki, İddiaçı onun qızıdır. X5 ilə 2019-cu ildə ailə qurmuş, 2023-cü ildə boşanmışdır. Birgə nikahdan bir uşaqları anadan olmuşdur. Uşaq hal-hazırda anasının yanındadır. İddia ərizəsində qeyd edilən qızıllar Svetlana ailə qurduqdan sonra ona hədiyyə verilmişdir. Cavabdeh 2022-ci ildə qızının qızıllarını alaraq TuranBank ASC-nin Ağstafa filialına girov qoyularaq, kredit götürülmüşdür. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahuş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Qeyd olunur ki, qanunvericiliyə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İşdən müəyyən olduğu kimi, iddiaçı ailə quran zaman ona qızıl zinət əşyaları hədiyyə olunmuşdur. Təqdim olunmuş toy şəkilinə və digər fotoşəkillərə istinad edərək iddiaçının nümayəndəsi qeyd etmişdir ki, şəkillərdə qızının üzərində görünən qızıllar ona hədiyyə olunmuş qızıl əşyalarıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, qızılların iddiaçıya hədiyyə edilməsi istisna edilmir. Şəkillərin müxtəlif vaxtlarda və ev şəraitində çəkilməsi ona dəlalət edir ki, qızıllar iddiaçının özünün sərəncamında olmuş və onlardan sərbəst istifadə etmişdir. İddiaçı tərəf bildirir ki, iş üzrə cavabdeh onun qızıllarını Şamil Namazov adlı şəxsin adından "xxxx" ASC-yə girov qoyaraq kredit götürmüşdür. Bundan sonra məhkəmə tərəfindən "xxxx" ASC-nin Ağstafa filialına rəsmi sorğu verilmişdir. Həmin sorğuya cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin Ağstafa filialında Cavabdeh adına qeyd olunan tarixlərdə heç bir kredit rəsmiləşdirilməsi aparılmamışdır. X2 adına isə xx.xx.2022-ci il tarixdə 20000 manat (zaminlik və qızıl təminatı ilə) kredit verilmişdir. Bundan sonra məhkəmə tərəfindən X1 adına xx.xx.2022-ci il tarixdə 20000 manat (zaminlik və qızıl təminatı ilə) kredit verilərəkən, İddiaçı iddia ərizəsində qeyd etdiyi 01 ədəd 750 əyarlı ümumi çəkisi 4,5 qram olan brilyant qaşlı nişan üzüyü, 750 əyarlı ümumi çəkisi 19,5 qram olan brilyant qaşlı boyunbağı-qolbağı, sırqa və üzük dəsti, 01 ədəd 585 əyarlı ümumi çəkisi 4 qram olan üzük, 01 ədəd 585 əyarlı ümumi çəkisi 3,6 qram olan üzüyün xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ilə əlaqədar girov qoyulan qızıllarla eynilik təşkil edib-etməməsi barədə sorğu verilmişdir. "xxxx" ASC-nin Ağstafa filialından sorğuya cavab olaraq bildirilmişdir ki, "xxxx" ASC-nin Ağstafa filialında X2 adına xx.xx.2022-ci il tarixində 20000 manat (zaminlik və qızıl təminatı ilə) kredit verilərkən, təqdim olunan zinət əşyaları ilə iddia ərizəsində qeyd edilən 01 ədəd 750 əyarlı ümumi çəkisi 4,5 qram olan brilyant qaşlı nişan üzüyü, 750 əyarlı ümumi çəkisi 19,5 qram olan brilyant qaşlı boyunbağı-qolbağı, sırqa və üzük dəsti, 01 ədəd 585 əyarlı ümumi çəkisi 4 qram olan üzük, 01 ədəd 585 əyarlı ümumi çəkisi 3,6 qram olan üzüyün eyniləşdirilməsi aparılmış və eynilik aşkar olunmamışdır. Bundan başqa, təqdim olunmuş CD diskdə olan səs yazılarını da məhkəmə nəzərdən keçirərək qeyd edir ki, danışıqların ümumi məzmunundan hazırki mübahisəyə aid olan əşyalardan söhbət getməsi müəyyən olunmur. Bu halda məhkəmə hesab edir ki, CD diskdəki səs yazıları mötəbər sübut hesab edilə bilməz. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki halda iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə uyğun olaraq, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, sadalanan qızıl-zinət əşyalarının cavabdeh tərəfindən iddiaçıdan alınaraq banka girov qoyulması və qarşılığında kredit götürülməsi halı məhkəmə prosesində təsdiqini tapmamışdır. İddiaçı ilk növbədə tələb olunan əmlakın Cavabdeh tərəfindən girov qoyulması və ya həmin əmlakın onda olmasını sübuta yetirməli, daha sonra qanunsuz sahiblikdən tələb etməlidir. Məhkəmədə təsdiq olunmuşdur ki, iddiaçının tələb etdiyi qızıl zinət əşyaları ilə bağlı cavabdeh tərəfindən həmin qızılların özü və ya digər şəxs tərəfindən banka girov qoyularaq kredit götürülməsi halı mövcud deyil. Belə olan halda iddia tələbi əsassız hesab edilməli və təmin oluna bilməz. İş üzrə ödənilmiş 79 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh qarşı qızıl-zinət tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 79 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar