Məhkəmə qərarları › İş №2(015)-145/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-145/2025

19.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-145/2025 19.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun yerinə ödədiyi 5854 manat ona məxsus pulun və 79,40 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, Cavabdeh bankdan 4000 manat kredit götürmüş, o və digər tanımadığı şəxs həmin kredit müqaviləsi üzrə zamin olmuşlar. Cavabdeh bankdan götürdüyü krediti ödəmədiyi üçün bank onları məhkəməyə vermiş və bu barədə məhkəmə qətnaməsi çıxarılmışdır. Bundan sonra 5854 manat kredit məbləğini o, birdəfəyə banka ödəmişdir. Cavabdeh həmin pulu ona qaytarmadığı üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, o, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, İddiaçı ona qarşı olan iddia tələbini qəbul edir. Belə ki, onun banka olan borcunu İddiaçı ödəmişdir. Ona görə də 5854 manat pulun ondan tutulmasına etiraz etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2020-ci il tarixli, 2020/00001EQ-1849 saylı kredit müqaviləsinə əsasən cavabdeh "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətindən 21 ay müddətinə, illik 30 % olmaqla 4000 manat kredit götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı və X2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırdığı üçün "xxxx" BOKT ASC iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2(015)-207/2022 saylı, 30 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə "xxxx" BOKT ASC arasında bağlanmış 03 iyun 2020-ci il tarixli, 2020/00001EQ-1849 saylı kredit müqaviləsi ləğv edilmiş,cavabdehlər Cavabdeh, İddiaçı və X1 müştərək qaydada 4000 manat əsas, 1558,25 manat faiz və 400 manat dəbbə pulu olmaqla, cəmi 5958,25 manat borc və 93 manat məbləğində dövlət rüsumu "xxxx" BOKT ASCnin xeyrinə tutulmuşdur. Bundan sonra İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 5854 manat kredit məbləği tam şəkildə "xxxx" BOKT ASC-nə ödənilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən 5854 manat kredit məbləği cavabdehin əvəzinə "xxxx" BOKT ASCnə ödənilmiş, bundan sonra iddiaçı cavabdehə həmin pulun ödənilməsi barədə xəbərdarlıq etsə də, o borcu ödəməmişdir. Bu hal mübahisəsidir, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbz və cavabdehin ərizəsi ilə həmin hallar öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Göründüyü kimi, reqres öhdəlik odur ki, bu öhdəliyə görə, üçüncü şəxsin əvəzinə müəyyən pul məbləğini ödəmiş kreditor, ödədiyi pul məbləği həcmində üçüncü şəxsə reqres (geriyə tələb) irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Eyni zamanda cavabdeh tərəfindən iddia etiraf edildiyindən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə cavabdehin əvəzinə 5854 manat kredit məbləğinin iddiaçı tərəfindən ödənilməsinin cavabdeh tərəfindən etiraf edilməsi, iddiaçının isə cavabdehin əvəzinə ödədiyi pulun cavabdeh tərəfindən hal-hazıradək qaytarılmadığını bildirərək, iddianın təmin olunmasını bildirməsi qanuna zidd olmadığından və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından tələbin 5854 manat borc hissəsində etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi həmin hissədə təmin olunmasını mümkün sayır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 79 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 5854 manat pul, 79 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 5854 manat pul, 79 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar