Məhkəmə qərarları › İş №2(015)-1519/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1519/2025

18.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1519/2025 18.02.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Ağstafa Rayon Notariat Ofisinə, Maraqlı şəxsnə və "xxxx" MMC-nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa rayon Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə reyestrdə 8İ-6463 nömrəsi ilə qeyd edilmiş icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, o, təxminən bir il əvvəl "xxxx" MMC-dən ümumi dəyəri 1960 manat olan tikinti materialları almış və buna görə də aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin vaxt o, kredit təşkilatının nümayəsindən xahiş etmişdir ki, o, hər ayın 25-28-i əmək haqqı aldığı üçün ödənişi həmin tarixə yazsın. Nümayəndə ona xahişinin mümkün ola bilməyəcəyini, lakin onun ödənişləri həmin tarixdə ödəyə biləcəyini bildirmişdir. O da hər ayın 25-29 tarixlərində ödənişlərini etmişdir. 11 ay ödəniş etdikdən sonra ona İcra və Probasiya şöbəsindən zəng gəlmişdir ki, onu məhkəməyə vermişlər. İcra şöbəsindən ona bildirmişlər ki, onun gec ödədiyi günlərə görə 1200 manat cəriməsi var. Bundan sonra o, məcbur olub məhkəməyə müraciət etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlər Ağstafa Rayon Notariat Ofisinə, Maraqlı şəxsnə və "xxxx" MMC-nə rəsmi məlumat verilməsinə baxmayarq məhkəmə iclasına gəlməmiş, "xxxx" MMC-nin nümayəndəsi Vüqar Əmrahov elektron məhkəmə informasiya sistemi vasitəsilə iddia tələbinə etiraz ərizəsi göndərib bildirmişdir ki, verilmiş iddia əsassızdır və rədd edilməlidir. İddiaçı ilə Cavabdeh2 arasında ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə ödənilməsi şərti ilə xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanılmışdır. Qeyd edilən müqavilə bağlanmamışdan öncə müqavilə şərtləri barədə qanunvericiliyə uyğun olaraq iddiaçıya müvafiq qaydada məlumat verilmişdir. Lakin iddiaçı müqavilə üzrə öhdəliklərini müəyyən edilmiş qaydada, yəni ödəniş cədvəlinə uyğun olaraq yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. İddiaçı müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyinə görə tərəflərindən qanunvericiliklə müəyyən olunmuş qaydada iddiaçıya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş, lakin borc öhdəliyi iddiaçı tərəfindən icra edilməmişdir. Tərəflərindən görülmüş hüquqi tədbirlər çərçivəsində Cavabdeh2 tərəfindən elektron qaydada aidiyyəti üzrə notariat ofisinə müraciət edilmiş və borc öhdəliyinə dair müvafiq təsdiqedici sənədlər "xxxx" MMC tərəfindən təsdiqlənməklə ərizəyə əlavə olunmuşdur. Müraciət əsasında Ağstafa rayon notariat ofisi tərəfindən İddiaçı barəsində gecikdirilmiş vaxt üzrə müvafiq əsas borc, cərimə və dövlət rüsumu məbləği daxil olmaqla hesablanmış cəmi 1189 manat 36 qəpik (min yüz səksən doqquz manat otuz altı qəpik) borcun Cavabdeh2nə ödənilməsi barədə icra qeydi aparılmışdır. İddiaçı Cavabdeh2 qarşısında müqavilə üzrə borc öhdəliyi hazırda 1149 manat 36 qəpik təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60- cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair ” 16 may 2025-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən Qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. Lakin göründüyü kimi, İddiaçı barəsində Ağstafa rayon notariat ofisinin 8İ-6463 nömrəli icra qeydi xx.xx.2025-ci il tarixdə aparıldığı halda onun tərəfindən müəyyən edilmiş 10 günlük müddətdən sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı iddia ərizəsinin əsassız olması səbəbindən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin etiraz ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə "xxxx" MMC arasında ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə ödənilməsi şərti ilə xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Lakin İddiaçı müqavilə üzrə öhdəliklərini müəyyən edilmiş qaydada, yəni ödəniş cədvəlinə uyğun olaraq yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. Sonuncu müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyinə görə "xxxx" MMC tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada iddiaçıya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilmədiyindən icra qeydinin verilməsi üçün Ağstafa rayonu Notariat Ofisinə müraciət edilmiş və borcludan 1006,34 manat əsas, 158,02 manat cərimə və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 1189,36 manat borcun tutulması barədə xx.xx.2025-ci il tarixli icra qeydi verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üzrə iddiaçı "xxxx" MMC-dən ümumi dəyəri 1960 manat olan tikinti materialları almasını və buna görə də aralarında alqı-satqı müqaviləsi bağlanmasını, həmin vaxt kredit təşkilatının nümayəsindən xahiş edərək onun hər ayın 25-28-i əmək haqqı aldığı üçün ödənişi həmin tarixə yazmasını, nümayəndənin isə ona xahişinin mümkün ola bilməyəcəyini, lakin onun ödənişləri həmin tarixdə ödəyə biləcəyini deməsini bildirmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı "xxxx" MMC-dən dəyəri 1968 manat olan mal almış və iş materiallarında olan ödəniş cədvəlinə əsasən 12 ay müddətində hər ayın 12-si 164 manat ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan müqavilənin 7ci maddəsindən görünür ki, alıcı bu müqavilə ilə nəzərdə tutulmuş ödəmə müddətlərinə riayət etməlidir. Alıcının müqavilə üzrə ödənişləri müəyyən olunmuş vaxtda və tam olaraq ödəmədiyi hallar, üzərinə götürdüyü öhdəliyin tam və lazımınca icra olmadığı hallardan hesab olunur və gecikdirmənin hər günü üçün ödəniş cədvəlində göstərilən aylıq ödənişinin ödənilməyən qalıq borcunun 1 %-i məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulunun ümumi məbləği alınan malın ümumi dəyərindən çox ola bilməz. Göründüyü kimi, İddiaçı müqavilə üzrə öhdəliklərini müəyyən edilmiş qaydada, yəni ödəniş cədvəlinə uyğun olaraq yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. Sonuncu müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyinə görə "xxxx" MMC tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada iddiaçıya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilmədiyindən icra qeydinin verilməsi üçün Ağstafa rayonu Notariat Ofisinə müraciət edilmiş və xx.xx.2025-ci il tarixli icra qeydi verilmişdir. Məhkəmə iddia tələbi üzrə tətbiq olunmalı maddi hüquq normalarına aid hissədə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin Qanunun 77-ci maddəsinə icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 161-ci maddəsinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Həmin Təlimatın 162-ci maddəsinə əsasən İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Göründüyü kimi, mübahisələndirilən icra qeydi verilən zaman “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-77 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 161-162-ci maddələrinin tələbləri pozulmamış, barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq əsas öhdəliklər üzrə icra müddətinin bitməsindən üç illik iddia müddəti keçməmiş, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən etdiyi formada bildiriş göndərmişdir. İcra qeydinin ləğvinə dair iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Ağstafa Rayon Notariat Ofisinə, Maraqlı şəxsnə və "xxxx" MMC-nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən və iddiaçı müharibə veteranı olmaqla dövlət rüsumunun ödənilməsindən azad edildiyindən iş üzrə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı cavabdehlər Ağstafa Rayon Notariat Ofisinə, Maraqlı şəxsnə və "xxxx" MMC-nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar